13 noyabr 2021 14:06
957

Nizami Gəncəvi haqqında türk və Niderland dillərində yeni kitab nəşr olunub

Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur. “Nizami Gəncəvi İli” çərçivəsində dahi şair və mütəfəkkirlə bağlı Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirilməkdə və kitablar nəşr olunmaqda davam edir.

"İki sahil" xəbər verir ki, növbəti belə kitab Almaniyada yaşayan türk yazıçı-publisist Orhan Aras tərəfindən hazırlanıb. Kitabda Nizami Gəncəvinin həyat və fəaliyyəti haqqında məlumatlar, onun əsərləri yer alıb. Kitab Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən türk və Niderland dillərində çap edilib. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.