Haqq mübarizəsində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı tarixi qələbəni reallaşdırır. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edir. Bu qələbə, eyni zamanda, Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar qətiyyətli mövqeyi ilə Azərbaycanın sözünü imzası qədər əhəmiyyətli edən Prezidenti və müzəffər ordusu ilə fəxr edir. Dövlətimizin başçısı İlham Əliyevə hər gün üvanlanan minlərlə təşəkkür və minnətdarlıq məktublarında gələcəyə, torpaqlarımızın tamamilə işğaldan azad olacağına böyük inam hissi yer alır.
Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğusunun nəticələri də bir çox məqamlara aydınlıq gətirdi. Sosioloji sorğu çərçivəsində Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları əhatə olunmaqla ümumilikdə 2758 respondentin rəyi öyrənilib. Respondentlərin mütləq əksəriyyəti- 94,4 faiz dövlətimizin və 94,8 faiz Azərbaycan xalqının müharibəyə tam hazır olduğu fikrini bölüşüb. Azərbaycan Ordusunun gücü rəyi öyrənilənlərin 98 faizi tərəfindən yüksək qiymətləndirilib. Ölkə Prezidentinin Dağlıq Qarabağ problemini hərbi yolla həll edəcəyinə inamını bəyan edən respondentlər ümumi rəyi öyrənilənlərin 93,1 faizini təşkil edib. Sorğu çərçivəsində əldə edilmiş ictimai rəyin təhlilinə əsaslanaraq Azərbaycanın birinci Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas faktorlar ilk olaraq xalq-Prezident birliyi, Azərbaycan dövlətinin güclü ordu quruculuğu təşəbbüsləri, Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasətidir.
Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təşəkkür məktublarında da yer alan “Sizin Ermənistana axırıncı şans veririk, axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb sözləriniz hər kəsi daha da qürurlandırdı” kimi fikirlər ölkə Prezidentinin dövlət maraqlarını hər şeydən üstün tutmasının vətəndaşlarda necə böyük ruh yüksəkliyi yaratdığını nümayiş etdirir. Cəbhə bölgələrindən çəkilən kadrlardan da göründüyü kimi, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, yaşayış məntəqələrini hədəfə almasının yaratdığı stresə, çaşqınlığa baxmayaraq, sakinlərin heç biri həmin əraziləri tərk etmir, dövlətimizin başçısı İlham Əliyevə və güclü, qüdrətli ordumuza güvəndiklərini bildirirlər. Prezident-xalq birliyi bu gün də əldə olunan uğurların əsasında dayanır.
Qazanılan qələbəni tarixi qələbə adlandıran ölkə Prezidenti bildirir: “Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları axıra qədər.”
Azərbaycan hərb meydanında uğurlarını diplomatik müstəvidə də davam etdirərək işğal altında olan bütün torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində ciddi iradə nümayiş etdirir. Azərbaycan Ordusunun döyüş meydanında qələbələri həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə göstərdi ki, “münaqişənin hərbi həlli yoxdur” anlayışı yanlışdır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü ordusu vardır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətini bu nidalarla tamamlamışdır: “Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki paylaşımda “Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!” fikirlərinin davamı olaraq bu paylaşımı da etmişdir ki, hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”
Bütün bu qeyd etdiklərimiz fonunda belə bir əminliyi də böyük inamla bildiririk ki, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün çox uzaqda deyil.
Röya Rasimqızı, “İki sahil”