28 oktyabr 2020 17:31
1008

Dünyanın heyranlıqla izlədiyi Azərbaycan Ordusu

Ordumuz işğalçıya sübut etdi ki, artıq onlar üçün cəzasızlıq mühiti bitib və Azərbaycanın şərtləri ilə razılaşmağa məhkumdurlar

Prezident İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclənərək nəinki regionun, hətta dünyanın sayılıb- seçilən ölkəsinə çevrilmiş Azərbaycan hazırda işğalçı Ermənistana Qarabağdakı sərt döyüşlərdə iradəsini və hökmünü göstərir. Bu gün Ermənistan müzəffər ordumuz qarşısında aciz duruma düşüb və təslim olmaq ərəfəsindədir.

Oktyabrın 27-də  torpaqlarımızın işğaldan azad edilməsi üçün başladığımız sürətli əməliyyatların bir ayı tamam oldu. Dünyanın da heyranlıqla izlədiyi  Azərbaycan Ordusunun taktiki hücumları savaş tarixinə bir ilk, bir möcüzə kimi yazılır. Heç dətəsadüfi deyildir ki, 30 ildir işğalçı Ermənistanın sərt relyefə malik olan Qarabağda qurduğu müdafiə istehkamları ordumuz tərəfindən qısa müddətdə darmadağın edildi. Nəticədə bir ay ərzində işğal altındakı 4 şəhər, 4 qəsəbə, 178 kənd, bir çox strateji yüksəkliklər azad edildi.

Bu qələbələrimizin geosiyasi uğuru da çox əhəmiyyətlidir. Belə ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 27 ildir Ermənistan ordusunun işğal etdikləri Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxmalarına dair qəbul etdiyi  dörd qətnamənin icrasını 27 ildən sonra məhz Azərbaycan Ordusu həyata keçirir. Beləliklə, Füzuli, Cəbrayıl və Qubadlının əksər hissəsinin azad edilməsi ilə 874 saylı qətnamə, Zəngilanın işğaldan azad edilməsi ilə 884 saylı qətnamə aktuallığını itirib. Prezident İlham Əliyev 26 oktyabrdakı xalqa müraciətində bildirdi ki, artıq Kəlbəcər rayonunun bir hissəsi işğaldan azad edilib. Bu proses başa çatdıqdan sonra 822 saylı qətnamənin də  icrası təmin olunmuş sayılır. Müdafiə Nazirliyi oktyabrın 26-da səhər açıqladı ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Artıq bu, o deməkdir ki, 853 saylı qətnaməni də Azərbaycan Ordusu icra etməkdədir. Təbii ki, əgər Ermənistan xoşluqla və tezliklə yerdə qalan torpaqlarımızdan çıxmasa, digər qətnamələri də Azərbaycan Ordusu reallaşdırmağa başlayacaq.

Məhz  Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırmaqla kifayətlənmir, həm də onu döyüş meydanlarında real şəkildə xalqımıza qaytarır. Eyni zamanda, son bir ay ərzində status-kvo bizim xeyrimizə dəyişmişdir və təmas xəttini ordumuz təyin etməkdədir. Qarabağda referendum oyunlarına birdəfəlik son qoyulmuşdur.  Məhz cənab İlham Əliyevin Ali Baş Komandan kimi ortaya qoyduğu sərkərdə qətiyyətliliyi və prinsipiallığı Azərbaycan xalqında özünə böyük inam yaradıb

Digər tərəfdən, məlumdur ki, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaradır. Zəngin iqtisadi potensiala malik bu regionun resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, bölgəyə investisiya axınını zəiflədir, həyata keçirilən irimiqyaslı layihələr üçün böyük risklər doğurur.

XXI əsrin üçüncü onilliyi ərəfəsində, bəşəriyyətin gəlib çatdığı indiki inkişaf mərhələsində iki qonşu ölkədən birinin təcavüzkar siyasəti ucbatından belə bir regional münaqişənin baş verməsi, insan itkilərinin olması, mülki və sənaye obyektlərinə böyük ziyan dəyməsi, insanların rifahına, elmə, təhsilə, səhiyyəyə, innovasiyalara, insan kapitalına, mədəniyyətin inkişafına və digər bu kimi yüksək dəyərlərə sərf edilməli olan vəsaitin silahlara xərclənməsi, əlbəttə, adamı ağrıdır. Amma işğalçıya öz yerini göstərməkdən ötrü əfsuslar olsun ki, bəzən hərbdən başqa yol qalmır. Dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının beynəlxalq hüquqi vasitələri hələ ki, dövlətlər arasında dinc münasibətlərin tam təminatı rolunda çıxış edə bilmir.

Uzun illər ərzində Ermənistanın bu beynəlxalq tələblərə məhəl qoymadığını, mövcud status-kvonu hər vəchlə uzatmağa çalışdığını və beynəlxalq ictimaiyyətin də buna göz yumduğunu, üstəlik, düşmənin yeni təxribatlara, xalqımıza qarşı təhqiramiz davranışlara əl atdığını görən Azərbaycan pozulmuş haqq-ədaləti indi məhz müzəffər ordusunun gücü ilə bərpa etməkdədir və bunu edir.

Prezident İlham Əliyev müsahibələrində bu prinsipial və mühüm məsələyə də münasibət bildirərək qeyd edir ki, əfsuslar olsun, Ermənistanın yeni hökuməti ilə münaqişənin sülh yolu  ilə nizamlanması perspektivləri çox uzaqdır: «Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın təlxək və düşük baş naziri «Qarabağ Ermənistandır» bəyan edəndə, Azərbaycanın qondarma «Dağlıq Qarabağ hökuməti» ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə  digər şəhərlərinə gündəlik olaraq hücum edəndə danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər.»
Regionda sülhün, sabitliyin, inkişaf mühitinin təmin edilməsinə dəstək verməli olan, bu münaqişənin həllini həqiqətən səmimi şəkildə istəyən beynəlxalq təşkilatların, vasitəçi ölkələrin üzərinə böyük vəzifələr düşür. Eyni zamanda sülh missiyasında ədalətin təmin olunması üçün bölgədə mühüm rola malik Türkiyənin də bu prosesdə iştirakı mütləq təmin edilməlidir. Azərbaycan Prezidenti bununla bağlı ölkəmizin mövqeyini müxtəlif müsahibələrində bəyan edib. Həm Azərbaycana dost, qardaş münasibətindən, həm də özünün strateji dövlət maraqlarından irəli gələrək regionda sabitliyin, davamlı inkişaf mühitinin olmasını arzulayan Türkiyə Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas təminatçılarından biri rolunda çıxış edə bilər. Ümumən Azərbaycan xalqı hər zaman olduğu kimi, Türkiyənin son hadisələrdə tutduğu mövqeyi, bizə uzatdığı qardaş əlini, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və dost ölkənin digər rəsmilərinin işğalçı Ermənistana və onun havadarlarına qarşı sərt bəyanatlarını heç zaman unutmayacaq. Bu, Azərbaycan və Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq, qardaşlıq münasibətlərinin növbəti təntənəsidir. Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına verdiyi müsahibəsində bəyan edir: «Artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Orta Asiyadan, Əfqanıstandan, Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir... Çox şadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu, bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir”.»

Elçin Zaman, «İki sahil»