12 noyabr 2021 20:56
1053

“Zəfərin səsi” adlı konsert proqramı təqdim edilib - FOTOLAR

“Park Bulvar” Ticarət Mərkəzində “Davam” Gənclər Hərəkatının (GH) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş “Zəfərin səsi” adlı konsert proqramı baş tutub.

Konsertdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Park Bulvar” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri  Arzu Bağırova və “Davam”ın gənc üzvləri iştirak ediblər.

Aparıcı Firuzə Cəlilova tamaşaçıları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsertin əvvəlində çıxış edən “Davam” GH-nin sədri Nihad Allahyarlı Zəfərimizin ilk ildönümü münasibəti ilə gəncləri təbrik edib, qələbələrimizin davamlı olmasını diləyib.

RHİM İB-nin sədri Arzu Bağırova “Davam” GH tərəfindən belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib və hərəkata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konsert zamanı Şəmistan Əlizamanlı, Nərmin Kərimbəyova, Vüqar Muradov, Fərid Mərd, Nuray Rəhman, Nofəl Aslanov, “Davam”ın gənc üzvü Fidan İsmayılzadə və digər tanınmış müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Gənclər mahnıların sədaları altında şənlənib, rəqs edib, yallı gediblər.

Konsert Nofəl Aslanovun ifa etdiyi “Ey Vətən” mahnısının sədaları altında yekunlaşıb.

Cavid Əkbərov, “İki sahil”