Yusif Cəfərbəyli: Bir gənc laçınlı kimi bu gün mənim, eləcə də ailəmizin sevincinin həddi-hüdudu yoxdur
Dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə əzəli və doğma Vətənimiz Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Otuz ilə yaxındır yurd həsrəti çəkən laçınlılar da doğma torpaqlarının düşmən tapdağından azad olunması xəbərini böyük sevinclə qarşılayırlar. Bu gün Azərbaycan bayrağı Laçın səmasında dalğalanmaqdadır. Gözün aydın, doğma Vətən! Dədə-baba yurdunuza qayıdışınız mübarək olsun, əziz laçınlılar!
“Laçın, Vətənimizin dilbər guşəsi, qartallar oylağı, igidlər məskəni, dogma yurdum. Duyğularımın məskənindən, ata-babamın, anamın doğulduğu, ulularımın uyuduğu obadan, xəyallarımda səyahət etdiyim yurddan, o viranəyə çevirdikləri eldən 28 ildir ki, nə səs var idi, nə də soraq… Mən Laçını görməyən, oranın havasını udmayıb, suyunu içməyən, yalçın qayalarına ayağı dəyməyən laçınlıyam. Mən Laçına xəyallarımda, baba-nənəmin, ata-anamın danışdıqları xatirələrlə səyahət etmişəm və bu səyahətimdə nələr görməmişəm, nələr... Bir gənc laçınlı kimi bu gün mənim, eləcə də ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Çünki artıq uzun illərdir həsrətində olduğumuz, əzəli torpağımız Laçın düşmən tapdağından azad olundu. Bu illər ərzində yüzlərlə laçınlımız Vətən dərdinə dözməyib son nəfəslərində də Laçın deyərək bu dünyadan köçdülər. Ancaq inanıram ki, Laçınsız bu dünyadan nakam köçənlərin də ruhu şaddır artıq.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli söylədi.
Y.Cəfərbəyli bu sevincli günləri yaşadanlara- Müzəffər Ali Baş Komandanımıza və qüdrətli Azərbaycan Ordusuna minnətdar olduqlarını bildirdi: “30 il idi ki, biz doğma torpaq nisgili ilə qovrulurduq. Nəhayət, bu nisgilə son qoyuldu. Tarixi qələbəmizə o qədər sevincliyəm, dünyanın xoşbəxt insanı hesab edirəm özümü. Xəyal olan arzumuz gözləmədiyimiz vaxtda reallığa qovuşdu. Qürurumuz, özgüvənimiz, milli birliyimiz qayıtdı. Şükür ki, təkcə Laçın yox, bütün ərazilərimiz işğaldan azad edildi. Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bu qələbə həm də xalqla müzəffər Ali Baş Komandanın və xalqla ordunun qırılmaz və möhtəşəm birliyinin təzahürüdür. Ali Baş Komandan, demək olar ki, hər gün dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi dolğun müsahibələrində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrin, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarlarının, bəyannamələrinin yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində mühüm təsirə malik olan beynəlxalq təşkilatların və siyasi güc mərkəzlərinin hər zaman mövcud problemə ikili standartlarla yanaşdıqlarını, öz qərəzli mövqelərini açıq şəkildə nümayiş etdirdiklərini bildirdi. Bu da dünya birliyinə Azərbaycanın ədalətli mövqeyinin çatdırılması baxımından mühüm amil oldu.”
Həmsöhbətimizin sözlərinə görə, 28 ildən sonra Laçının azad edilməsi orada yerləşən tariximizin bizə qayıtmasıdır: “Laçın gözəlliklər məskənidir. Bura qədim tarixi-mədəni abidələrlə zəngin olan bir diyardır. Laçın Azərbaycanımızın ən səfalı bölgələrindən biridir. Laçın tarixi bir diyardır. Laçının hər daşında, hər qayasında bir tarix yaşayır. Lakin bu gün həmin tarix erməni vandallarının qurbanına çevrilib. Laçın tarixi abidələr yurdudur. Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın odlar yurdu Azərbaycanın çox qədim tarixə malik olan bir diyarıdır. Rayon ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qeydə alınmışdır. Ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu abidələrin hər birində əsrlərdən süzülüb gələn bir tarix yatır. Laçının işğaldan azad olunması ilə həmçinin bu yerlərdə tarixən yadellilərin xalqımıza qarşı törətdikləri bir çox hadisələrin canlı şahidi olan qədim tarixi abidələrimiz də düşmən əsarətindən qurtuldu. Çünki otuz ilə yaxın bir tarixdə erməni vandalları xalqımıza məxsus minilliklərin tarixi yaddaşı olan abidələrimizi saxtakarlıqla özününküləşdirdilər, bir çoxlarını isə tarixi keçmişimizi silmək məqsədilə məhv etdilər. Lakin bundan sonra o tarixi abidələrimizə bizlər sahib çıxacağıq.”
