21 sentyabr 2021 20:15
1268

İftixarla xatırlayırıq...

ŞƏRQ QAPISI-100

NAXÇIVAN TEATRI VƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSU “ŞƏRQ QAPISI” QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ (1941-1945)

İkinci Dünya Müharibəsi Azərbaycan teatrının tarixinə böyük və gərgin fəaliyyət dövrü kimi daxil oldu və milli teatr sənətində əhəmiyyətli dəyişiklərlə yadda qaldı. Əlbəttə, bütün maddi və mənəvi qüvvələrin hərbi məqsədlər üçün səfərbər edildiyi müharibə şəraitində təbii ki, itkilər də oldu: teatrların maddi imkanları azaldı, repertuar vəziyyəti ağırlaşdı. Bu isə dramaturgiyanın və onun tələsik səhnə təcəssümünün keyfiyyətinə, tələbatın azalmasına gətirib çıxardı. Müharibə respublika teatrlarının yaradıcılıq ritmini dəyişdirdi, teatrlar ideyaca qüvvətləndi, müasirliklə əlaqəsi möhkəmləndi, yeni mövzularla zənginləşdirildi.

Müharibə dövründə respublikanın bütün teatları kimi Naxçıvan teatrından da  repertuarını təzələmək, günün tələbinə uyğun tamaşalar yaradılmasını sürətləndirmək və eyni zamanda zəhmətkeşlər arasında geniş təbliğat işi aparmaq, cəbhədə, qospitallarda, kolxoz tarlalarında və sənaye müəssisələrində çıxış etmək kimi böyük təşkilatçılıq və çeviklik tələb olunurdu.

Müharibə illərində xalqın, sənətkar ziyalıların fəaliyyəti ümumxalq mübarizəsinin tərkib hissəsinə çevrilmiş, faşizmlə aparılan bu tarixi döyüşdə vətənpərvər teatr xadimləri də əldə silah düşmənlə üz-üzə gələrkən əsl döyüşçü şucaəti göstərmişlər. Bu illərdə bütün xalq səfərbər edildiyi kimi incəsənət işçiləri qarşısında da yeni məsul vəzifələr qoyulmuşdu. Azərbaycan teatrının qüvvətli qollarından biri olan Naxçıvan teatrı da üzərinə düşən vəzifələri yerinə yetirmək üçün Vətənin çağırışı və xalqa müraciəti ilə işlərini müharibənin tələbləri əsasında qurur, vətənə, xalqa, qələbəyə inam hissi aşılamaq üçün böyük fədakarlıqla fəaliyyətə başlayır. 

İkinci Dünya Müharibəsi illərində cəbhəyə gedən Azərbaycan oğulları və qızları arasında yazıçılar, bəstəkarlar, rejissorlar, aktyorlar, teatr və mədəni-maarif müəssisələri işçiləri də az deyildi. Müharibənin ilk günlərindən ölkəni alman-faşist işağalçılarından təmizləmək üçün Naxçıvan teatrının aktyorlarından bir qismi – Rza Məmmədov (bacıoğlu), Mirələsgər Seyidov, Ağabala Məmmədov, Tələt Nəcəfov, Məmməd Cəfərov, Firudin Sultanov, Abbas Quliyev və başqaları cəbhəyə yollandı, digər bir qismi isə ayrı-ayrı briqadalara  bölünüb qüvvə və bacarıqlarını arxa cəbhənin möhkəmləndirilməsinə aid mövzularda tamaşalar hazırlamağa, müsamirələr təşkil etməyə səfərbər olundular.

İlk illərdə Naxçıvan teatrı da ölkənin qabaqcıl teatırlarının təcrübələrindən istifadə edərək tamaşaçılarına dövrün tələblərinə uyğun, böyük təbliğat gücünə malik olan kiçik səhnəciklər və kompozisiyalar göstərirdi.

Əvvəlki dövrlərdə olduğu kimi, “Şərq qapısı” qəzeti müharibə illərinın demək olar ki, bütün səhifələrində Naxçıvan teatrında göstərilən vətənpərvərlik tamaşaları ilə yanaşı teatrın həyatında baş verən digər hadisələri də işıqlandırırdı.

