19 oktyabr 2020 18:24
1909

Azərbaycan Silahlı Qüvvələri zəfər yolunda qətiyyətlə irəliləyir

Bu gün Azərbaycan bütün dünyaya  güclü ordusunun olmasını nümayiş etdirir. Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad edir. Azərbaycan Ordusu döyüş məharəti, əzmi, cəsarəti və qorxmazlığı ilə tarixin ən şərəfli səhifələrini yazır. Sentyabrın 27-dən başlayan döyüşlər nəticəsində artıq şanlı ordumuz tərəfindən Cəbrayıl, Füzuli şəhərləri, Hadrut qəsəbəsi də daxil olmaqla onlarla kəndimiz, strateji yüksəkliklər işğaldan azad olunub. 

Son 30 ilin mənzərəsinə nəzər salsaq görərik ki, insan itkisinə yol verməmək üçün danışıqlara getmək, konstruktiv mövqeyi qorumaq, müharibədən uzaq durmaq, sülh prinsiplərinə riayət etmək, humanizm, tolerantlıq göstərmək Azərbaycan dövlətinin və Prezidentin birmənalı siyasi xətti olub. Uzun illər idi ki, biz yamanlığa yaxşılıqla cavab verirdik. Amma son illərin qanlı hadisələri  bir daha göstərdi ki, Ermənistan yaxşılıq qanan deyil. Üstəlik, Ermənistanın yeni rəhbərliyinin təhdidləri, Qarabağa davamlı səfərləri, beynəlxalq tədbirlərdə məsuliyyətsiz bəyanatları, yeni torpaq iddiaları, ən nəhayət, Tovuz hadisələri və xalqın erməni haqsızlığına qarşı birliyi müharibəni qaçılmaz etdi. Ermənistan rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqının səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq.  

Bu gün isə artıq işğalçı ölkənin baş naziri N.Paşinyanın reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb. “Qarabağ Ermənistandır və nöqtə”, “Şuşada yallı getmək”, “şərtlər irəli sürmək”, “Şuşada qondarma rejimin başçısına “andiçmə” mərasimi keçirmək” və s. Paşinyanın cılız təfəkkürünün, aciz durumunun məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir. Düşmənə sarsıdıcı zərbələr vuraraq onun xeyli sayda canlı qüvvə və texnikasını məhv edən müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacağına dair verdiyi sözü yerinə yetirir. Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Azərbaycan Ordusunun işğalçı ölkəni ciddi məğlubiyyətə uğratması və torpaqların bir qisminin işğaldan azad etməsi Ermənistan hakimiyyətində ciddi təşviş yaradıb. Gözlənilməz durumla üzləşən Ermənistan hakimiyyəti nə edəcəyini belə bilmir, ərki çatan-çatmayan hər kəsdən kömək “dilənir”. Elə bir dövlət, təşkilat qalmayıb ki, “qapısını həyasızcasına döyməsinlər”. Paşinyanın səsinin eşidilmədiyini görən bu ölkənin keçmiş prezidentləri də artıq yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar. Belə ağır vəziyyətdə Paşinyanın məğlubiyyətini etiraf edib danışıqlar prosesinə qatılmaqdan başqa seçimi yoxdur. Azərbaycan Prezidentinin danışıqların bərpası üçün irəli sürdüyü şərtlər də artıq hər kəsə məlumdur. Ermənistan baş nazirinin siyasi iradə göstərib bu şərtləri qəbul edəcəyi təqdirdə Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında davam etdirəcək.

Dalana dirənən Paşinyan çarəsiz şəkildə dünya ermənilərinə müraciət edərək onlara döyüşlərdə iştirak etmək üçün çağırış etdi. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə artıq Ermənistanda valideynlərin hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının döyüşlərə getməsinə etiraz etdikləri bildirilir. Valideynlər müxtəlif yollarla övladlarının döyüşlərdən yayındırmağa çalışırlar. Döyüş meydanında mövqeləri atıb qaçan erməni əsgərləri ölmək istəmədiklərini, hərbi təchizatın olmadığını deyirlər. Bunun ardınca son bir il ərzində ordudan tərxis olunmuşlar da hərbi komissarlıqlara çağırıldılar. Proseslərın davamlı hal alması düşmən düşərgədəki vəziyyətin acınacaqlı olduğunu açıq-aşkar göstərir. Aralarında ahılların da olduğu birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə məcburi şəkildə cəlb olundu. Qüdrətli Ordumuza qarşı bu cür yaşlı döyüşçülərin vuruşaraq hansısa uğur qazanmaq şansı sıfıra bərabərdir. Bundan əlavə, düşmən ordusunun düşərgəsindən yayılan videogörüntülərdən də aydın şəkildə müşahidə olunur ki, erməni əsgərləri böyük sarsıntı içindədirlər və məcburi şəkildə döyüşürlər.

Artıq ordumuzla mübarizə meydanında açıq-aşkar məğlub olduğunu görən Ermənistanın siyasi-hərbi rəhbərliyi çıxış yolunu dinc sakinlərimizi, yaşayış məntəqələrimizi daha intensiv şəkildə atəş altında saxlamaqda görür. Müxtəlif bölgələrimizi atəşə tutaraq bir daha beynəlxalq razılaşmaların onlar üçün heç bir önəm daşımadığını göstərir. Bununla da Azərbaycan Prezidentinin Ermənistana verdiyi şansı dəyərləndirmək iqtidarında olmamasını bir daha sübut etmiş olur. Məlum Moskva razılaşmasında Paşinyan rejimi danışıqların baza prinsiplərinə sadiq qalacağını bildirdi və danışıqların əvvəlki formatının dəyişməyəcəyi ilə razılaşmalı oldu. Lakin bundan az sonra “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ Respublikası danışıqlarda üçüncü tərəf olaraq iştirak etməlidir” deyən, işğalçı ölkə humanitar atəşkəs prinsipini yenidən pozdu. Bu, bir daha Paşinyan rejiminin mahiyyətini, riyakar siyasət yürütdüyünü, konstruktiv mövqeyə maraqlı olmadığını, işğalçılıq siyasətinə sadiq qaldığını göstərir. Ermənistanın həm hücum edən, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq edən ölkələrin məqsədi münaqişəni dayandırmaq deyil. Əgər belə olsaydı, Azərbaycanın yaşayış yerlərinə ballistik raketlərlə hücumlar edən Ermənistana təzyiq edərdilər. İşğal altındakı Azərbaycan torpaqlarındakı zülmləri, qətliamları otuz ildir görməzliyə vuranların bu gün ədalətdən danışmaları nə qədər gülüncdür, haqsızdır və qeyri-səmimidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması hər birimizdə hiddət və qəzəb doğurub. Bu məsələ ilə bağlı dövlətimizin başçısının mövqeyi qətiyyətli və birmənalıdır. Prezident İlham Əliyev bu barədə Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində  bildirib ki, bu, erməni faşizminin növbəti təzahürüdür: “Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik”.

Yaqut Ağaşahqızı, “İki sahil”