19 oktyabr 2020 18:57
928

Paşinyan artıq uşaqları da silahlandırıb döyüşə göndərir

Ermənistanın baş naziri Nikol Paşinyanın əsgər və zabit çatışmazlığına görə  50-60 yaşlı adamları Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüşə göndərdiyini bilirik. Bu günlərdə çıxış edən baş nazir gənc qızları və qadınları işğal zonasına döyüşə getməyə çağırıb. Çarəsiz qalan qəddar Ermənistan hakimiyyəti öz xalqının genefondunu məhv etməyə hesablanmış daha bir cinayətkar addım da atmağa hazırlaşır. Orada 15-17 yaşlarında yeniyetmələr müharibəyə göndərilmək üçün döyüş hazırlığına cəlb olunublar. Bu hərbi cinayətdən artıq dünyanın iri beynəlxalq təşkilatları da xəbər tutublar.

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəliyi müxtəlif  telekanallarda yetkinlik yaşına çatmayan erməni uşaqlarının hərbi təlimlərə cəlb edilməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Nümayəndəliyin İctimaiyyətlə əlaqələr üzrə rəsmisi Cuho Hyun  bildirib ki, UNICEF videonun məzmununu yoxlamaq imkanına malik deyil. Hyun əlavə edib ki, uşaqların istənilən formada münaqişəyə cəlb olunması onların hüquqlarının kobud şəkildə pozulması deməkdir: “Biz bütün tərəfləri mülki şəxsləri, mülki infrastrukturu beynəlxalq və humanitar qaydalara uyğun olaraq qorumağa çağırırıq. Ermənistan və Azərbaycandakı UNICEF nümayəndələri zərərçəkən uşaqlara humanitar yardım göstərmək üçün yerli tərəfdaşlarla işləyir”.

Qeyd edək ki, müxtəlif “Telegram” kanallarında yayılan videolardan Ermənistan hökumətinin Dağlıq Qarabağda döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra uşaqları döyüşlərə cəlb etməyə başladığı aydın olur. Videolardan görünür ki, dərs saatlarında onlara kamuflyaj formalı hərbçilərin nəzarəti altında döyüş hazırlığı təlimləri keçirilir.

Xatırladaq ki, bu, İrəvanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı birinci fakt deyil. Bu cür hadisələr 1990-cı illərdə davam etmiş birinci Qarabağ müharibəsi zamanı da qeydə alınıb. Xarici xüsusi xidmət orqanlarının məlumatına görə, Dağlıq Qarabağın yüksək dağlıq rayonlarında və Ermənistanda erməni terrorçularının bir neçə uşaq düşərgəsi yaradılıb. Burada yeniyetmələr döyüşlərdə iştirak etmək məqsədilə psixoloji “beyin yuma” prosesindən keçirilir. Düşərgələrdə  hərbi hazırlıqla bərabər, türklərə və Azərbaycan türklərinə nifrət hissi təbliğ olunur. Erməni psixoloqları  məşğələlərdə gənc nəsli silahla davranmaqla və onları zombiləşdirməklə ciddi məşğul olurlar.

Qeyd etmək lazımdır ki, uşaqların silahlı qüvvələr və digər silahlı dəstələr sırasında xidmət etməsi üçün cəlb olunması beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur. Ancaq otuz ildir ki, təcavüzkar Ermənistan qanunlara, beynəlxalq hüquq və konvensiyalara heç bir əhəmiyyət verməyərək öz iddialarını həyata keçirməyə çalışır. Faşizm yolunu seçən Nikol Paşinyan və onun cinayətkar komandası xatırlamalıdır ki, uşaqları labüd ölümə göndərən Hitlerin sonu özünü intiharla qurtardı. Belə sonluq Paşinyanı da gözləyir. Bunu özü etməsə də, övladları nahaq yerə həlak olan ermənilər edəcəklər.

Vəli İlyasov, “İki sahil”