Müharibə dövrünün tələbləri Naxçıvan teatrının da yaradıcılıq fəaliyyətini dəyişdi. Naxçıvan Vilayət Partiya Komitəsinin 17 dekabr 1941 -ci il tarixli qərarı ilə Naxçıvan Dövlət Dram Teatrının işini daha da yaxşılaşdırmaq məqsədilə istedadlı aktyor İbrahim Həmzəyev teatrın direktoru təyin edilir. Fəaliyyətə başladığı ilk gündən İ.Həmzəyev işini müharibə dövrünün tələbələrinə uyğun qurmağa çalışır, teatrda yeniliklər edir və kollektivə gənc istedadlı yaradıcı qüvvələr cəlb edir.

Teatr müharibənin ilk ilində (1941) repertuarında olan – Səməd Vurğunun “Vaqif”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Mehdi Hüseyinin “Şöhrət”, Osman Sarıvəllinin “Babək” və digər bu kimi xalqın azadlıq mübarizəsini əks etdirən əsərləri tamaşaya qoyur.

Müharibə mövzusu üzərində teatrların və Azərbaycan dramaturqlarının əlbir işi 1941-ci ildən öz bəhrəsini göstərir. Həmin illərdə Məmmədhüseyn Təhmasib “Bahar” əsərini yazır. “Şərq qapısı”qəzetinin 5 mart 1941-ci il tarixli nömrəsindən: “Bahar” pyesi teatrda oynanılan ilk müasir mövzulu əsərlərdən idi. Tamaşada xalqımızın Vətəninə, torpağına məhəbbəti, azadlıq ideyalarına sədaqət göstərilirdi. Əsər 1941-ci ilin mart ayının 2-də Səməd Mövləvinin quruluşu və Şamil Qazıyevin bədii tərtibatı ilə tamaşaya qoyuldu”. Rza Məmmədov və Əyyub Abbasov-Qaya, Mirhəsən Mirişli və Abbas Quliyev-Veysəl mirzə, Xədicə Qazıyeva və Rüxsarə Ağayeva-Bahar, Firuzə Əlixanova-Qumru, Telli Ələkbərova-Laçın, Əyyub Haqverdiyev və Rza Tumbullu-Kərim əmi, İbrahim Həmzəyev-Tərlan, Tələt Nəcəfov-Ədhəm, İ.Xəlilov-Vəli, Kazım Hüseynov-Professor obrazlarını yaradırlar.

Teatrın 1942-ci il repertuarını S.Vurğunun “Fərhad və Şirin”, “Vaqif”, S.Rüstəmin “Qaçaq Nəbi”, M.Təhmasibin “Aslan yatağı”, “Bahar”, O.Sarıvəllinin “Babək”, Ə.Haqverdiyevin “Pəri cadu”, N.Vəzirovun “Hacı Qəmbər”, “Yağışdan çixdıq, yağmura düşdük”,  Ə.Abbasovun “Məlik Məmməd”, A.Şaiqin “Vətən”, Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, Z.Hacıbəyovun “Aşıq Qərib”, “Evliykən subay”, M.Ordubadi və S.Rüstəmovun “Beş manatlıq gəlin”, A.Məşədibəyovun “Toy kimindir?”, M.İbrahimovun “Məhəbbət” əsərləri təşkil edir. Qəzetin 25 sentyabr 1942-ci il tarixli nömrəsində bu əsərlərin repertuarda yer alması, tamaşaya qoyulması müharıbə illərində teatrın yaradıcılıq işində böyük bir irəliləyişə nail olduğu, səhnə uğurlarını genişləndirdiyi bir daha təsdiqini tapır.

1942-ci ildə teatrda tamaşaya qoyulan əsərlər arasında Krım tatarlarının faşizmə qarşı mübarizəsinə həsr edilən M.Təhmasibin “Aslan yatağı” tamaşası (İ.Həmzəyevin quruluşunda, Şamil Qazıyevin bədii tərtibatında) mövzu aktuallığına və tamaşanın motivlərinə görə fərqlənirdi. Bu tamaşa da tarixi qəhrəmanlıq, qüvvətli vətənpərvərlik ruhu ilə birləşirdi. “Aslan yatağı” pyesində dramaturji material, bütün mənəvi-ictimai keyfiyyətlər faşizm əleyhinə mübarizə ideyası üzərində qurulmuşdur. Dramaturq isə qələbəyə şakk-şübhə etmirdi.

