08 noyabr 2021 22:24
1243

Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə ilk dəfə Simfonik Orkestrinin Zəfər Gününə həsr olunmuş vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təşkil edilib.

“İki sahil” xəbər verir ki, Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında keçirilən konsertdə Simfonik Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Dövlət Universitetinin Zəfər Gününə həsr etdiyi flaşmob tamaşaçı rəğbətini qazanıb. 1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda ali təhsil ocağının ərazisində “8 Noyabr-Zəfər Günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib. Tədbirin aparıcısı universitetin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Rumiyyə Məmmədovanın təqdimatında ötən ilin bu gününə nəzər salınıb.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti, siyasi səriştəsi, ordumuzun döyüş əzmi, qüdrəti və xalqımızın sarsılmaz iradəsi sayəsində qazandığımız qələbədən bir il ötür. Rektor əsası Ulu Öndər tərəfindən qoyulan müstəqilliyimizin dönməzliyi və sarsılmazlığı uğrunda apardığımız hər bir mübarizədə bütün gənclərə mətin və mübariz olmağı, bundan sonra zəfəri qeyd edəcəyimiz növbəti illərdə şəhidlərimizi daim xatırlamağı, onların müqəddəs ruhuna hər zaman hörmət etməyi tövsiyə edib. “Xalqımızın qürur və fəxarət dolu, qələbə ruhlu 44 günə şahidlik etdiyimiz üçün çox xoşbəxtik”, - deyən Elbrus İsayev qazandığımız qələbənin bir ili münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra ali təhsil ocağının Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət simfonik orkestrinin təqdimatında vətənpərvərlik mahnıları ifa edilib.

Konsertdə Ü. Hacıbəyov və O. Zülfüqarovun “Üvertüra”sı, M. Maqomayevin “Azərbaycan”, “Odlar ölkəsi”, “Aslan şahın ariyası” F. Əmirovun “Azərbaycan elləri”, B. Nəsibovun “Qarabağ”, R. Məmmədovun Yaşa mənim xalqım”, C. Quliyevin “Azərbaycan-Türkiyə”, sözləri və musiqisi universitetin Fortopiano kafedrasının müəllimi Nazilə Qardaşbəyova məxsus “Musiqi xəzinəsi- Azərbaycanım”, Konservatoriya və Musiqi Kollecinin birləşmiş xor kollektivlərinin ifasında Q. Qarayevin “Xoşbəxtlik kantatası” və digər mahnıları konsertə xoş ovqat bəxş edib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Cabir Hacıyevin xoreoqrafı olduğu Naxçıvan Musiqi kollecinin rəqs qrupunun ifasında E. Mansurovun “Odlar yurdu” rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsertin dirijoru 140 nəfərdən ibarət orkestrə rəhbərlik edən Azərbaycan Respublikasının Xalq artisti, universitetin professoru Çingiz Axundov, bədii rəhbəri ali təhsil ocağının müəllimi Ülvi Əhmədovdur.