06 noyabr 2021 19:03
939

“Qarabağda Urbisid” fotosərgisi müxtəlif platformalarda nümayiş etdirilir

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin Qarabağda apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində bu ərazilərə dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda Urbisid” sərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

Fondun mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh Center" layihəsi əsasında “Qarabağda Urbisid” fotosərgisi nümayiş olunub.

Qeyd edək ki, eyni adlı sərgi və dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” videoçarxı noyabrın 5-də ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan, Rusiyanın Milli Müdafiə Jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” adlı tədbirdə də nümayiş etdirilib.

“Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağın maddi-mədəni irsi, bu regionun biomüxtəlifliyi və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.