Həmin ildə adamların canlı obrazlarını əks etdirən vətənpərvərlik, qəhrəmanlıq ruhlu “Vəfa” (Rəsul Rza), “İntiqam” (Zeynal Xəlil) əsl romantik sənət əsərlərinə müraciət ediyindən tamaşıçıların da mədəni səviyyəsi yüksəlir, tələbləri də artırdı. Qəzetin 25 yanvar 1943-cü il tarixli nömrəsindən: “Hər iki əsər İ.Həmzəyevin quruluşunda (rəssam Şamil Qazıyev) uğurla hazırlanmışdı. “İntiqam” əsərinin tamaşasında (21 yanvar) Ukraniyada azərbaycanlı döyüşçulərin, habelə digər xalqların övladlarının yerli əhali ilə birlikdə alman-faşıst işğalçılarına qarşı mübarizəsinin ağır günləri təsvir edilirdi. Tamaşada yadlara nifrət, düşmənlərə amansızlıq duyğuları səhnədən səslənirdi. “İntiqam” pyesi bir də ona görə qiymətli idi ki, Ukrayna çöllərində, Qafqazın ətəklərində, Stalinqrad yaxınlığında döyüşən azərbaycanlı oğlan və qızların bütün xalqlarla sarsılmaz birliyi, azərbaycanlı Qoşqarın ukraynalı partizanlar – Taras, Nataşa və Tanya ilə çiyin-çiyinə vuruşduğu, onların məqsəd və mənafeləri tamaşada təcəssüm olunurdu. Müharibə alovları içərisində yaranmış səmimi dostluq və məhəbbət duyğuları inandırıcı tərzdə təsvir olunduğu kimi, faşistlərin törətdiyi vəhşiliklər, müsibətlər də gərgin dramatik vəziyyətlərdə nümayiş etdirilirdi. Tamaşada vətəndaşlıq, vətənpərvərlik ruhu olduqca güclü idi. Tamaşaların səhnə taleyinin maraqlı olmasında teatrın yaradıcı heyətinin rolu olduqca böyük idi. Göstərilən tamaşalarda S.Mövləvi, İ.Həmzəyev, F.Əlixanova və b. layiqli səhnə obrazları yaratmışdılar. Aktyorlar canlandırdıqları obrazlar vasitəsilə yadelli işğalçılara qarşı nifrət duyğularını səhnədən səsləndirirdilər”.

Qəzetin 1942-ci il 19 sentyabr tarixli nömrəsində S.Mövləvinin müsahibəsindən məlum olur ki, teatr mövsümünü 19 sentyabrda Z.Hacıbəyovun “Evliykən subay” musiqili komediyası ilə açır. Həmin teatr mövsümündə O.Sarıvəllinin “Babək” (13 fevral), M.İbrahimovun “Məhəbbət” (14 fevral), Ü.Hacıbəyovun “Leyli və Məcnun” (15 fevral, 6 mart), “Əsli və Kərəm” (28 fevral), Ə.Haqverdiyevin “Pəri cadu” (23 fevral), S.Rüstəmov və M.Ordubadinin “Beş manatlıq gəlin” (29 aprel), S.Vurğunun “Vaqif” (11 oktyabr) əsərləri tamaşaya qoyulmuşdur. Həmçinin müsahibədə “Fərhad və Şirin” (24 oktyabr), N.Vəzirovun “Hacı Qəmbər” (11 dekabr), A.Şaiqin “Vətən” (26 dekabr), əsərlərinin tamaşaya qoyulacağı da qeyd edilmişdir. Teatr eyni zamanda əvvəllərdə olduğu kimi Azərbaycanın və qonşu respublikaların teatrları ilə sıx əlaqə saxlayır, görkəmli səhnə ustalarını Naxçıvana dəvət edir.

Səhnə fəaliyyətinin 35 illiyi ilə əlaqədar 1942-ci ildə S. Ruhulla Naxçıvana dəvət edilir. Sidqi Ruhullanın Naxçıvana gəlişi ilə əlaqədar 11 oktyabr 1942-ci il tarixli “Şərq qapısı” qəzeti yazırdı: “Sidqi Ruhulla oktyabrın 10-da M.F.Axundov adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulan “Vaqif’ əsərində Qacar rolunda çıxış etmişdir. Bu gün (11 oktyabr) o, yenə həmin obrazda səhnəyə çıxacaqdır.”  

