“Qələbənin necə fərəhli bir hiss olduğunu mən ilk dəfə 2016-cı ilin yazında keçirmişdim. Aprel döyüşlərində Milli Ordumuzun qətiyyətinin, döyüş əzminin və mənəvi-psixoloji hazırlığının şahidi və iştirakçısı olmuşdum. Bu döyüşlərdə hərbi əməliyyatımızın uğurlu alınmasında məğrur əsgərlərimizin şücaəti və təlim - təcrübəsi, eləcə də hərb sənətinin incəliklərini dərindən bilən yüksək rütbəli zabitlərimizin taktiki gedişləri həlledici rol oynadı. Ötən il isə Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı həm də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş əzminin, qələbə ruhunun ifadəsi kimi səsləndi. Məhz həmin tarixi bəyanat biz hərbçilərin bu gün düşmən üzərində qazandığıməz böyük qələbəyə vəsilə oldu.”
Bu sözləri 27 yaşlı baş leytenant Ülvi Kərimli deyir. Əsgərlərimizin Vətən sevgisindən, dövlətə, dövlətçiliyə sədaqətindən söz açan gənc zabit bildirir ki, düşmənlə təmas xəttində yerləşən bölmələrimiz Ali Baş Komandanın döyüş əmrinə həmişə hazır vəziyyətdə idi: “Milli Ordumuzun döyüş hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığı, onun sıralarında könüllü hərbi xidmətə qatılan əsgərlərin Vətən sevgisi düşməni qırx dörd gün davam edən zəfər yürüşü ərzində ağır məğlubiyyətə düçar etdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanının rəhbərliyi ilə döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar qazandıq.”
Baş leytenant Ülvi Kərimli Masallıda boya-başa çatıb. Dediyinə görə, hələ uşaqlıq çağlarından ürəyində hərbçi olmaq istəyi baş qaldırmışdı. Şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd orta məktəbində və Masallı şəhər Dəfinə liseyində təhsil aldığı illərdə “Şahinlər” hərbi-idman oyunlarının rayon birinciliyində fəal iştirakı onun hərb sənətinə marağını daha da artırıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Ülvi Abbasqulu oğlu Kərimli hərbi məktəbi 2014-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2015- ci ildə leytenant rütbəsi ilə Tərtərdə “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2016 –cı idə Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Bir il sonra Ankara şəhərində MEBS Okulu ve Eğitim Merkezi Komutanlığında ixtisaslaşma kursu keçib. Burada elektron hərb cihazları üzrə bilgi sistemlərinə yiyələndikdən sonra yenidən Tərtərdəki doğma hərbi hissəyə qayıdıb. Necə deyərlər, Vətənlə düşmən arasında canlı sərhəd yaradan oğullardan biri olub.
Vətən müharibəsinin ilk günlərində Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edib. Deyir ki, Ali Baş Komandanımız hər dəfə xalqımıza qələbə müjdələri verəndə Suqovuşandan başlayan qələbə ilə ordumuz daha böyük qələbəyə doğru addımlayıb: “Hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsi idi. Çünki əsgər, gizir və zabitlərimiz bu müqəddəs savaşda Aprel döyüşlərində olduğu kimi, yenə peşəkarlıq, əzmkarlıq nümayiş etdirdilər və ən şərəfli missiyanın, vəzifənin öhdəsindən gəldilər. Qarabağın işğaldan azad edilməsi həm də xalqımızın vahid məqsəd uğrunda milli birliyinin təcəssümüdür. Bir daha şahid olduq ki, qüdrətin, yenilməzliyin zirvəsinə aparan yol ordu-xalq-iqtidar birliyindən keçir və böyük qələbələrin təminatçısı olur.”
Baş leytenant Ülvi Kərimlinin fikrincə, erməni əsgərləri heç vaxt onlara aid olmayan bir torpaqdan, havadan, sudan, formalaşmayan saxta milli ruhdan və amaldan ötrü döyüşdüyünü dərk edərək fərarilik edir, silahlarını qoyub döyüş meydanından kütləvi şəkildə qaçırdılar: “Mən ən böyük sevinc hissini Suqovuşanda üçrəngli bayrağımız dalğalananda yaşadım. Ona görə ki, bir kəndli balası kimi bilirdim ki, susuz torpaq nə deməkdir. Doğulub boya-başa çatdığım kəndin camaatı həmişə susuzluqdan əziyyət çəkmişdi. Əkin-biçinə verdikləri suyu adamlar pulla alırdılar. Hətta orta məktəbdə bizə kimyadan dərs deyən müəllimimiz – Arif Fərzəli belə şeir də yazmışdı:
Ünvanım bir boz muğan kəndi,
Suyu qəndindən baha...
Suqovuşan su anbarı da işğal altında olduğu müddətdə Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında onminlərlə hektar torpaq sahələri suya həsrət qalmışdı. Milli Ordumuz Suqovuşanın geri qaytarılması ilə yanaşı, həm də düşmənin Azərbaycan təbiətinə qarşı 30 ilə yaxın davam edən ekoloji terroruna da son qoymuş oldu.”
Sonda generallarımızı, zabit həmkarlarını , gizir, çavuş və əzgərlərimizi ürəkdən təbrik edib, şəhid ailələrinə başsağlılğı verən Ülvi Kərimli qeyd etdi ki, bugünlərdə Ali Baş Komandanımız İlham Əliyev yaralı hərbçilərimizlə görüşündə Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaçında fərqlənmiş hərbçilərin və mülki şəxslərin yeni təsis olunacaq orden və medallarla təltif ediləcəklərini bildirməklə yanaşı, şəhid ailələrinin, eləcə də yaralıların dövlət nəzarətində olacaqlarını bildirdi. “Bu, Ali Baş Komandanımızın ilk növbədə biz hərbçilərə yüksək hörmət və ehtiramının, qayğısının nümunəsidir.”
Nurəddin Muğanlı, “İki sahil”