02 noyabr 2020 20:34
899

Azərbaycan: Döyüş meydanında, siyasi müstəvidə, diplomatiya müharibəsində qalib dövlət

«Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər» sözləri, müsahibələrindəki hədəfə tuşlanmış qətiyyəti, diplomatik hazırlığı ilə ustad dərsi keçən Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə həqiqətin əsl mahiyyətini açıqlayır

Sentyabrın 27-dən başlayaraq Ermənistanın təxribatlarına layiqli cavab verən, cəbhəboyu irəliləyərək düşmən üzərində mütləq qələbəsini təmin edən, ulularımızın qəhrəmanlıq salnaməsinə yeni zəfər səhifələri yazan qüdrətli Azərbaycan Ordusunun əks –hücüm əməliyyatlarının sarsıdıcı zərbələri düşmən üzərindəki tam və qəti qələbəmizi yaxınlaşdırır. Döyüş meydanında , siyasi müstəvidə , diplomatiya müharibəsində uduzduğu üçün quduzlaşaraq mülki əhaliyə qarşı terror əməlləri törədən, kənd və şəhərlərimizi atəşə tutan ermənilərin bütün istiqamətlər üzrə məğlubiyyəti bütün dünyanı heyrətə salan qüdrətli Azərbaycanın reallaqlarıdır. Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qüdrəti ilə tarix yazan qəhrəman ordumuzun gücünə, qüdrətinə inanan Azərbaycan xalqı birliyi ilə də düşmənə gözdağı verir.

Gəncədə, Bərdədə, Tərtərdə xain düşmənin törətdiyi terrorlar nəticəsində mülki əhali qətlə yetirilsə də, evlər dağılıb, kommunikasiyalar məhv edilsə də ordumuzun gücünə inanan xalqımız ağrı-acısını həmrəyliyi, düşmənə layiq olduqları dərsi verməklə bildirirlər. Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrud, Zəngilan… uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr vuran Azərbaycan əsgəri faşist ideologiyasına sadiq erməniləri işğal altında qalan torpaqlarımızdan qovur, elinə-obasına qovuşanlar ikiqat qələbənin sevincini yaşayırlar. « Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun-o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır» söyləyən Ali Baş Komandan İlham Əliyevin yumruqları bir məqsəd naminə birləşən xalqımızın həmrəylik rəmzidir. Hərbi kontingenti tükənən , muzdluların, terrorçuların ümidinə qalan Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun hədəfi mülki əhali deyil, ərazilərimizin işğaldan azad olunmasıdır.

Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli hücumlarından vahiməyə düşən erməniləri illərdən bəri dəstəkləyən havadarları belə tarix yazan əsgərlərimizin hazırlığına, ordumuzun ən müasir silahlarla təchizatına, döyüş qabiliyyətinə qısqanclıqla yanaşaraq, heyrətlərini də gizlətmirlər. Köhnə, istifadə müddətini başa vurmuş silahlarla ordumuza qalib gələcəyini güman edən, nasist babasının yolunu təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarına yalvararaq imdad diləsə də, bu rəzilliyi də cavabsız qalır. Çünki gücün qarşısında məğlub olanlar məhvə məhkumluqlarını yaşamalıdırlar.

Rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsovun « Başa düşmək lazımdır ki, Qarabağdakı separatçı, işğalçı rejim əvvəlcədən cinayətkar olub, ona görə də qınanmağı tələb edir. Hitler cinayətkarlarının üzərində Nürnberq tribunalı yalnız ona görə Nürnberqdə keçirildi ki, bu şəhər nasizmin ideoloji paytaxtı idi. Erməni-nasizm ideologiyası Xocalı qətliamından sonra özünün qəti və tamamlanmış formasını tapdığına görə, erməni hərbi cinayətkarlarının üzərində hərbi tribunal da məhz o şəhərin məhkəməsində keçirilməlidir» sözləri Paşinyanın faşizm üsul-idarəsini gözləyən aqibətdən xəbər verir.

