14 sentyabr 2021 16:51
1097

“Biz tariximizi tarixçilərdən deyil, ədəbiyyatçılardan öyrənmişik”

“Nargin - saralmış kədər” romanını oxuyarkən hadisələr kino lenti kimi insanın gözü qarşısından keçir

Bu günlərdə Əməkdar jurnalist, uzun illərdir dostluq etdiyim Yunis Orucovun Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə “Nurlar” nəşriyyatında yenicə nəşr olunmuş “Nargin – saralmış kədər” romanını oxudum. Əslində son illərdə informasiya bolluğu içərisində irihəcmli, roman janrında yazılmış əsərləri oxumaq hamı kimi, mənə də çətinlik yaradır. Amma mövzu və müəllifin dili insanı özünə elə cəlb edir ki, oxucu romanı bir nəfəsə yekunlaşdıraraq əsərdəki qəhrəmanların taleyini daha tez öyrənmək istəyir.

Dövrümüzün reallığını və oxucu tələbatının özəlliyini nəzərə alsaq görərik ki, tarixi araşdırmaların maraq dairəsi ümumi oxucu kütləsinin cəmi 10-15 faizini əhatə edir. Nəzərə alaq ki, oxucuların əksəriyyəti vahid süjet xəttinə malik və sonluğunun pozitiv, ya da bədbin sonluqla bitməsindən asılı olmayaraq bədii əsərləri daha tez qəbul edir. Çünki bu əsərlər geniş kütlə üçün nəzərdə tutulur. Belə görünür ki, tarixin bugünləşdiyi, bugünlə tarix arasındakı sərhədin getdikcə daha çox qeybə çəkildiyi posttarix dövrünün tarixə yanaşması başqadır və roman janrı da bu başqalaşmadan yan keçə bilməz. Amma bir qeyd etmək istərdim ki, “Nargin – saralmış kədər” romanı elə bir zamanda yekunlaşıb ki, 30 ilə yaxın bir dövrdə əsarətda qalan torpaqlarımız erməni işğalından azad olunub. Müəllif əsəri Şuşa ilə yekunlaşdırmaqla tarixin təkərinin sanki geri fırlandığını göstərmək istəyir. 100 il əvvəlki Azərbaycan tarixi sanki bugünümüzdə əks olunur: “Qurd Qapısı təpələri istiqamətində hücuma keçməyə hazırlaşan düşmən birləşmələri güclü top atəşinə tutuldu. Təsəvvür edin, Qurd Qapısı istiqamətində adi şəkildə yuxarı dırmanmaq çox çətindir. Amma Qafqaz İslam Ordusu qarşısında belə bir vəzifə qoyulmuşdu ki, bütün şəxsi heyət ağır texnika, silah-sursat, mərmilərlə, toplarla dırmanmalı və Qurd Qapısı istiqamətində mövqe quran erməni, ingilis qüvvələrinin səngərlərini ələ keçirməli idi. Bakıya doğru yürüş bundan sonra başlamalı idi...” XX əsrin əvvəli, XXI əsrdə yenidən təkrar olundu. Babalarımız yaşadığı tarixi biz də yaşadıq. Bu dəfə Bakını deyil, keçilməsi daha çətin, dağlar qoynunda olan Şuşanı qəhrəman əsgərlərimiz azad etdilər. Yenə də türk qardaşlarımız bizə dəstək çıxdılar, 100 il əvvəl ordu ilə, indi isə mənəvi dəstək oldular.