Qəzetin 16 fevral 1942-ci il tarixli nömrəsində M.İbrahimovun “Məhəbbət” əsərinin ilk dəfə 14 fevralda İbrahim Həmzəyevin quruluşunda, Şamil Qazıyevin bədii tərtibatında tamaşaya qoyulduğu göstərilməklə, teatrın öz səhnə uğurlarını ardıcıl olaraq möhkəmləndirdiyi və yaradıcılıq işini təkmilləşdirdiyi işıqlandırılmışdır. Zəroş Həmzəyeva-Məhəbbət, Əyyub Haqverdiyev-Mahir, Yusif Haqverdiyev-Qulam Həsən, Xədicə Qazıyeva-Hürrü, Telli Ələkbərova-Fatma, Tamara Məmmədova-Zəhra, Pakizə Məmmədova-Zeynəb, Məmmədrza Əliyev-Aslan, İbrahim Həmzəyev-Yusif, Əşrəf Rüstəmov-Kərim, Mirhəsən Mirişli-Məmişov, Səməd Mövləvi-Əhməd Biqəm, Firuzə Əlixanova-Töhfə, Rza İsfəndiyarlı-İsgəndər, Ağarza Rzayev-Mənaf, Kazım Hüseynov-Murtuz ağa, Əli Qurbanov və Əsgər Rüstəmov-Məmiş və Adil Bağırov-Heydərov maraqlı obrazlar yaratdıqları göstərilmişdir.

1942-ci ildə teatrda aktyor sənətini inkişaf etdirmək sahəsində rejissorların da üzərinə məsuliyyətli vəzifələr düşmüş, onlar bu mühüm vəzifənin yerinə yetirilməsi üçün görkəmli aktyor və rejissor İ.Həmzəyevin təşəbbüsü ilə Tamara Məmmədova, Sofya Hüseynova və Zəroş Həmzəyeva teatra cəlb edilir. T.Məmmədova M.İbrahimovun “Məhəbbət” pyesində Zəhra, S.Hüseynova S.Vurğunun “Fərhad və Şirin” dramında Ozan qızı, Zəroş Həmzəyeva N.Vəzirovun “Hacı Qəmbər” komediyasındakı Yetər rolları ilə səhnəyə qədəm qoymuşlar. Onların bu roldakı çıxışı həm gənc aktrisaların özündə, həm də onun təcrübəli iş yoldaşlarında səhnəyə istedadlı gənclərin gəldiyinə inam oyatmışdır.  

Müharibə illərinin maraqlı tamaşalarından biri də S.Vurğunun “Fərhad və Şirin” əsəridir. Əsər Naxçıvan teatrının səhnəsində 24 oktyabr 1942-ci il tarixdə İ.Həmzəyevin quruluşunda (rəssam Ş.Qazıyev) tamaşaya qoyulur. Tamaşa haqqında “Şərq qapısı” qəzeti yazırdı: “Fərhad və Şirin” əsəri tamaşaya qoyulmaqla öz yaradıcılıq tarixində irəliyə doğru yeni bir addım atmışdır. İbrahim Həmzəyev-Fərhad, Zəroş Həmzəyeva- Şirin, Səməd Mövləvi-Şapur, Yunis Qasımov-Şuriyə, Sofya Hüseynova-Ozan qızı rolunda oynamışlar.  

Qəzetin 12 dekabr 1942-ci il tarixli nömrəsində göstərilir ki, Naxçıvan teatrının 6 noyabr 1942-ci il tarixli 277 nömrəli əmri ilə N.Vəzirovun “Hacı Qəmbər” əsəri tamaşaya hazırlanır. Həmin əsər dekabrın 11-də tamaşaya qoyulur. Tamaşada M.Mirişli-Hacı Qəmbər, Sara və Jalə xanım-Dilbər, S.Hüseynova-Cavahir, Z.Həmzəyeva-Yetər, Ə.Haqverdiyev-Cəbi, Ə.Əhmədov-Əşrəf bəy, Ə.Qurbanov-Hacı Salman, A.Rzayev-Molla Şəfi, A.Əliyev-Qıdı kirvə, S.Mövləvi-İmanqulu, K.Şeyxov-Aşıq Vəli və Ə.Rüstəmov-Xudaverdi rollarında çıxış etdikləri bildirilir.

Teatrın yaradıcı kollektivi müntəzəm olaraq muxtar respublikanın rayon və kəndlərində maraqlı tamaşa və konsert proqramları ilə çıxış etdiyi “Şərq qapısı” qəzetin 26 iyul 1942-ci il tarixli nömrəsində işıqlandırılmışdır. Orada göstərilir ki, həmin ildə İncəsənət İşlər İdarəsinin xidmət müəssisələri (teatr da daxil olmaqla) orduda vuruşan əsgərlər üçün müxtəlif bağlamalar, yunlu dəri, 4633 manat nəqd pul (köhnə miqyasla), isti paltarlar və digər ləvazimatlar göndərmiş, bunlarla yanaşı, teatrın kollektivi idarənin köməyi ilə hərbi hissələrdə, hərbi xəstəxanalarda 250-dən çox teatr və konsert tamaşaları vermişlər.

