12 oktyabr 2020 18:06
1066

Erməni cəlladları 24 saat belə gözləyə bilmədi

Bəlli olduğu kimi, oktyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə qısamüddətli humanitar atəşkəs elan edildi. Atəşkəsin məqsədi Qarabağın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə ölən və yaralanan əsgərlərin dəyişdirilməsi idi. Razılaşmaya görə hər iki tərəf silahla davranmamalı, öhdəliyə əməl etməli idi.

Lakin təsüflə qeyd etməliyik ki, Azərbaycan tərəfi buna əməl etsə də,  terrorçu Ermənistan hakimiyyəti və faşist N. Paşinyan bu razılaşmaya əməl etməyərək öz cəlladlığını Moskva görüşündən heç 24 saat keçməmiş dünyaya bir daha nümayiş etdirdi. Yağı düşmən gecə vaxtı xaincəsinə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket zərbəsi ilə vurdu. Yerlə bir olan çoxmənzilli binanın qalıqları altından xilasedicilər 4-ü qadın olmaqla, 10 mülkü vətəndaşın cəsədini çıxardı. Aralarında uşaqlar da olmaqla 34 nəfər isə ağır yara aldı. Sözsüz ki, bu əclaflıq müharibə başlanan gündən (27 sentyabr) erməni vandallığının ilk nümunəsi deyildi, heç son da olmadı. Kökləri kəsilməyənə kimi olmayacaq da! O gün və ondan sonra qorxaq düşmənlər cəbhə boyunca yerləşən bir neçə rayon və kəndi də atəşə tutdu, bomba atdı, Mingəçeviri belə vurmaq istədi.

Ümumilikdə sentyabrın 27-dən indiyədək ermənilərin təxribatı nəticəsində 41 dinc əhali həlak olub, 200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın dinc əhalini atəşə tutması beynəlxalq hüququn bütün normalarına tam ziddir və təxribat xarakteri daşıyır. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Dağlıq Qarabağda döyüşlər aparır və bizim bir şərtimiz var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın.

Təbii ki, burada düşmənin əsas məqsədi ondan ibarətdir ki, əhali arasında təşviş yaransın və insanlar bu rayonları tərk etsinlər. Digər məqsədi də ondan ibarətdir ki, beynəlxalq qurumların diqqətini regiona cəlb etsin. Yəni, Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnaqarası uğurlara nail olsunlar.

Məlumdur ki, bir neçə gündür gedən döyüşlər göstərdi ki, Ermənistan bu gün artıq çökmüş vəziyyətdədir. Çoxlu texnika itirilib, əsgər və zabitləri qətlə yetirilib. Bunlar deməyə bir daha əsas verir ki, bütün gücü, imkanları tükənən ermənilər Qarabağda son günlərini yaşayırlar. Çox yaxşı anlayırlar ki, törətdikləri bütün təxribatlara baxmayaraq, Azərbaycan əsgəri bu dəfə torpaqlarını işğaldan azad edənə qədər dayanmayacaq.

Taleh Bağırov, “İki sahil”