Yazıçı obrazları ümumən romantik-emosional tonallıqda, daxilən gərgin, ətraf gerçəklərlə kontrastda, amma eyni zamanda, hər birisini tam fərqli hadisə-süjet, situasiya və detallar vasitəsilə seçkin xarakterlər kimi təqdim edir. Bu mənada ötən əsrin əvvəllərində Qafqazın un kralı hesab olunan Ağabala Quliyevin düşüncələri insanın daxili dünyasını açır: “Səhərə qədər bütün evi gəzmişdi. Pilləkənləri, bəlkə, on dəfə enib qalxmışdı, eyvana çıxıb şəhəri seyr eləmişdi. Ayın əksi düşən dənizdə rüzgarın yaratdığı dalğaların səsini dinləmişdi, amma üşüyüb tez də yenidən iş otağına çəkilmişdi. Papirosu bir-birinə calamışdı. Hər dəfə də dərin qüllab vurub gözlərini tavana zilləyib, fikir dünyasına qərq olmuşdu. İndi Bakının ən varlı adamlarından biri olan Ağabala gecənin bir aləmində vaxtilə yaşadığı çətin həyatını xatırlayırdı.” Yaxud da müəllif Nəriman Nərimanovun düşüncələri ilə bu böyük insanın üzləşdiyi acı gerçəkliyi açıb göstərir: “Nə qədər əlləşsə də, bu acı gerçəyi dərk edə bilmirdi. Həqiqətin gözünə dik baxmağa cürəti çatmırdı. Sübhün bu alaqaranlığında tək-tənha oturduğu otaqda qəfil üzünə duran ağrılardan, düşdüyü depressiyadan yaxa qurtara bilmirdi. İnandığı, bel bağladığı, fəqət, gözünü qan örtən əqidə yoldaşlarına etiraz edərək gəldiyi bu şəhərdə də rahatlıq tapmırdı. Dünəndən qaçıb sığındığı Moskva indi onun üçün qaranlıq zindana dönmüşdü.”

Romanda nəyinsə xiffətini çəkməyən bircə obraza da rast gəlmirik. Sultan da, paşa da, tacir də, əsir də, inqilabçı da nəyinsə xiffətini çəkir. Bu isə öz növbəsində hər cür sosial-zümrəvi və milli-etnoqrafik örtülərin altından, bilavasitə insan müstəvisində, fərdin həqiqətində üzə çıxır.

Tarixə müraciət xalqın özünü milli dərk prosesi ilə bağlıdır. Belə ki, xalqın qarşısına müəyyən problemlər çıxanda, bir mərhələ digəri ilə əvəz olunanda həmin problemlərin cavabını tarixi qatda axtarırlar. Bu da özünü milli dərkə aparıb çıxarır. Bir məşhur fransız deyimində yaxşı deyilir: “Biz tariximizi tarixçilərdən deyil, ədəbiyyatçılardan öyrənmişik”. Əslində bu yanaşma bir çox qaranlıq məqamlara aydınlıq gətirir. Yunis Orucov bir çox oxucunun bilmədiyi tarixi faktları ədəbiyyata gətirməklə bu faktların yenidən xatırlanmasına rəvac verir. Həmçinin geniş oxucu kütləsinin tariximizin bu qaranlıq səhifəsi ilə tanış edir.

Tarixi romanlar, eləcə də filmlər milli kimliyimizi, tariximizi sevdirmək, təbliğ etmək, həmçinin tariximizin görkəmli nümayəndələrinin olduğu kimi ictimaiyyətə çatdırmaq üçün çox önəmli və vacib bir istiqamətə sahibdir. Fikrimcə bu məqamda jurnalist həmkarımız Mətin Yaşaroğlunun yazdığı qeyd yerinə düşür: “Həm Nargin adasının Azərbaycan tarixində bir əsr ərzində dəfələrlə hansı qanlı səhifələrə şahidlik etdiyini bilmək, həm də Azərbaycan-Türkiyə qardaşlığını imkanları düşən kimi sərsəm “faktlar”la kölgə altına salanlara görk etmək üçün bu romanın əsasında yaxşı bir bədii film və ya serial da çəkmək olar. Bu yazım ilə dövlətdən film çəkilişləri üçün alınan vəsaitləri qəhrəmanları “ailəsini aldadan ərlər”, “ərini aldadan arvadlar”, “narkotikaya qurşanan gənclər”, “barlara düşən qızlar”, “gəlinlərini sevməyən qayınanalar” olan serialların çəkilməsinə sərf edən telekanal rəhbərlərinə, rejissorlara, sənət adamlarına müraciət etmək istəyirəm: bu roman demək olar ki, hazır ssenaridir. Millətimizin necə bir millət olduğunu, hansı mənəvi dəyərlərə söykəndiyini, dar gündə dosta-qardaşa münasibətini göstərən, gələcəyimiz üçün təbliğ edən bir gözəl film çəkmək olar.”

Elçin Bilaloğlu