22 oktyabr 2020 17:27
768

Ordumuzun zərbələri Ermənistanın müqavimətini tam sıradan çıxarıb

Sentyabrın 27-dən etibarən davam edən müharibə zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi texnikasına, Qarabağda 30 ilə yaxın müddətdə yaratdığı hərbi infrastrukturuna və təchizatına ciddi zərbələr vurulur. Azərbaycan Ordusunun zərbələri Ermənistanın müqavimətini tam sıradan çıxarıb. Nəticədə uzun illər işğal altında olan çoxlu sayda yaşayış məntəqələri düşməndən azad edilib. İşğalçı Ermənistan isə öz riyakar xislətindən əl çəkməyərək mülki şəxslərə qarşı təxribat törədir, Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutur. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilir.

Ermənistandan fərqli olaraq Azərbaycan mülki əhaliyə qarşı müharibə aparmır. Bütün bunlara baxmayaraq cəbhə bölgələrində yaşayan əhalimiz qətiyyət və əzm nümayiş etdirir. 

Torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının tələbidir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının iradəsindən kənar həlli mövcud deyil. Bu, Vətən müharibəsidir və sözsüz ki, Azərbaycan xalqı bu günlərdə ona dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq. Azərbaycan Türkiyə və Pakistanın dəstəyini yüksək qiymətləndirir. Bu gün Azərbaycanda ümummilli həmrəylik hökm sürür. Bizim işimiz haqq işidir. Ona görə də bütün qüvvələrimiz Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasına yönəldilib.

Ermənistan rəhbərliyi müharibədəki itkiləri ilə bağlı reallığı öz xalqından gizlədir. İşğalçı ölkənin baş naziri, hərbi cani Nikol Paşinyan yalanları ilə xalqını aldadır və qorxu içində saxlayır. Ermənistanın təqdim etdiyi faktlar yalandır və qısa zamanda ifşa olunur. Düşmən tərəfindən hərbi əməliyyatlara cəlb olunan xarici muzdlular avtomatik olaraq Azərbaycan Ordusunun legitim hədəfinə çevrilirlər. Həmçinin işğalçı Ermənistan xarici jurnalistləri canlı hədəfə çevirir. Münaqişə zonasına gətirilən və canlı hədəfə götürülən xarici jurnalistlərin təhlükəsizliyinə görə məsuliyyəti bilavasitə Ermənistan hakimiyyəti daşıyır.

İşğalçı Ermənistanın rəhbərliyi 10 oktyabr və 18 oktyabr tarixli humanitar atəşkəs razılaşmalarına ilk saniyədən əməl etməməklə bir daha sübut etdi ki, bu dövlət danışıqlarla əraziləri qaytarmaq kimi sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaqdadır. Ermənistan rəhbərliyi həm 10 oktyabr atəşkəs razılaşmasına qədərki dövrlərdə, həm də ondan sonrakı günlərdə mahiyyətli danışıqlarda maraqlı olmadığına heç bir şübhə yeri qoymayıb. Hətta öz hərbçilərinin meyitlərinin döyüş meydanından yığışdırılmasında maraqlı olmaması qəti təsdiqləyir ki, Ermənistanın başçıları üçün nə beynəlxalq siyasi, nə də beynəlxalq humanitar hüquq normaları var.

Cavid Əkbərov, “İki sahil”