20 noyabr 2020 00:06
966

Bu gün Ağdam işğaldan azad edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu Azərbaycana qaytarılır.

“İki sahil” xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.

Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

Qeyd edək ki, hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.