Bu gün Azərbaycanın hər bölgəsində millətimizin başını göylərə ucaldan və xalqımızın şərəfini qoruyan qəhrəman oğulların məzarları ziyarət yerinə çevrilib
Vətən uğrunda müharibədə igidlik göstərən, döyüş nümunəsi ilə öyünüləsi, fəxr ediləsi və gələcək nəsillərə Vətən, torpaq, millət sevgisində örnək olan qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir tarix, böyük əsərlərin mövzusudur...
Sentyabrın 27-dən başlanan Vətən müharibəsində Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindən 20-yə yaxın mərd övladımız iştirak edirdi.
Savaşın ən qaynar yerlərində, ən təhlükəli nöqtələrində yer alan bu mərd oğullardan biri də 26 yaşlı baş leytenant Fuad Nazim oğlu Əlizadə idi. Fuad qısa ömür yaşasa da, əsl Vətən oğlunun ən çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdi. Həmkəndlisi Elxan Şükürlü təəssüflə qeyd edir ki, ərəbcədən tərcümədə adı “ürək” mənasını verən bizim 26 yaşlı Fuadı elə döyüşçü dostları da məhz cəsur ürək sahibi olduğundan “Laçın dəhlizi”ni ələ keçirmək uörunda döyüşlərə yollanan ilk xüsusi əməliyyat qrupunun tərkibinə almışdılar. Silah yoldaşları Fuadı cəsur ürək sahibi kimi tanıtmaqda yanılmamışdılar.
Baş leytenant Fuad Əlizadə hər an elinin-obasının adını ən yüksəklərə qaldıracaq qədər cəsur zabit idi. Cəsarətinə görə hər zaman döyüşlərin ön xəttində idi, düşmənə qan udduran belə igidin ya şəhid, ya qazi olacağı sanki alnına yazılmışdı.
Bir neçə gün əvvəl Fuadın həmkəndlisi, kəşfiyyatçı İman Alməmmədovun nəşi Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınmışdı. Noyabrın 30-da Naxçıvan ictimaiyyəti Beynəlxalq Hava Limanında öz canlarını Vətənə qurban verən daha 4 şəhidini böyük izdihamla qarşıladı. Vətən müharibəsində öz şücaətləri ilə yaddaşlara həkk olunan Əlizadə Fuad Nazim oğlu Naxçıvan şəhərində, Nuriyev Cavid Əşrəf oğlu Şərur Şəhidlər xiyabanında, Hacıyev Şükür Bayram oğlu Babək şəhərində, Vəlizadə İbrahim Malik oğlu Babək rayonunun Yarımca kəndində son mənzilə yola salınıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və fəxri qarovul dəstəsinin yaylım atəşi altında torpağa tapşırılandan sonra şəhid zabitimizin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı atası Nazim kişiyə təqdim edildi. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızılgüllər düzüldü. “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Başını dik tut, şəhid atası!” şüarları və alqışlar səsləndi. İzdihamlı mərasimdə çıxış edənlər şəhid zabitimizin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qisasının artıqlamasıyla alındığını və onların uğrunda canından keçdiyi hər qarış Vətən torpağının mənfur düşmən tapdağından azad edildiyini bildiriblər. Vurğulanıb ki, qədim Naxçıvan diyarı hər zaman igid, mübariz qəhrəmanları ilə tanınıb. Tarix boyu Naxçıvanın vətənpərvər övladları istər bu qədim diyarın müdafiə olunmasında, istərsə də digər cəbhələrdə öz şücaətləri ilə bu hərb tariximizi daha da zənginləşdiriblər.
Baş leytenant Fuad Əlizadənin qardaşı Fərid Əlizadə 44 günlük Qarabağ savaşında həlak olanların xatirəsinin unudulmayacağını dilə gətirdi: “Vətən uğrunda canlarını fəda edən Fuad kimi oğullar bilirdilər ki, Vətənin-Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərirlər. Şəhid qanları ilə suvarılan torpaqlarımızın hər qarışı bizə müqəddəsdir.”
Baş leytenant Fuad Nazim oğlu Əlizadənin şəhid olması və dünən Naxçıvanın Şəhidlər xiyabanında torpağa tapşırılması xəbərini redaksiyamıza şəhid ailəsinin yaxın qohumu Nəzifə xanım xəbər verdi. Biz də redaksiyamızın kollektivi adından Fuad Əlizadə başda olmaqla Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
N.Muğanlı,
“İki sahil”