“Şərq qapısı” qəzetində göstərilən materiallardan aydın olur ki, zamanın tələblərindən asılı olaraq Naxçıvan teatrı yerlərdə zəhmətkeş xalq kütləsi arasında geniş təbliğat işləri aparır, cəbhədə vuruşan döyüşçüləri qələbəyə ruhlandırmaq məqsədi ilə bədii xidmətin səviyyəsini yüksəltmək üçün (1942) teatrın nəzdində təşkil edilmiş 3 bədii briqaya S.Mövləvi, M.Mirişli, F.Əlixanova rəhbərlik edirlər.. Bu bədii briqadalar hərbi hissələrdə, hərbi xəstəxanalarda və eləcə də, muxtar respublika zəhmətkeşlərinə bədii xidmət etməklə bərabər, qonşu respublikalarda qastrolda olur, zəhmətkeşlərə S.Vurğunun “Vaqif”, S.Rüstəmin “Qaçaq Nəbi”, Z.Xəlilin “İntiqam”, M.Təhmasibin “Aslan yatağı” tamaşalarını göstərirdilər. Həmin tamaşalar xalqı mərd, mətanətli, vətənpərvər, cəsarətli olmağa səsləyirdi.

Naxçıvan teatrı müharibə illərində respublikanın qabaqcıl teatr kollektivlərilə təcrübə mübadiləsində olmuşdur. Görkəmli aktyorlarla olan görüşlər, onların təcrübəsindən öyrənmək teatrın gənc üzvlərinin püxtələşməsinə böyük təsir göstərmişdir. 1943-cü ilin avqustunda Azərbaycan Dövlət Dram Teatrının bədii briqadası 15 gün müddətində Naxçıvanda olmuş, bədii briqadanın tərkibində Azərbaycan SSR Xalq artistləri Fatma Qədiri, Kazım Ziya, Azərbaycan SSR Əməkdar artistləri Haşım Kələntərli, Əjdər Sultanov, Hökümə Qurbanova olmuşlar. Briqadaya teatrın direktoru, əməkdar incəsənət xadimi Səftər Turabov rəhbərlik edirdi. Qastrol müddətində  S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, M.İbrahimovun “Məhəbbət”, S.Rəhmanın “Toy” əsərlərini göstərirlər.

Yüksək səhnə mədəniyyəti, bacarıqlı rəssam, istedadlı aktiyor işi və həssas bəstəkar incəliyi tələb edən ən yaxşı tamaşalardan biri A.Şaiqin “Vətən” pyesidir. Bu pyes 1942-ci ilin dekabr ayının 25-də İsa Musayevin quruluşunda (rəssam Şamil Qazıyev, geyim eskizi Əyyub Hüseynov, musiqi tərtibatçısı Ənvər Hüseynov) tamaşaya qoyulur. Rejissor tamaşanı müasir ruhda, zamanın tələbi səviyyəsində hazırlamış, qəhrəmanın vətəni mərdliklə müdafiyə etdiyini, onun azadlıq uğrunda apardığı mubarizəsini müvəffəqiyyətlə verməyə nail olmuşdu.

Qəzetin 30 dekabr 1942-ci il tarixli nömrəsində “Abdulla Şaiqin Vətənpərvərlik ruhlu “Vətən” pyesi tamaşaya qoyuldu” adlı baş məqaləsindən. Pyes mövzu etibarı ilə müharibə dövrünün tələblərinə tam uyğun hazırlanmışdı. Əsərin ana xəttini qəhrəmanlıq, vətən və xalq məhəbbəti ideyası təşkil edirdi. Əsərin qəhrəmanı Elman vətənini dərindən sevən, onun üçün bütün fədakarlığa gedən bir el qəhrəmanıdır. O, heç bir çətinlikdən qorxub çəkinmədən, Vətən qarşısındakı borcunu namusla yerinə yetirir. Biz Elmana baxarkən qeyri-ixtiyari olaraq, bu gün cəbhələrdə hitlerə qarşı döyüşlərdə misli görünməmiş igidliklər göstərən vətən oğullarını-Məzahir Abbasov, Kamal Qasımov və Bəxtiyar Kərimovu xatırlayırıq. Elman da onlar kimi vətənə qarşı məhəbbəti hər şeydən yüksək tutur, onun uğrunda mübarizə aparmağı özü üçün şərəf bilir...Tamaşada azdalıq sevən Azərbaycan xalqının  qəhrəman qızı – dünya gözəli rolunda Zəroş Həmzəyeva  xalqın ən nəcib sifətlərini təcəssüm etdirməklə dünya gözəli obrazında xalqın qürur və əzəmətini canlandırır. İbrahim Həmzəyev-Elman sürətində həm xalqın mənəvi qüdrəti, həm də qəhrəmanlığı vəhdət halında birləşdirir, müvəffəqiyyətlə çıxış edir, obrazın daxili aləmini bütün hissi ilə tamaşıçılara çatdırırdı”.

