Bülbülün Memorial Muzeyində 8 Noyabr - Zəfər Günü münasibətilə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Vətən müharibəsindən, Zəfər Gününün tarixi əhəmiyyətindən, yeni fəaliyyətə başlayan Bülbülün Şuşadakı ev-muzeyindən söhbət açıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər. Respublika və beynəlxalq müsabiqələr laureatları Fateh İsgəndərin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" , Nuranə Salamovanın ifasında Cövdət Hacıyevin "Ballada", Vasif Cavadovun ifasında Süleyman Ələsgərovun "Daimi hərəkət", İnayət Pərzadlının ifasında Fikrət Əmirovun "Min bir gecə" baletindən fraqment, Mətləb Əhmədzadənin ifasında "Xudayar təsnifi" səsləndirilib.
Həmçinin Teatr şöbəsinin şagirdlərinin hazırladığı kompozisiyalar nümayiş etdirilib.