21 sentyabr 2021 01:57
1134

Amerikalı musiqiçi: Şuşa mədəniyyətin, müsiqinin beşiyidir

Qarabağın dilbər guşəsində möhtəşəm musiqi bayramı düşmənə göz dağı oldu

Şuşa tarixən Azərbaycanın musiqi beşiyi, elm və mədəniyyət mərkəzi,  böyük dühalar yetişdirən bir guşəsi olub. Burada yetişmiş şəxsiyyətlər dünya və Avropa miqyasında tanınmışlar. Onların əksəriyyəti  bənzərsiz muğam sənətini dünya inciləri kimi tanıdaraq qeyri millətlərə də sevdirmişlər. Yalnız Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” kinofilmləri dünyanın yetmişdən çox ölkəsində tamaşaçıların rəğbətini qazanmışdı. Hələ yüz il əvvəl Seyid Şuşinskinin, Xarrat Qulunun, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün və başqa xanəndələrin ifa etdikləri muğamlar Orta Asiyada şöhrət tapmışdı. Böyük bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti xarici ölkələrdə alqışlarla qarşılanmış, nadir sənət nümunəsi kimi qiymətləndirilmişdir. Vokal sənətinin görkəmli nümayəndələrindən biri olan Polad Bülbüloğlu keçmiş SSRİ məkanında və dünyanın bir sıra ölkələrində özünəməxsus ifa tərzi ilə Azərbaycanın zəngin  musiqi sənətini tanıtmışdır.

Bu günlərdə Şuşada qeyd edilən Azərbaycan Milli Musiqi Günü böyük sənət bayramı idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu möhtəşəm tədbiri yüksək qiymətləndirərək iştirakçıları təbrik etdi. Birinci vitse-prezident dünya şöhrətli bəstəkarlar olan

Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini hörmətlə yada saldı. Musiqi bayramına möhtəşəmlik gətirən amillərdən biri də buraya xarici ölkələrin tanınmış musiqiçilərinin qonaq gəlməsi oldu. Onlardan biri, ABŞ-dan gələn Della Miles mətbuata maraqlı açıqlama verib. O deyib: “Hazırda vətənim ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda, Şuşada olmaqdan çox xoşbəxtəm.”

Dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfəri zamanı

bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin inkişaf istiqamətini müəyyən etmək mümkündür.

Della Miles, həmçinin Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

O, ölkəmizə səfəri çərçivəsində azərbaycanlı xanəndə və piano ifaçısı, əməkdar artist Qoçaq Əsgərovla birgə layihə üzərində işlədiklərini də diqqətə çatdırıb.

Tədbir iştirakçıları böyük müğənni Bülbülün, Üzeyir Hacıbəylinin, şarə Xurşud Banu Natəvanın güllə “yaralarını”, onların vəhşicəsinə dağıdılmış ev-muzüylərini öz gözləri ilə gördülər və erməni vandalların vəhşiliyinin şahidi oldular. Azərbaycan mədəniyyətinə qənim kəsilən ermənilər həmişə musiqi xəzinəmizin qiymətli incilərini oğurlamağa və öz adlarına çıxmağa çalışıblar. Bu barədə saysız-hesabsız faktlar və dəlillər var.

Şuşanın türk xalqlarının mədəniyyət mərkəzi kimi tanınmasına tamamilə haqqı var. Bu şəhərin müğənniləri və muğam ustaları Yaxın Şərqdə öz səsləri və avazları ilə yaxşı tanınmışlar. Bu gün onların yetişdirdikləri nəslin nümayəndələri arasında istedadlı müğənnilər, teatr aktyorları, muğam ustaları, xalq çalğı alətləri ifaçıları var. Onlar Şuşamızın keçmiş şöhrətini  özünə qaytarmaq əzmindədirlər.

Vəli İlyasov, “İki sahil”