Tağı Əhmədov,
YAP Yasamal rayon təşkilatının sədri
Ərazi bütövlüyü uğrunda haqq mübarizəsinə başlayan Azərbaycan xalqı Prezident , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məqsədinə nail oldu. Sentyabrın 27-dən başlanan bu mübarizədə bütün dünya ictimaiyyəti Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqtisadi qüdrətimizə, xalqımızın yenilməzlik əzminə, Milli Ordumuzun rəşadətinə, xalq-iqtidar birliyinin gücünə şahid oldu. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, faşist ideologiyasını, terrorçuluğu dövlət siyasətinin əsas prinsipləri kimi davam etdirən Ermənistana layiq olduğu cavab, baş nazir Nikol Paşinyana isə heç vaxt unuda bilməyəcəyi dərs verildi. Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi, Azərbaycanı dünyada qüdrətli dövlət kimi tanıdan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulularımızdan ərməğan qalan qəhrəmanlıq tariximizin yeni səhifələrini yazdı. Xalqa müraciətlərində torpaqlarımızın işğaldan azad olunacağını əminliklə bildirən, dünyanın tanınmış siyasətçiləri arasında adı ön sırada çəkilən Prezident İlham Əliyev diplomatiyada, hərbi sahədə də fərqləndiyini göstərdi.
30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Milli Ordumuz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq qurumların qəbul etdikləri, ancaq icra mexanizmi «unudulan» qətnamələri döyüş meydanında reallaşdırdı. Xalqımız Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Ermənistanın və havadarlarının işğalçılıq siyasətinə haqq qazandırmaq üçün bütün bəhanələrə son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq nə status-kvo var, nə təmas xətti, nə də millətlərin öz müqəddəratını təyin etmək kimi sərsəm iddialar. Bir-birinin ardınca işğaldan azad olunan torpaqlarımız əsl sahiblərini gözləyir. Bu gün hər birimiz qürurla söyləyirik ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, xalqımızın mədəniyyət beşiyi, sənətkarlar yurdu Şuşa, igidlər oylağı Cıdır düzü, tarixlərin şahidi Xudafərin körpüsü bizimdir. Bir sözlə, Qarabağ bizimdir. Uğrunda şəhidlər verdiyimiz Qarabağ Azərbaycandır!
Azərbaycanın hər bir vətəndaşının qürurlanmağa haqqı vardır. Bu qüruru bizə Ali Baş Komandan, Milli Ordumuzun qalib əsgərləri yaşatdılar. İkinci Qarabağ döyüşlərində qazanılan zəfər təkcə hərbi qüdrətimizin deyil, Azərbaycanın diplomatiyada da qazandığı uğurdur. İllərdən bəri işğalçı, terrorçu, faşizm ideyalarına sadiq dövlət olsa da, ermənipərəst dairələr tərəfindən dəstəklənən Ermənistanın havadarları da Azərbaycan Ordusunun qələbəsindən nəticə çıxarmalıdırlar. Ermənistanın ərköyünlüyünə öz maraqları naminə dözənlər, beynəlxalq hüquq normalarını unudanlar, qətlə yetirilən, Qərbi Azərbaycandan, Qarabağdakı doğma torpaqlarından qovulan azərbaycanlıların faciəsini, erməni vandallarının törətdikləri Xocalı soyqırımına göz yumanlar, «münaqişənin hərbi yolla həlli yoxdur» deyənlər, işğalçıya təsir və təzyiq göstərməyənlərə də Prezident İlham Əliyev mübarizlik, azadlıq uğrunda mücadilə, liderlik dərsi keçdi. Ədalət qanunlarının gücünü ölkəmizin hərbi qüdrəti ilə göstərdi. Ermənistan tərəfindən vuruşan muzdlulara qalib gələn Azərbaycan Ordusu terrorizmə qarşı mübarizədə də əzmkar olduğunu göstərdi. Uzun illər qürbətdə qalan Şuşada azan səsinin eşidilməsi bütün xalqımızı duyğulandırdı. Doğmalarının səsi üçün qəribsəyən boynubükük xarı bülbül cana gəldi.
