13 noyabr 2021 11:21
1179

Finlandiyanın paytaxtı Helsinkidə "Azərbaycan Zəfəri" adlı tədbir təşkil olunub

Finlandiyanın paytaxtı Helsinki şəhərində "Azərbaycan Zəfəri" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatı tərəfindən və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov, Türkiyənin Finlandiyadakı səfiri Mehmet Vakur Erkul, Diasporla İş üzrə Dövlət Komitəsinin və Diaspora Dəstək Fondunun rəsmi nümayəndələri, İsveç, Norveç və baltikyanı ölkələrdəki Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himinin səsləndirilməsi və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova çıxış edərək uzun müddət davam edən işğala son qoyan ölkəmizin Vətən müharibəsindəki Qələbəsi haqqında fin dilində məlumat verib. O bildirib ki, xalqımız bu şanlı yolda üzləşdiyi çətinliklərə və maneələrə baxmayaraq, işğala və tarixi haqsızlığa da son qoymağa nail olub.

Öz növbəsində Azərbaycanın İsveçdə və eyni zamanda, Finlandiyadakı səfiri Zaur Əhmədov çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizədən söz açan Zaur Əhmədov, xalqımızın qətiyyətini və gücünü göstərən, milli Zəfər gününün əhəmiyyətini vurğulayıb. Azərbaycanın atdığı addımlarının provokasiyalara son qoymaq istəyindən irəli gəldiyini vurğulayan səfir, bu addımların Azərbaycanın tanınan ərazisində, beynəlxalq normalar çərçivəsində həyata keçirildiyini deyib. Diplomat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər əldə edərək, yeni inkişaf və quruculuq dövrünə qədəm qoyur.

Ardınca çıxış edən Türkiyənin Finlandiyadakı səfiri Mehmet Vakur Erkul və digər qonaqlar, qazanılan tarixi Qələbənin vacibliyini vurğulayaraq, xalqımızı əlamətdar bayram münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində, beynəlxalq müsabiqələr laureatı vokalist Orxan Cəlilov, Əməkdar artist Sahib Paşazadə, Opera və Balet Teatrının konsertmeyseri Leyli Hüseynova, skripkaçı Artemi və məşhur nağaraçı Əli Məlikov, habelə Finlandiyada yaşayan diaspor fəalları çıxış edərək böyük marağa səbəb olublar.

Tədbir çərçivəsində qonaqlara milli mədəniyyətimizi nümayiş etdirmək üçün şeirlər oxunub, Qarabağla bağlı film nümayiş etdirilib və Azərbaycana aid fotosərgi təqdim olunub.

Səmimi atmosfer, maraqlı musiqi ifaları ilə yadda qalan tədbirin iştirakçılarına furşet də təqdim olunub.