Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 30-dan artıq kəndi, eləcə də Tərtər və Xocalı rayonlarının bir sıra kəndləri – bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Azərbaycanın rəşadətli döyüşçülərinin təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan azad etməsi böyük peşəkarlıq və rəşadət rəmzidir. Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın incisi olan Şuşa şəhərinin işğaldan azad edilməsi mühüm əhəmiyyətli hadisə oldu. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri zamanı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasiminin keçirilməsi və həmin yolun tikintisinə dair Prezident Sərəncamı Qarabağa həyatın qaytarılmasının rəmzidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 2016-cı ilin mart ayında, Novruz bayramı günlərində Şuşanın bir qrup məktəblisi Lerik rayonuna səfərə bayram xonçaları ilə gəlmişdi. Şagirdlərlə birgə gəlmiş müəllimlər rayonumuzun dağlıq ərazidə yerləşdiyini görüb bu yolların Şuşanın yollarına çox bənzədiyini kövrələrək bildirmişdilər. Həmin vaxt biz işğal atında olan torpaqlarımızın tezliklə azad edilməsi və belə bayram şənliklərinin Şuşada, Cıdır düzündə keçirilməsi arzumuzu ifadə etmişdik.
Bəli, artıq çoxdan gözlədiyimiz şanlı Qələbə nəticəsində işğal altında olmuş bütün torpaqlarımız azad edilmişdir. Xalqımız Qələbə sevincini yaşayır. Bizim Novruz bayramı şənliklərinin işğal altında olmuş torpaqlarımızda da keçirilməsi istəyimiz də reallaşmaq üzrədir. Bir neçə aydan sonra Novruz bayramını Şuşada, Cıdır düzündə bayram xonçaları ilə keçirəcəyik.
Xalqımıza belə böyük qələbə sevinci bəxş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
Arzu Vəliməmmədova,
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının Qadınlar Şurasının sədri