“Vətən”in 1943-cü ildə yenidən tamaşaya qoyulması haqqında qəzetin 16 dekabr  tarixli nömrəsində İdris Səlimov yazırdı: “Vətən” həqiqətən gənc nəslimizi vətəni müdafiə etməyə, onun hər cür düşmənlərə qarşı amansız olmağa çağıran ən qiymətli və ən mühüm bir səhnə əsəridir...”.

Azərbaycan İncəsənət İşlər İdarəsi Naxçıvan teatrının görkəmli sənətkarı İsa Musayevin təşkilatçılıq bacarığını nəzərə alaraq 1940-cı ildə onu Quba teatrına bədii rəhbər və direktor vəzifəsinə göndərir. O, 1943-cü ilin sonunadək burada fəaliyyət göstərən İsa Musayevin rəhbərliyi ilə Quba teatrı xalqımızın faşist işğalçıları ilə apardığı ölüm-dirim mübarizəsində insanları inamlı və əzmli olmağa çağırır, düşmənə qalib gəlmək üçün ruhlandırır. Şimali Qafqaz rayonlarında, hərbi hissələrdə, hərbi xəstəxanalarda Vətənin istiqlaliyyəti, azadlığı uğrunda mübarizəni əks etdirən, haqqı, ədaləti, sülhü təbliğ və tərənnüm edən “Məhəbbət” (M.İbrahimov), “İntiqam” (Z.Xəlil), “Vaqif” (S.Vurğun), “Qaçaq Nəbi” (S.Rüstəm), “Aslan yatağı” (M.Təhmasib), “Babək” (O.Sarıvəlli), “Toy” (S.Rəhman), “Vətən oğlu” (K.Simonov) və başqa vətənpərvər ruhlu əsərləri hazırlayaraq nümayiş etdirir. 1943-cü ilin axırlarında Azərbaycan İncəsənət İşlər İdarəsi İsa Musayevi Naxçıvan İncəsənət İşlər İdarəsinin rəisi vəzifəsinə göndərir. O, bu vəzifədə işləməklə yanaşı Naxçıvan teatrında aktyor və rejissor kimi də fəaliyyət göstərir. Qeyd etmək olar ki, “Şərq qapısı” qəzei həmyerlımiz İsa Musayevin Quba teatrında hazırladığı tamaşaları da səhifələrində işıqlandırırdı.

Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə, habelə Böyük Vətən Müharibəsi günlərində Qızıl Ordu və Hərbi Dəniz Donanması hissələrində bədii xidməti yaxşı təşkil etdiklərinə görə Naxçıvan teatrının bir sıra sənətkarları – İbrahim Həmzəyev, Səməd Mövləvi, Əyyub Haqverdiyev, İsa Musayev (Həmin vaxt İsa Musayev Quba Dövlət Dram Teatrında direktor və bədii rəhbər vəzifəsində işləyirdi) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1943-cü il tarixli fərmanı ilə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülürlər. “Şərq qapısı” qəzetinin 19 iyun 1943-cü il tarıxli nömrəsində işıqlandırılan bu fərman teatr kollektivində böyük sevinc doğurur, onları səhnə yaradıcılıqlarını daha da inkişaf etdirmək üçün ruhlandırır.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1943-cü il tarixli fərmanı müharibə illərində alman-faşist işğalçılarına qarşı vuruşan həmyerlimiz, Naxçıvan teatrının sabiq aktyoru, komandir Əkbər Heydər oğlu Məmmədovu sevindirir. Onun cəbhədən göndərdiyi məktub qəzetin 12 avqust 1943-cü il tarixli nömrəsində verilir. Məktubda: “İbrahim Həmzəyev, Səməd Mövləvi, Əyyub  Haqverdiyev və İsa Musayevi Azərbaycan SSR Əməkdar artisti fəxri adları almaları münasibəti ilə təbrik edir...Bu yüksək qiymət bütün Naxçıvan zəhmətkeşləri üçün, xüsusən incəsənət işlərimiz üçün böyük fəxrdir. Biz cəbhədə düşmənlə amansız mübarizə apardığımız kimi, siz də xalqımıza yüksək bədii tamaşalar göstərməklə əlinizdən gələni əsirgəməyin... Əkbər Məmmədov”.

