03 noyabr 2020 18:14
1097

Azərbaycan Ordusu hərb meydanında düşmənə tarixi dərs verir

Bu gün Azərbaycan Ordusu savaş meydanında düşmənin terror yuvalarını darmadağın edir. Erməni əsgəri Azərbaycan əsgəri qarşısında diz çökür, vurulan zərbələrin gücündən qurduqları terror istehkamlarında belə özlərini xilas edə bilmirlər. Hər gün bayrağımız respublikamızın 30 ilə işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılır. İşğalçı hər gün geriyə – faşizm yuvası Ermənistana doğru sıxışdırılır. Bundan sonra Ermənistan rəhbərliyinin yeganə çıxış yolu işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməkdir.

Rəşadətli Azərbaycan Ordusunun Qarabağda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında böyük əks-səda yaradıb. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdə analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu cür hazırlıq supergüclərin ordusunda ola bilər. O, ayrıca vurğulayıb ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür. Əlbəttə, burada təəccüblü bir məqam yoxdur. Çünki Azərbaycan müstəqil dövlətdir və öz potensialı hesabına illərdir ki, ordusunu gücləndirir. Azərbaycan Ordusu hazırda regionun ən güclüsüdür. Özü də yalnız texniki təchizat aspektində deyil, ordunun təşkilində, çevikliyində və peşəkarlığında da Cənubi Qafqazda ona tay yoxdur.

Dövlətimizin başçısı çıxışlarında Azərbaycan Ordusunun gücü, qüdrəti haqqında dəfələrlə söhbət edib.  Silahlı Qüvvələrimizin istər sosial, istərsə də texniki cəhətdən möhkəmləndirilməsinin diqqət mərkəzində saxlanılmasını vurğulayıb. Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində ötən bir ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından dəyərləndirərkən bildirib ki, işğal edilən ərazilərimizin xeyli hissəsi bu bir ay ərzində azad olunub. Ordumuz erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı bir neçə müdafiə xəttini, mühəndis qurğularını şücaətlə dağıdıb, ərazilərimizin xeyli hissəsini azad edib. Bu isə Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqləyib. Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”.

Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində Ermənistanın düşdüyü ağır durum haqqında danışan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, bu ölkənin baş naziri Nikol Paşinyan çarəsiz vəziyyətdədir: “Paşinyan Ermənistan əsgərlərini Azərbaycan ərazilərindən çıxarmamaqla beynəlxalq hüququ pozmaqda davam edir. O, çarəsiz olduğu üçün belə edir. Azərbaycanın hərbi strategiyasının bu günə qədər heyrətamiz dərəcədə uğurlu olduğunu bilir. Azərbaycan texnoloji üstünlüklərindən istifadə edərək Ermənistanın bahalı hərbi obyektlərini, hava hücumundan müdafiə sistemlərini, tanklarını, zirehli texnikasını, artilleriyasını, hərbi binalarını və ordusunun şəxsi heyətini məhv etdi. Ermənistanın buna müqavimət göstərməyə hərbi gücü yoxdur”.

Ermənistan döyüş meydanında duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadığı yerləri atəşə tutmaqla həyata keçirir. Ermənistan hərb meydanında uduzduqca quduzlaşır və məğlub olan düşmən müharibədən uzaq şəhərlərdə mülki infrastruktura, dinc əhaliyə qarşı bağışlanmaz cinayətlər etdi və edir, lakin ordumuz öz xilaskarlıq missiyasından, öz peşəkar prinsiplərindən geri addım atmır, yolundan dönmür. Düşmən ölkəyə qarşı siyasi diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edir. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsaylı mülki şəxsin həlak olması ilə nəticələnir. Hazırda hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz reallaşdırır. Hərbi əməliyyatların başlanmasından sonra qurulan təmaslarda Ermənistanın sərgilədiyi mövqe və mülki əhaliyə hücumları da göstərdi ki, bu ölkənin rəhbərliyi ilə nəyi isə müzakirə etmək, hansısa bir nəticəyə gəlmək mümkün deyil. Xüsusilə Moskvada əldə olunan birinci humanitar atəşkəsdən saatlar sonra Gəncəyə ballistik raketlər atması, dinc əhalini qətlə yetirməsi, ikinci “humanitar atəşkəs”dən cəmi 2 dəqiqə sonra isə yenə mülki əhalini və yaşayış məntəqələrini hədəf alması bunu təsdiqləyir. İşğalçı tərəf ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi, mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi, həmin torpaqları qazanc məqsədilə talaması, mineral yataqların qanunsuz şəkildə istismar olunması və xammalın ölkədən kənara çıxarılması, orada qeyri-qanuni iqtisadi əlaqələr qurulması da müharibə cinayətləridir. Bununla yanaşı, işğaldan azad edilən ərazilərimizdəki şəhər və kəndlərin videogörüntülərinin Azərbaycan ictimaiyyətinə təqdim edildiyini və həmin kadrlardan vəhşi düşmənin yaşayış məntəqələrimizi necə dağıtdığının, viranə qoyduğunun şahidi oluruq. Həmin yerlərdə bir salamat bina belə qalmayıb, bütün evlər, inzibati-sosial obyektlər, tarixi-dini abidələr mənfur düşmən tərəfindən dağıdılıb. Bu, düşmənin vəhşiliyindən, barbarlığından, vandal xislətindən xəbər verir. Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Hələlik isə düşmənin bütün bu vəhşiliklərinə Azərbaycan Ordusu hərb meydanında qətiyyətlə cavab verir.  Təcavüzkar düşmənə heç vaxt unutmayacağı tarixi  dərs keçir.

Yaqut Ağaşahqızı, “İkisahil”