Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası təqdim olunacaq.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımov bildirib ki, Azərbaycan mədəniyyət xəzinəsinin ən parlaq nümunələrindən olan, illər ərzində ən çox sevilən əsərlərdən birinə çevrilən, hər kəsin qəlbinə yol taparaq dillər əzbəri olan, bu gün də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan “O olmasın, bu olsun” tamaşasının teatrımızın zəngin səhnə repertuarında hər zaman özünəməxsus yeri vardır: “Mən böyük fəxarətlə deyə bilərəm ki, dahi bəstəkarımızın bir sıra əsərlərində baş rollarda çıxış etmək şərəfinə nail olmuşam. Bunlardan “Koroğlu”, “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşalarını xüsusi olaraq qeyd edə bilərəm. “O olmasın, bu olsun” tamaşasının mənim səhnə fəaliyyətimdə çox böyük özəlliyi vardır. 1999-cu ildə 15 yaşım olarkən, ilk dəfə ifa etdiyim baş rol obrazı Sərvəri 22 ildən sonra yenidən, eyni həyacan və məsuliyyətlə doğma teatrımda tamaşaçılarımıza təqdim edəcəm. Düşünürəm ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün dahilərimizin yazıb yaratdığı əsərlər daim öyrənilməli və tamaşaçılarımıza təqdim olunmalıdır. Bir daha fürsətdən istifadə edib, kollektivimizin hər bir üzvünə tamaşada uğurlar arzu edirəm.”
Qeyd edək ki, tamaşada teatrının aparıcı solistləri Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Ramil Qasımov (Sərvər), İnarə Babayeva (Gülnaz), Cahangir Qurbanov (Qoçu Əsgər), Gülüstan Əliyeva (Sənəm), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy) və solist Fəhmin Əhmədli (Həsən bəy) iştirak edəcəklər. Tamaşanın dirijoru Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.