Müharibə illərində Naxçıvan teatrının kollektivi böyük fədakarlıq göstərdiyinə görə qəzetin 12 avqust 1944-cü il tadixli nömrəsində: Naxçıvan Muxtar Respublikası Ali Soveti Rəyasət Heyətinin 1944-ci il aprelin 25-də verdiyi fərmanla Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Əyyub Abbasov, Firuzə Əlixanova, Zəroş Həmzəyeva, Kazım Hüseynov, Ağarza Əliyev Naxçıvan Muxtar Rrespublikasının Əməkdar artisti, teatrın rəssamı Şamil Qazıyevin isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldüyü qeyd olunur. Həmin ilin avqust ayında Mirhəsən Mirişlinin döyüşçülər və zəhmətkeşlər qarşısında çıxışı və ifaçılıq qabiliyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adı, Əyyub Haqverdiyevə isə Zaqafqaziya hərbi dairəsi komandanlığının, Naxçıvan və Azərbaycan SSR Ali Sovetlərinin fəxri fərmanları ilə təltif edildikləri göstərilmişdir.

1945-ci il aprelin 28-də isə Xədicə Qazıyeva və Roza Cəfərxanova müharıbə illərində zəhmətkeşlərə göstərdikləri tamaşalarda xidmətlərinə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülürlər.

Müharibə teatrlarımız qarşısında yeni və ciddi vəzifələr qoymuşdu. İncəsənət xadimləri də işlərini müharibə dövrünün tələbləri əsasında qurdular. Naxçıvan teatrının kollektivinin bir çox aktiyorları əllərinə silah alıb döyüş meydanında vətən qarşısındakı vəzifəsini namusla yerinə yetirdi və böyük fədakarlıq göstərdi. Onlardan biri də teatrın artisti Abbas Quliyev idi. O, müharibənin ikinci günü cəbhəyə getdi, topçu alaylarının birində batareya komandiri vəzifəsində xidmət etdi. Azğın düşmənin müqəddəs Vətən torpağından qovulması uğrunda vuruşdu, 1945-ci ilin 21 fevralında Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. “İzvestiya” qəzetnin 1944-cü ildə döyüşən orduya həsr etdiyi məqaləsindən: “Naxçıvan teatrının tamaşaçıları həmin teatrın keçmiş artisti, indi isə enli kürəkli, aslan baxışlı, zabit Abbas Quliyevi görsələr çox güman ki, tanımayacaqlar. Bir zaman səhnə əsərlərində rolları ifa edən artist indi qvardiya baş leytenantıdır. O, Qızıl Bayraqlı topçu alayının birində batareya komandiridir. Quliyev Polşada batareyasının bütün şəxsi heyətini və silahlarını çaydan bərə ilə keçirmiş, onun topçuları faşistlərin  20-yə yaxın həmləsini dəf etmiş və əlverişli təpəni tutmağa şərait yaratmışdır. Teatr müharibə dövründə özünün ən yaxşı dram artisti Quliyevdən uzaq düşmüş, Qızıl Ordu isə gözəl topçu zabiti qazanmışdır”.

 Naxçıvan teatrının keçmiş rəssamı, yerli dramaturq Nağı Nağıyevin “Polad”  əsəri 8 may 1945-ci ildə İsa Musayevin quruluşunda (rəssamlar-Əyyub Hüseynov və Şamil Qaziyev) tamaşaya qoyuldu. Tamaşada əsas rollarda Əyyub Məmmədov-Polad, Ağarza Əliyev-Alman zabiti, Xədicə Qazıyeva-Şəfqət bacısı oynamışlar.

