KÖŞƏ

Qvami Məhəbbətoğlu

Terrorçunu kimlər qəhrəman kimi təqdim edirlər?

09 iyul 2018 22:49
4072

Antiazərbaycan qüvvələr hələ də ölkəmizi qarışdırmaq, onun uğurlarına kölgə salmaq niyyətindən əl çəkməyiblər. Belə ki, “sapı özümüzdən olan baltalar” – Əli Kərimli, Orduxan Teymurxan, Emin Milli, Vidadi İsgəndərli, Arif Məmmədov və digərləri bu dəfə sosial şəbəkələrdə iyulun 3-də Gəncədə törədilən cinayət əməli ilə bağlı haray-həşir qoparıblar. Hətta erməni xislətli “soydaşlarımız” hadisəni törədən şəxsi “qəhrəman” kimi dəyərləndiriblər və sevincək şəkildə statuslar paylaşıblar.

Halbuki əldə olunan faktlar başqa mətləblərdən xəbər verir: cinayətlə bağlı Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumatda bildirilir ki, fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan, İranda və Suriyada xüsusi təlim keçmiş Yunis Səfərovun Azərbaycanın ikinci ən böyük şəhərinin - Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törətdiyi həmin cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktı olub. Onun belə bir terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etməkdən ibarət olub. Özü də o, bu “hərəkat”da tək olmayıb. Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu isə o deməkdir ki, antiazərbaycan dairələr tərəfindən həmin ssenari əvvəlcədən yazılıb.

İstər xaricdəki, istərsə də daxildəki antiazərbaycan dairələrin belə bir şəxsdən "qəhrəman” obrazı yaratmaq sevdasına düşmələrini isə heç cür başa düşmək olmur. Onlar hələ də anlamaq istəmirlər ki, dövlət təmsilçisinə qarşı silah işlədilməsi heç bir halda qəhrəmanlıq sayıla bilməz.

Digər tərəfdən, bu kimi addımlar dövlətimiz üçün böyük təhdiddir. Elə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir vaxtda açılan atəş dövlətçiliyimizə qəsddən başqa bir şey deyil. Amma “erməni dəyirmanına su tökənlər”in, Azərbaycanın maraqlarını qorumağı özlərinə sığışdırmayanların dediklərindən başadüşülən yalnız odur ki, bu antimilli ünsürlər öz xeyirləri, maraqları naminə Vətənlərini də yadların ayağına verməyə, satmağa  hazırdırlar. Bütün bunlardan isə belə bir qənaətə gəlmək mümkündür ki, bu kimi ünsürlərlə Azərbaycan xalqını heç bir bağlar bağlamır və onların əsas məqsədləri bacardıqca ölkəmizin imicinə zərbələr vurmaq, Yunis Səfərovdan qəhrəman düzəltməklə xalqı ayağa qaldırmaq, əvəzində himayəsində olduqları xarici qurumlardan daha çox qrant toplamaqdır. Elə onların bu istəkləri sosial şəbəkələrdə yayılan materiallardan da aydın görünür.

Bu hadisə bir daha sübut edir ki, gənc müstəqil Azərbaycan dövlətinin bədxahları, üstəlik, onlara dəstək verənlər hələ də çoxdur, özləri də daim marıqdadırlar. Buna rəğmən, qanunlarımızın kəsəri, xalq-iqtidar birliyi onların hər birini yerində oturtmağa qadirdir. Bir sözlə, bu gün ölkəmizdə sabitlik elə möhkəm əsaslara söykənib ki, onu heç bir antiazərbaycan qüvvə sarsıda bilməz.

Qvami Məhəbbətoğlu,

"İki sahil"