04 noyabr 2020 18:45
836

Torpaqlarımızda qalibiyyət bayraqları əzəmətlə dalğalanacaq

Vətən müharibəsindən peportaj

Dayaq məntəqəsinə çatmışam. Bir anlığa ayaq saxlayıram. Neçə gün əvvəl əsgər Məhəmməd Məlikovun dediklərini uğurumun bundan beləsinin yolgöstərəni bilirəm: Vətən müharibəsi döyüş deməkdir, döyüş – əsgərlərimizin qələbəsi. Yəni Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsiylə başa çatacaq. Onda “Azərbaycan əsgərinin atacağı sonuncu güllə son yüz ilin ən möhtəşəm tarixlərindən biri olacaq” – demişdim. Qarşıda Dövlət Bayrağımızın əzəmətlə dalğalandığını görürəm. Əminəm ki, əzəmətlə dalğalanan bayrağımızın əhatəsində ilk eşidəcəyim kəlmələr “Bayrağım – varlığım, bəxtiyarlığım” olacaq. O kəlmələri deyənləri – döyüşçülərimizin hamısını bağrıma basmaq istəyəcəm. Bu görüntünü Dövlət Bayrağı Günü ərəfəsində döyüşün “beş-on addımlığında” jurnalist taleyimə döyüşçü bayramlaşmağı bilirəm...

Bir az əvvəl döyüş olub, döyüş qələbə ilə tamamlanıb, gözəl bir ovqat yaşanılıb. Həmin ovqat gəlişimizə qoşa qol açır. Döyüşçülər deyirlər ki, ən gözəl bayramlaşma, yəni bayram təbriki müharibədə qazanılan qələbələrin sevincini birlikdə göz-gözə yaşamaqdır.

Zabit Sənan Həsənli deyir ki, əks-hücum əməliyyatı başlayana kimi bizim əsgərlərimiz torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmaq amalıyla xidmət edirdi. Vətən müharibəsi kimi davam edən əks-hücum əməliyyatı başladı.

Bizim əsgərlərimiz də hər döyüş əmrini son döyüş ovqatıyla yerinə yetirir. Bugünkü döyüşdə də düşmən ağır itkilərə məruz qaldı: dayaq məntəqəsi dağıdıldı, iki tankı, neçə-neçə canlı qüvvəsi məhv edildi. Sağ qalanları geri çəkildi. Belə geri çəkilmələr, əslində, məğlubiyyət deməkdir. Məğlubiyyətini etiraf etməyən düşmənin çarəsiz müqaviməti davamlı ola bilməyəcək.

Gizir Əhməd İsmayılov düşmən ordusunun dağılıb, indi döyüşlərə yaşlıları, azyaşlıları, xaricdən gətirilən muzdluları cəlb etdiyini deyir. Onlar da Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu qarşısında dayana bilmir. Yəni qaçır. Ermənilərin döyüşdən qaçanlarıyla döyüşənlər arasında silahlı qarşıdurmalar da olur. Bu vəziyyətdə döyüşü davam etdirən dağınıq ordu tamamilə məhv ediləcək. Ali Baş Komandanımızın dediyi kimi, biz öz torpağımızda döyüşürük, onlar özgə torpağında. Biz öz torpağımızdan güc alıb döyüşürük, onlar əl açdıqları dövlətlərin vədlərindən...

Əsgər Ramiz Əhmədov əsgər yoldaşının fikrini bir qədər də şaxələndirir:

– Komandirimiz deyir ki, Ermənistan döyüşə din xadimlərini də göndərir. Onlardan biri əsir düşüb. Əsir erməni din xadimi deyib ki, döyüşə gəlmək istəmirdim, məni də güclə göndərdilər. Sözlərinə inanmaq da olar, inanmamaq da. Erməni çətinə düşəndə min yalan danışır. Döyüşmək istəməyənlərin olduğu da faktdır. Yadıma bir el məsəli düşür: “İlanın ağına da lənət, qarasına da”...

Zabit Sənan Həsənov deyir:

– Müharibə döyüş,  döyüş əzmi, qələbə ruhu deməkdir. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatında,  Azərbaycan üçün Vətən müharibəsində işğalçı Ermənistan başa düşdü ki, “bu xına o xınadan deyil”. Nə zaman o zamandır, nə də Azərbaycan Ordusu o vaxtkı ordudur. Azərbaycan Ordusu ən müasir silahlarla, döyüş texnikalarıyla, uçuş aparatlarıyla təchiz olunub. Şəxsi heyət yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Bunları bilə-bilə döyüşü davam etdirməsinə, məğlubiyyətini etiraf etməməsinə dünyanın bəşəri dövlətləri nə ad verəcək görəsən?

Zabitin fikirləri sual kimi səslənsə də, sual deyil, hərbçi-vətəndaş marağıdır.

– Dünyanın gözləri kor, qulaqları kar deyil. Ermənistanın Mingəçevirə, Gəncəyə, Tərtərə, Bərdəyə ballistik raketlər atdığını, yüzlərlə evin dağıdıldığını, onlarla insanın, bu sıradan uşaqların öldürüldüyünü bilir. Dinmir. Görəsən, indiyə kimi haqqın tərəfində olmadığından xəcalət çəkirmi? Çəkirsə, işğalçını dövlət səviyyəsində qınasın...

