Bu il bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ torpaqları düşməndən azad edildi. Noyabrın 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı. Çünki Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyinə və sonrakı gedişinə həlledici təsir göstərdi. Bu gün təqdim olunan kitabda da Azərbaycan tarixi, strateji qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanındakı uğurları geniş təhlil olunub.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov müəllifi olduğu “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimat mərasimində deyib.
Müəllif bildirib ki, kitabda Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir: “Kitabda Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salnaməsi açıqlanır. Ümummilli lider Heydər Əliyevin ermənilərin əsassız iddialarına qarşı mübarizəsi və Şuşaya zəngin tarixi abidə kimi qayğısı vurğulanır. Bununla yanaşı, ötən il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də 2021-ci ildə şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər geniş tətbiq edilir. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti açıqlanır. Kitabda bütün bu mühüm hadisələr də rəsmi fotolarda öz əksini tapıb”.
E.Əhmədov qeyd edib ki, kitabın müxtəlif dillərə tərcümə olunması nəzərdə tutulur.