13 oktyabr 2020 18:03
1066

Erməni vandalizmi cavabsız qalmır

Azərbaycan Ordusu cəbhədə bir-birinin ardınca davamlı uğurlar əldə edir, düşmənlə təmas xəttində döyüş şücaəti, savaş əzmini göstərir,  Böyük Qələbə salnaməsinin şanlı səhifələrini yazır

“Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Bu  fikirləri oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib. 

Bəli, biz bu gün övlət başçısının Hadrut qəsəbəsi və digər strateji önəmli 8 kəndin azad edilməsi ilə bağlı xalqa müraciətində vurğuladığı kimi, biz “məsələnin hərbi yolu yoxdur” tezisini qəbul etməmişik. Mövqeyimizi hərb meydanında göstərərək sübut etmişik ki, 30 ilə yaxın danışıqlarda iştirakımız bizim gücsüzlüyümüz deyildi, dünya sülhünə, bəşəri humanizmə, birgəyaşayışa, xoş baxışımız və tolerantlığımız idi. Bir halda ki bu nəcib davranış düzgün anlaşılmadı və əksinə, “Qarabağ Ermənistandır nöqtə” kimi sərsəm bəyanatlar səsləndirdi, Tovuza hücum etdi, Goranboya diversiya qrupu göndərdi, bunlar azmış kimi, hələ bir sentyabrın 27-də növbəti dəfə məkrli təxribat törətdi, ona görə də bu gün hərb meydanın bütün bunlar yaşanır. Günahkar isə  Ermənistan tərəfi və onun  hərbi-siyasi rəhbərliyidir.

Uzun illərdir ki, dünyanın ikili standartlardan əl çəkə bilməyən bütün qüvvələri Ermənistana himayədarlıq edirdilər. Təcavüzkar dövlətin rəhbərliyi işğala əsaslanan mövcud staus-kvonu saxlamaq üçün min bir oyundan çıxırdılar. Bu oyunların nəticəsi idi ki, Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu da status-kvonun saxlanılmasının qeyri – mümkünlüyünü etiraf edirdilər. Amma özlərində cürət tapıb bu barədə qəti mövqelərini bildirmirdilər. Sonda isə otuz illik problemi Prezident İlham Əliyev qısa müddətdə həll etdi. Otuz il ərzində qurulmuş və daim möhkəmləndirilmiş bu status-kvo sistemi Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində dağıldı, Azərbaycan işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvo dəyişdi, eləcə də hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev qəti və hücum diplomatiyasına əsaslanan gedişlərlə regionun geosiyasi mənzərəsini də dəyişir. Azərbaycanın apardığı mükəmməl siyasi diplomatik fəaliyyət nəticəsində artıq Ermənistan həmin “qayğı”lardan məhrum olub. Dövlət başçımız çıxışlarının birində demişdir ki, Ermənistanın başı üstündəki çətir artıq deşilmişdir. Biz bu gün həmin faktın şahidinə çevrilirik. Prezident ilham Əliyev oktyabrın 9-da xalqa müraciət edərkən işğalçı ölkənin mövcud vəziyyətini dilə gətirdi: “Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız”.

Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq. Bu müharibə cənab Prezidentimizin vurğuladığı kimi, haqq mübarizəsi, haqq davasıdır. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur, işğalçıya layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır. Düşmən artıq diz çökmək ərəfəsindədir. Erməni əsgər və zabitləri döyüş meydanını qoyub qaçırlar. İş o yerə çatıb ki, əllərindəki hərbi texnikanı da meydanda sahibsiz buraxıb gedirlər. Çünki artıq onların erməni ordusu haqqında formalaşdırdıqları mif Azərbaycan əsgərinin ayaqları altında yerlə-yeksan edilmişdir.

Hərbi meydanda məğlubiyyətini dərk edən Ermənistanın baş naziri isə sanki öz xalqına, öz vətəndaşlarına qənim kəsilib. O, bilə-bilə ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür, ən müasir silahlarla silahlanıb və Vətənin hər qarış torpağından ötrü canınan keçməyə hazırdır, yenə də öz vətəndaşlarını, əli silah tuta bilməyən gəncləri ölümə göndərir. Görünən odur ki, artıq Paşinyan bu il əsgərlikdən tərxis olunmuş gəncləri də yenidən orduya çağırır və deyir ki, özünüzlə hərbi geyiminizi də gətirin. Çünki adi geyim belə çatışmır, o ki qala, müasir silah, ərzaq ola. Belə bir biabırçı vəziyyətdə olan Ermənistan utanmadan öz ənənəsinə sadiq qalaraq terrora əl atdı, cəbhədən  yüz kilometr aralıda yerləşən şəhər və kəndlərimizi raket, artilleriya atəşinə tutdu, əhali arasında panika yaratmaq istədi. Artıq ordumuz qarşısında aciz qalan Ermənistanın baş naziri mülki əhalini hədəfə alıb. Bir tərəfdən, sülh danışıqlarına yalvaran, digər tərəfdən mülki şəxsləri hədəfə alan, onlara qarşı terror aktları törədən Paşinyanın nasist babasının yolunu davam etdirdiyinə heç bir şübhə yoxdur. Məqsədi də başqa ölkələri bu müharibəyə cəlb etmək, vəziyyətdən birtəhər can qurtarmaqdır. Onlar mülki şəxsləri atəşə tutur ki, döyüşən ordunun arxasındakı xalq qaçsın. Amma bu gün bizim xalqımız, ölkəmiz, dövlətimiz, Prezidentimiz və ordumuz birləşib. Yəni, Ermənistanın bu cəhdi də baş tutmur. Azərbaycan xalqının mətinliyi, mütəşəkkiliyi, öz Prezidenti ətrafında sıx birliyi onların naqis və xain arzularını gerçəkləşdirmədi. Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu, eyni zamanda, Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Son iki həftə ərzində döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir. Ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat amili dayanır. Silahlı qüvvələrimizin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması yönündə indiyədək atılan önəmli addımların nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bax, elə bu güc-qüvvə ilə düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir.

Düşmən tərəfi bunu da unutmasın ki, Azərbaycan xalqı artıq onlara öz yerlərini göstərib. Bütün cəbhə boyu döyüşlərdə Azərbaycan Ordusu bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və təcavüzkar Ermənistanı sülhə məcbur edir. Artıq dünyada heç bir ölkə qüdrətli və qalib Prezidentimizin iradəsinə təsir edə bilməz. Biz haqq yolundayıq və qalib gələcəyik. Azərbaycan xalqı öz müdrik Ali Baş Komandanının əzəli torpaqlarımızı geri qaytaracağına və ölkəmizin ərazi bütövlüyünü tam bərpa edəcəyinə inanır. Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək və üçrəngli bayrağımız işğal edilmiş bütün torpaqlarımızda dalğalandırılacaq, o zaman da şəhidlərimizin qisası alınacaq, qanı yerdə qalmayacaq, onları ruhu rahatlıq  tapacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”