Nə deyəydim?..

– Qınayan özünün dünyəvi nüfuzunu yüksəldir, qınamayan nüfuz itirir. Tarixin min illərin o üzündən gələn səsini hamı eşidir: Azərbaycan dövlətçiliyi, Azərbaycan dövləti əbədiyyən var olacaq! Bu qətiyyət sizin qüdrətinizin qətiyyətidir, – deyirəm.

Qəhrəmanlardan, qəhrəmanlıqlardan söz düşür.

– Qəhrəmanlıq Vətənə sevgidən yaranır. Etibar Hüseynov qumbara ilə düşmən tankının altına bir anın içində atıldı, Rasim İbrahimov özünü də, onu əsir almaq istəyən erməniləri də qumbara ilə bir anın içində partlatdı. Qəhrəmanlığın başlanğıcı bir andır, ömrü – əbədi. Ona görə yaxın vaxtlarda xalq sizi qalib əsgər kimi bağrına basacaq, – deyirəm. 

Zabit Sənan Həsənov deyir:

– Vətən müharibəsində əsgərlərimizin, zabitlərimizin hər biri qəhrəmanlıqla döyüşür. Qələbədən sonra Vətən müharibəsindən söz düşəndə adıçəkilən qəhrəmanlar da ehtiramla xatırlanacaq, adı çəkilməyənlər də. Sizin heç biriniz qəhrəman olmaq üçün döyüşmürsünüz, qəhrəmanlıqla döyüşürsünüz. Yəni amalınız qələbədir...

Bayaqdan bəri baxışları bayrağımızın əzəmətli dalğalanmasından üzülməyən əsgər Ramiz Əhmədov qürurla dedi:

– Mübariz İbrahimov tək döyüşmək üçün düşməin mövqeyinə getdi. Neçə-neçə düşmən öldürdü. Şəhid oldu. Bu  qəhrəmanlıq düşməni uzun müddət qorxu içində saxladı. Qorxudan sarısını udan düşmən bu qəhrəmanlığın mahiyyətindən qorxurdu.

– Mübariz İbrahimov çağırışçıların, gənc əsgərlərin hər birinin qəhrəmanlıq nümunəsi oldu. Çingiz Qurbanovun qəhrəmanlığı mübarizləşmənin təzahürüydü. Azərbaycanın hər iki Milli Qəhrəmanı bu müharibədə qəhrəmanlıq örnəyi yaratdı.

Mübariz, qətiyyətli, cəsarətli, qorxu bilməz bir zabit olan Elvin Şükürlünün qəhrəmanlığını döyüş bölgəsində də bilirmişlər. Gizir Əhməd İsmayılov qəhrəman barədə deyir:

Zabit Elvin Şükürlü şəraitə görə düşmənin mövqeyinə tək gedib. Səngərin girəcəyində rastlaşdığı düşmənə atəş açmamaq üçün onun üstünə atılıb, boğub, öldürüb. Hənirti səsinə gələnlərdən daha üçünü öldürüb. Ermənilər məqam güdüb onu güllələyib. Zabitimiz şəhid olub. Onun bu qəhrəmanlığı Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətinin təkrarıdır. Vətən müharibəsində bu qəbil qəhrəmanlıqlar olub, Böyük Qələbəyəcən olacaq da. Qəhrəmanlıq xalqımızın ruhundadı..

Zabit Sənan Həsənli bildirir ki, döyüşçülərimiz Mübariz İbrahimovun da qəhrəmanlığıni bilirlər, Çingiz Qurbanovun da. Əsgərlərimiz deyirlər ki, məqamında biz də Mübariz kimi, Çingiz kimi döyüşəcəyik. Gizirin, əsgərin qəhrəmanlığının mahiyyətini zabitin təkrarlaması ordumuzun Vətənə ruhunun, qələbə əzminin, sizin sözünüzün qüvvəti, döyüşə sevgisinin təzahürüdür.

Mübariz İbrahimovun döyüşdüyü, şəhid olduğu o mövqedə indi Azərbaycan bayrağı dalğalanır. Mübarizin timsalında bütün şəhidlərimizə qazanılan qələbələrin xoş sorağı kimi dalğalanır...

Bayraq Günü ərəfəsindəyik. Ordumuz döyüşür, döyüşə-döyüşə qələbələr qazanır, qazanılan qələbələrə görə dövlət bayrağımız işğaldan azad edilən ərazilərdə Azərbaycan əsgərinin qüdrət əlləriylə dalğalandırılır. Çavuş Qarabəy Həsənlinin dediyi misralar Vətən müharibəsində ordumuzun döyüşlərinin sonunu ifadə edir: torpaqlarımız işğaldan tamamilə azad ediləcək, azad ediləcək torpaqlarımızda qalibiyyət bayraqları belə əzəmətlə dalğalanacaq.

Rəşid Faxralı