“Noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanan bəyanat cənab Prezident İlham Əliyevin tələbi və Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin hüzuruna gedib yalvarması ilə ekstremal şəraitdə ortaya çıxıb.”
"İki sahil" xəbər verir ki, bunu SİA-ya "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, həmin bəyanat Azərbaycanın şərtlərini artıqlaması ilə özündə ehtiva edir. Sonradan isə Rusiya və Türkiyənin müdafiə nazirlərinin Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalamaları həmin bəyanatda sadəcə tezis kimi qeyd olunmuşdu.
Qərb dövlətləri 1992-1993-cü illərdə Qafqaz regionunda aktiv olsalar da, ancaq bu gün onların proseslərə heç bir təsiri yoxdur. Bu gün Fransa birmənalı şəkildə Qafqazdakı real yerini itirib. Fransa dövləti sadəcə illüziyalarla danışır. Bu gün Qafqazda Qərbin faktiki olaraq heç bir rolu yoxdur. Çünki Qərb bəyanat verməkdən başqa heç bir şey edə bilmədi. Soros Paşinyanı hakimiyyətə gətirdi, amma arxasında dayana bilmədi. Sonradan Paşinyan Putinə yalvararaq ondan hakimiyyətini xilas etməyi xahiş etdi. Azərbaycan Türkiyəni Qafqaz siyasətinə daxil etdi. Cənab Prezident də öz müraciətlərində birmənalı olaraq bildirdi ki, bu müharibə Qafqazda yeni reallıq yaratdı. Təbii ki, bu yeni geosiyasi reallıq əslində beynəlxalq reallığın özünə təsir edir”.