Sovet İttifaqı Qəhrəmanı, teatrın direktoru, Abbas Quliyevin  “Şərq qapısı” qəzetinə 7 oktyabr 1945-ci ildə vediyi “Naxçıvan teatrı yeni mövsüm (1945-1946) qarşısında” müsahibədən: “Zəhmətkeşlərimizə daha yaxşı bədii xidmət etmək, göstərilən tamaşaların keyfiyyətini bir daha zənginləşdirmək üçün bir sıra tədbirlər görürük. Teatrın binası yaxşı təmir edilməkdədir. Təmir işləri qurtardıqdan sonra (noyabrın 1-də) yeni mövsümə başlanacaqdır. Yeni mövsüm V.Şekspirin “Otello” əsəri ilə açılacaqdır. Hazırda aktyor heyəti “Otello”nun qızğın məşqlərini aparır. Əsərin quruluşunu teatrın bədii rəhbəri, Azərbaycan SSR Əməkdar artisti İ.Həmzəyev, bədii tərtibatını Naxçıvan MSSR Əməkdar incəsənət xadimi Ş.Qazıyev verirlər. “Otello” ilə yanaşı, A.Ostrovskinin “Günahsız müqəssirlər” əsəri də tamaşaya hazırlanır. “Günahsız müqəssirlər”in quruluşçu rejissoru Azərbaycan SSR Əməkdar artisti S.Mövləvidir. Ümumiyyətlə, aktyor heyəti öz təcrübələrini və nəzəri biliklərini artırmağa da səy göstərir. 1945-1946-cı il tamaşa mövsümünün birinci yarısında dramaturq Rza Şahvələdin “Qız qalası”, Sabit Rəhmanın “Aşnalar”, Əyyub Abbasovun “Məlik Məmməd” əsərləri də tamaşaya qoyulacaq, keçən ilki bir neçə tamaşa təkrar göstəriləcəkdir. Mövsümün ikinci yarısında repertuara yeni əsərlər salınması da nəzərdə tutulmuşdur. Əsərlərə quruluş vermək üçün başqa teatrlardan da rejissorlar dəvət ediləcəkdir”.

Qəzetin səhifələrini izlədikdə məlum olur ki, 1944-cü il fevral ayının 5-də Naxçıvan Vilayət Partiya Komitəsi və Naxçıvan MSSR Xalq Komissarlar Sovetinin burosunda Mirzə Fətəli Axundov adına Naxçıvan Dövlət Dram Teatrının 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilir. Yübileylə əlaqədar Naxçıvanda yeni tikilmiş 500 yerlik yay teatrına Cəlil Məmmədquluzadənin adı verilir. Həmin ildə zəhmətkeşlərin teatra olan ehtiyacı nəzərə alınaraq Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin 31 iyul 1944-cü il tarixli fərmanı ilə Ordubadda Dövlət Dram Teatrı yaradılır və teatra Məmməd Səid Ordubadinin adı verilir. M.F.Axundov adına Naxçıvan Dövlət Dram Teatrı Ordubad Dövlət Dram Teatrında kadr və bacarıqlı aktyor olmadığını nəzərə alaraq onları himayəyə götürür. Bütün bunlar xalqın həyat və mübarizəsi, sənət adamlarının duyğusu ilə bağlı idi.

Naxçıvan Dövlət Dram Teatrının 1941-1945-ci illərdəki tamaşalarına nəzər saldıqda, o zaman doğma yurdun şərəfi və istiqlaliyyəti uğrunda böyük sınaqlardan çıxmış xalqların mübarizəsini təsvir edən təsirli və real mənzərələr göz önündə canlanır. Müahribə törətdiyi fəlakətlərlə yanaşı həm də, adamların mətanətinin, igidliyinin, humanizminin, misli görünməmiş qəhrəmanlığının sınaq meydanı oldu.

Teatrın müharibə dövrü tamaşaları bir daha göstərdi  ki, tamaşaların qayəsi, məqsədi və amalı inam olmuş və onu zəhmətkeş kütlələrə aşılaya bilmişdir. Bütün bunlar insanları mənəvi cəhətdən silahlandırır, onlarda milli qürur hissi tərbiyə edir, düşmənlərə qarşı nifrət hissini gücləndirir və onların üzərində qələbəyə inamı artırırdı. Naxçıvan teatrının kollektivi müharibənin başladığı ilk anlarından döyüş meydanlarına atıldı, odlu-alovlu günlərdə xalqın ən etibarlı silahına çevrildi və ağır sınaqlardan müvəffəqiyyətlə çıxdılar. Bu mənada sonralar “Şərq qapısı” qəzeti 22 iyun 1965-ci il tarixli nömrəsində teatrın müharibə illərində göstərdiyi vətənpərvərlik ruhu aşılayan tamaşalar haqqında yazırdı: “...biz haqlı olaraq Azərbaycan bəstəkarlarının, dramaturqlarının əsərlərini və bu əsərlər əsasında aktyorlar və rejissorlar tərəfindən yaradılmış tamaşaları iftixarla xatırlayırıq”.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları

Əli Qəhrəmanov,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Nuray Bəktaşi,
Kiçik elmi işçi