Y. Cəfərbəyli bildirdi ki, bu yurdun igid oğulları Azərbaycan tarixində böyük iz qoyublar: “Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük fədakarlıqlar göstərmiş laçınlılarımız bu gün də bütünlükdə xalqımızın yaddaşına həkk olunublar. Onlardan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov, Xosrov bəyin qardaşı erməni Andronikin qulağını kəsən xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və dini etiqad naziri olmuş maarifçi Nurməmməd bəy Şahsuvarov bir əsrlik tarixə malik AXC dövründə böyük xidmətləri olmuş tarixi şəxsiyyətlərdirlər. Laçının belə ziyalı dövlət xadimləri ilə yanaşı II Dünya müharibəsi döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş igid oğulları da az deyil. Təkcə Laçın rayonundan 3660 nəfər Böyük Vətən müharibəsinin iştirakçısı olub. Mən onlardan döyüşlərdə böyük rəşadət göstərmiş Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Əvəz Verdiyevi xüsusi vurğulamaq istərdim. Hələ Laçının saf sularından içib, göz oxşayan təbiətindən ilhamlanan şairlərindən, aşıqlarından, musiqiçilərindən deyim. Bu yurdun Mir Həmzə Nigari, Hüseyn Kürdoğlu, Ağa Laçınlı kimi hikmətli söz ustadları, Sarı Aşıq, Aşıq Abbas, Aşıq Umbay kimi dəyərli aşıqları olub. Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Nadir Əbdürrəhmanov da bu torpağın yetirməsidir. Bu insanlar Azərbaycan ədəbiyyatına, incəsənətinə xidmət etmiş mədəniyyət xadimləridirlər. Hər bir laçınlı bu dəyərli şəxsiyyətləri ilə qürur duyur.”
Həmsöhbətimiz əlavə etdi ki, hər bir laçınlı artıq tez bir zamanda Laçını görməyə, Laçının havasını udub, buz bulaqlarından su içməyə, o yerləri qarış-qarış gəzməyə can atır: “Bir laçınlı gənc kimi bu günlərə qədər olan ən böyük arzum ana yurdum olan Laçını və digər işğal altında olan torpaqları azad görmək idi. Çox şükürlər olsun ki, bu günləri hamılıqla gördük. Bundan sonrakı arzum isə Həmzə Soltan sarayını və adını daşıdığım babamın məzarını ziyarət etmək, öz doğma kəndimizin hər bir daşı ilə, qayası ilə tanış olmaq və ümumiyyətlə, işğaldan azad olunan bütün torpaqlarımızı ziyarət etməkdir. Bu arzularımın gerçəkləşməsi isə çox yaxındadır. Cənab Prezidentin də dediyi kimi, azad olunmuş rayonlarda bərpa işləri sürətlə aparılacaq. Biz gənclər bu işdə fəal iştirak etməyə hazırıq. Bu gün Azərbaycan gəncləri cənab Prezidentimizin siyasətini dəstəkləyir və yaxşı bilirlər ki, bu siyasət Azərbaycanı xoşbəxt gələcəyə qovuşduracaq. İnanırıq ki, dövlətimizin başçısının müraciətində qeyd edildiyi kimi, işğaldan azad edilən bütün rayon, şəhər, qəsəbə və kəndlərimiz kimi Laçın rayonu da böyük sevinc və fərəh hissi ilə Vətənə qayıdan zəhmətsevər laçınlıları qoynuna alaraq, daha da çiçəklənəcək, onların tükənməz Vətən sevgisi və fəal iştirakı ilə yenidən qurularaq dirçələcək. Zəngin təbii ehtiyatlarından tam və səmərəli istifadə edilərək, tez bir zamanda Vətənimizin cənnət guşələrindən birinə çevriləcək.”
Yaqut Ağaşahqızı, “İki sahil”