İkinci Qarabağ müharibəsini izləyən hər kəs bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının şahidi oldu. Ermənistanın torpaqlarımızı işğal etdiyi gündən bütün səviyyələrdə xalqımızla bir olduğunu göstərən Türkiyə bu ağır günlərdə də Azərbaycanın yanında olduğunu siyasi, mənəvi dəstəyi ilə bildirdi. Bütün dünya birliyi «Bir millət, iki dövlət» aforizminin qüdrətini, gücünü, etibarını gördü. Azərbaycanın Ermənistan üzərində qələbə xəbərini «Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik» söyləyən türk dünyasının öndəri Mustafa Kamal Atatürkün anım gününə təsadüf etməsi Tanrının bu qardaşlığa xeyir-duasıdır. Vətən savaşında müstəqilliyinin əbədiliyini , torpaqlarımızın bütövlüyünü növbəti dəfə dünyaya bəyan edən Azərbaycanın terrorçu Ermənistan üzərində qələbəsini xalqımızla birgə qeyd edən Türkiyə rəsmilərinin qeyd etdiyi kimi gücümüzü, birliyimizi dünyaya göstərdik. Bu həmrəylik göstərdi ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın ölkələr yoxdur. Azərbaycanın və Türkiyənin küçə və meydanlarında qoşa dalğalanan dövlət bayraqları hər iki xalqın sevincini bölüşən birlik rəmzidir. Biz tarixi anlar yaşayırıq.Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların başlandığı ilk günlərdən söylədiyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır»” sözləri erməni havadarlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Qardaş ölkənin bütün rəsmi şəxsləri xalqımızla birliklərini ifadə etdilər. Bu qardaş dəstəyi isə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ermənistan kimi bütün dünya anladı ki, Azərbaycan xalqının səbri ilə oynamaq asan deyil. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı zəfər salnaməsi kimi qalacaq. Məqsəd bu idi ki, qısa müddət ərzində az itkilərlə düşmənə sarsıdıcı zərbə vurulsun, işğalçı torpaqlarımızdan birdəfəlik çıxsın. Döyüş meydanında qazanılan uğurlar siyasi müstəvidə, diplomatiyada davam etdirilir. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, müdafiə qüdrətimiz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail olduq. Rusiya-Azərbaycan Prezidentləri, Ermənistanın baş naziri tərəfindən doqquz bənddən ibarət üçtərəfli Bəyanatın imzalanması ölkəmizin tam və qəti qələbəsinin rəsmi təsdiqi, işğalçı dövlətin hərbi kapitulyasiyasıdır. «Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq» söyləyən Ali Baş Komandan sona qədər gedəcəyini, heç bir qüvvənin Azərbaycan Ordusunun qarşısını ala bilməyəcəyini diqqətə çatdırır. Bəyanatda qeyd olunan, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq sülhməramlı mərkəzdə təmsil olunacaq Rusiya və Türkiyə hərbçilərinin fəaliyyətinin səmərə verəcəyinə inamını ifadə edən dövlət başçımız əminliklə ifadə edir ki, gələcəkdə bu əməkdaşlıq formatı daha çoxşaxəli ola bilər.
Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi ilə bağlı bəndin salınması tarixi əhəmiyyətə malikdir. Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvana birbaşa nəqliyyatın bərpa olunması Türkiyə və başqa dövlətlərlə də əlaqələri möhkəmləndirəcək, tərəfdaş ölkələrin iqtisadi inkişafına yeni imkanlar yaradacaq. Ən başlıcası isə bölgədə sabitlik, əmin-amanlıq təmin olunacaq. Bu əlaqələrin yaranması bütün layihələrdən kənarda qalan Ermənistana daha bir zərbə olacaq.
«Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri. Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, «müstəqil» dövlətdir”. Bunlar uzun illərdir « müstəqil dövlət kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var» söyləyən Prezident İlham Əliyev sınaqlardan çıxan Azərbaycan xalqının gücünü, müstəqilliyimizin əbədiliyini uzaqgörən siyasəti ilə təsdiqləyir. Bu istəyimizə xalqımızın birliyi, ordumuzun qüdrəti ilə nail olduq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!