Silahlı Qüvvələrimizin gündəlik əməliyyatları ilə bağlı keçirilən brifinqlərdə verilən məlumatlarda qeyd olunduğu kimi, ordumuzun hər qarış torpağımız uğurunda apardığı Vətən mübaribəsi ulularımıza sədaqət, xalqımıza vəfa borcu, gələcək nəslə nümunədir.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların illərdən bəri həllini gözləyən qətnamələrinin əsl mahiyyətini cəbhədə göstərdiyi rəşadətli hücumları ilə reallaşdıran Azərbaycan Ordusu həm də ölkəmizin hücum diplomatiyasının haqqa, ədalətə söykəndiyini bildirir, düşmənə qalib gəlir. «Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə . Bəs hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı» söyləyən Prezident İlham Əliyev qətiyyətli Ali Baş Komandan kimi əminliklə bildirir ki, Azərbaycan Ordusu beynəlxalq qanunlarla müəyyənləşdirilən ərazi bütövlüyümüzü təmin edir və bu missiyanı sona qədər davam etdirəcək.

Humanitar atəşkəs elan olunduğu müddətdə belə faşist mahiyyətini bildirən, körpələri, məktəbliləri qətlə yetirən ermənilərə döyüş meydanında cavab verən əsgərlərimiz qadağan olunan silahlardan istifadə edən Ermənistanın cəlladlarına layiq olduqları cavabı verir . «Bizim müasir silahlarımız var. Və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik. Biz əraziləri, kəndləri, şəhərləri biri-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik» söyləyən Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirir ki, ordumuz illərdən bəri əsarətdə qalan torpaqlarımıza sahib çıxmaqla ədaləti bərpa edir. Dünya ictimaiyyətini beynəlxalq qanunların həllində gücə deyil, haqqa, ədalətə, tarixi həqiqətlərə əsaslanmağa çağıran, jurnalistin məkrli suallarını məntiqlə cavablandıran, siyasi iradə, liderlik qətiyyətini göstərən Prezident İlham Əliyev, eyni zamanda, siyasi müstəvinin düzənini dəyişən coğrafi dəyişiklikləri də diqqətə çatdırır. Dağlıq Qarabağın Azərbaycan üçün önəmi ilə bağlı sualına « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu bizim torpaqdır... Beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu bizim resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu ədalət məsələsidir, bu milli qurur məsələsidir və bu , beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələri icra edirik» söyləyən Ali Baş Komandan bildirir ki, bu ədalətin müəllifi, iştirakçısı, qoruyucusu Azərbaycan Ordusudur.

Prezident İlham Əliyev müsahibələrində illərdən bəri danışıqlara mane olan, baza prinsiplərinə məhəl qoymayan, ABŞ-da, Moskvada, Cenevrədə keçirilən danışıqlarda razılaşdırılmış humanitar atəşkəsə əməl etməyən Ermənistanın qeyri-konstruktiv hərəkətlərini işğalçı ölkəni tam məhvə aparan amil adlandırır. Ermənistan beynəlxalq hüququ pozur, münaqişənin sülh yolu ilə həllində maraqlı olan Azərbaycan isə daim ədalət tərəfdarı olub, bu gün də buna sadiqdir.

Azərbaycan Ordusunun qüdrətini göstərən faktları qürurla səsləndirən Prezident İlham Əliyev Ermənistanın artilleriya toplarının yanında olan «siçovul yuva»larını, düşmənin canlı qüvvəsini, hərbi arsenalını, texnikasını məhv edən Azərbaycanın əsgər və zabitlərinin Vətən müharibəsindəki əzmini, şəhidlərimizin qəhrəmanlığını bu sözləri ilə tarixə, həm də əbədi olaraq yazır: «Biz haqlıyıq, biz zəfər çalacağıq. Qarabağ bizimdir!. Qarabağ Azərbaycandır!»

Xuraman İsmayılqızı, «İki sahil»