Ermənistan hərbi birləşmələrinin təxribatına cavab olaraq ordumuzun 27 sentyabrdan başlanan uğurlu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin, Murovdağ zirvəsinin, onlarla kəndlərin, strateji yüksəkliklərin, Suqovuşan su anbarının azad edilməsi düşməni geri çəkilməyə məcbur edib. Lakin düşmən bu məğlubiyyətlərlə barışmayaraq istənilən yola əl atır. Düşmən üzərində ordumuzun əldə etdiyi üstünlüklər onları digər dövlət başçılarından yardım və atəşkəsin olması üçün Azərbaycana təzyiq göstərmələrini istəməyə məcbur etdi. Moskvada humanitar atəşkəsin əldə olunması Ermənistan tərəfinin bir daha öz məkrli planlarından əl çəkmələri, ordularının işğal altında olan torpaqlarımızdan geri çəkilməsi üçün son şans idi. Lakin yağı düşmən öz xislətindən əl çəkmək niyyətində deyildi
Artıq 20 günə yaxın davam edən döyüş müddətində düşmən Azərbaycan Ordusundan fərqli olaraq ancaq mülki insanları hədəf alıb. Xüsusilə döyüş bölgəsindən kənarda yerləşən bölgələrimizə raketlərlə edilən bu atəşlər, həmçinin humanitar atəşkəs müddətində Ermənistan tərəfi yenidən öz faşistliyini göstərərək Gəncəni raket atəşinə tutmuş və mülki insanların ölümünə və yaralanmasına səbəb olmuşdur. Bütün bunlar Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını, işğalçılıq siyasətini hələ də davam etdirmək istədiyinin bariz nümunəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları həyata keçirməsi xalqımız üçün həqiqət anıdır. Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edilib. Ordumuz döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə layiqli dərs verib. Məhz indi Ali Baş Komandanımızın, ordumuzun qətiyyəti sayəsində xalqımız işğal altındakı yaşayış məntəqələrimizin geri qaytarılması xəbərlərinin sevincini yaşayır. Ordumuz tərəfindən düşmənin çox sayda hərbi texnikaları, canlı qüvvəsi məhv edilib.
Son günlərdə Azərbaycan xalqı cəbhədən xoş soraqlar alır və üç onillik ərzində işğal altında qalan torpaqlarımızın geri qaytarılmasının sevincini yaşayır. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb ki, Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Düşmənlə ön cəbhədə ordumuzun apardığı müharibə ilə yanaşı, Azərbaycan xalqı informasiya müharibəsində də uğurlu şəkildə iştirak edir və bütün həqiqətlərin düzgün şəkildə ictimaiyyətin diqqətinə çatdırılması üçün çalışır. Tez bir zamanda haqq-ədalətin bərqərar olması üçün qardaş Türkiyənin də münaqişənin həllində yer alması vacibdir. Cənab Prezident İlham Əliyev xarici ölkələrdən gələn təzyiqlərə baxmayaraq, öz uğurlu mövqeyini qəti şəkildə saxlayır və düşmən torpaqlarımızı tərk edənə qədər bu mövqe dəyişməz qalacaqdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yüksək siyasi qətiyyət göstərməsi, Ordumuzun döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi Azərbaycan cəmiyyətinin həmrəyliyini gücləndirib. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Prezident, Ali Baş Komandan İlham Əliyevin ünvanına çoxsaylı məktublar göndərərək Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyət göstərdiyinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.
Bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdıran, əsl həqiqətləri faktlarla sübut edən Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bu gün artıq xeyli Vətən torpağımız yağı düşməndən azad edilib. Bu istiqamətdə uğurlu işlər həyata keçirilir, addım-addım hər qarış torpağımız geri qaytarılır. Şübhə yoxdur ki, Azərbaycan işğaldan azad olunmuş bütün əraziləri - Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini, Suqovuşanı, Xocavəndi və digər yaşayış məntəqələrimizi tam bərpa edəcək və bütün qaçqın, məcburi köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar.
Orxan Vahidoğlu, “İki sahil”