Qarabağ bölgəsində döyüşlərin başlandığı ilk gündən cəbhənin müxtəlif istiqamətlərində məğlub olaraq geri çəkilən Ermənistan ordusu işğaldakı torpaqların qalan hissəsini də itirməmək üçün müharibə qanunlarını pozmaqda davam edir. Sentyabrın 27-dən bu günə kimi Ordumuz tərəfindən Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və bir çox strateji tarixi Azərbaycan ərazilərindən sonra digər rayonların da geri alınacağını bilən Nikol Paşinyan terrorla, mülkü əhalinin hədəfə alınması ilə heç bir nəticəyə nail ola bilməyərək bu dəfə başqa yolla şansını sınamağı qərara alıb. Belə ki, Paşinyan hökuməti artıq bir neçə gündür Qarabağdakı hərbi birləşmələrə fosforlu silahlardan istifadə əmri verib.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Təbii ki, burada Ermənistan tərəfi Pilotsuz Uçuş Aparatlarının (PUA) görüntülərinə maneələr yaratmağa çalışır. Halbuki, Ermənistanın bu addımı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə konvensiyalarının, eləcə də BMT-nin müvafiq konvensiyaları və sənədləri ilə nəzərdə tutulmuş müddəaların ən kobud şəkildə pozuulmasıdır. Burada məqsəd həm də Azərbaycan Ordusuna zərər vurmaqdan başqa, kütləvi meşə yanğınları və digər ekoloji təhlükələrin törədilməsidir.
Məlumat üçün bildirək ki, fosfor D.İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci element olmaqla təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir: ağ, qara və qırmızı. Bunlardan ağ fosfor olduqca zəhərlidir ki, bundan da bombaların hazırlanmasında istifadə olunur. İlk dəfə Hitler Almaniyasının istifadə etdiyi ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik 1300 dərəcəyə çatır. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqanizminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir. Mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Suda belə sönməyən mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur. Bu kimi səbəblərə görədir ki, silahdan istifadəni qadağan edən müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Bundan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar mövcuddur. Lakin buna baxmayaraq, beynəlxalq aləm Azərbaycanın bir neçə şəhər və rayonunun bombardmana tutulmasına, dinc əhalinin öldürülməsinə baxmayaraq, mövqesizliyini qorumaqda davam edir. Onu da qeyd etməliyik ki, bu, erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. 2016-cı ilin Aprel döyüşlərində də erməni ordusu mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrimizi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub. Görünən isə odur ki, proses yenə də davam edəcək, beynəlxalq aləmin hərəkətlərinə “göz yumduğu” Ermənistan hansı növ silahdan istifadə edirsə etsin, Azərbaycan Ordusu tarixi sərhədlərimizi bərpa edəcək.
Taleh Bağırov, “İki sahil”