2021-ci il xalqımız, mədəniyyətimiz üçün olduqca dəyərli bir ildir. Çünki, bu il bizə əziz ocaq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Qeyd etməliyik ki, təqdim olunan bu mətn də ali musiqi ocağının 100 illik fəaliyyətinə həsr olunan məqalələr silsiləsinə daxildir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası 1921-ci ildə Azərbaycan musiqisinin dahisi Üzeyir bəyin təşəbbüsü ilə yaradılmışdır. Şərqin ilk konservatoriyası olan bu təhsil ocağı ötən müddət ərzində şərəfli, zəngin yol keçərək Azərbaycan musiqi səhifəsinə maraqlı, parlaq simalar bəxş etmişdir. Ölkəmizdə görkəmli bəstəkarlar, ifaçılar nəslinin yetişdirilməsində doğma ocağımızın əhəmiyyəti misilsizdir və xüsusilə vurğulanmalıdır.
Bu ali yolda addımlayan parlaq simalarımızdan biri də Azad Əliyev idi. Qəlbi musiqi ilə çırpınan Azad müəllim.... Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev, musiqinin içində göz açan, daim onunla nəfəs alan əsl sənətkar idi. Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə (professor K.Səfərəliyevanın sinfi) bitirdikdən sonra, vokal qabiliyyətinə malik olduğundan özünü bu sahədə də sınaqdan keçirmək istəyi ilə vokal şöbəsinə, İ.A.Lvoviçin sinfinə daxil olur. Hər iki müəllimin onun peşəkar musiqiçi kimi formalaşmasında böyük rolu olmuşdur. O, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını vokal ixtisası üzrə bitirir. Pedaqoji fəaliyyətə 1960-cı illərdə 6 №-li musiqi məktəbində başlayan Azad Əliyev, eyni zamanda A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində də çalışmışdır. O, 1972-1980-ci illərdə “Respublika” sarayının (indiki Heydər Əliyev sarayı) baş səs rejissoru olmuşdur. Həmçinin bu dövrdə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsini icra edərək, burada ilk kamera orkestri yaratmış və bu orkestrlə müxtəlif konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasında pedaqoji fəaliyyətlə məşğul olan A.Əliyev bu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi. O, “opera hazırlığı” sinfində 20-dən artıq məzun yetişdirmişdir. 1994-cü ildən ömrünün sonuna qədər Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olmuşdur. Azad Əliyev elə bir ailədə həyata göz açmışdı ki, burada musiqiyə böyük sevgi, hörmət, ehtiram bəslənilirdi. O, musiqiçilərin mühitində bir fərd kimi formalaşaraq, şəxsiyyət olaraq yetişmişdir. Hansı ki, məhz elə bu səbəblər A. Əliyevi parlaq simaların sırasına daxil edir. Əliyevlər ailəsində hamı musiqiçi idi. Atası Azərbaycanda violonçel ifaçılıq sənətinin bünövrəsini qoymuş mahir ifaçı, həssas pedaqoq, Azərbaycanın xalq artisti, professor Sabir Əliyev, anası - gözəl pianoçu, pedaqoq, dövrünün peşəkar konsertmeysterlərindən olan, əməkdar incəsənət xadimi, professor Elmira Əliyeva, bacısı isə Leyla anasının yolunu davam edən gözəl pianoçu, pedaqoq və konsertmeyster kimi bu ənənəni davam etmişdir. Qeyd edək ki, Azad Əliyevin həyat yoldaşı Zemfira Əliyeva da istedadlı pianoçu və gözəl pedaqoqdur.
Əliyevlər ailəsi ilə tez-tez dahi musiqiçilər əlaqə saxlayırdılar. O cümlədən də, Sabir Əliyevin ən yaxın dostları arasında olan dünyaşöhrətli violonçel ifaçısı M.Rostropoviç bu evin həmişə sevilən qonaqlarından idi. Azad Əliyev musiqinin bir çox sahələrində özünü sınamışdır. Deməliyik ki, hər bir sahə bu şəxsiyyət üçün uğurlu olmuşdur. Çünki, bu ilk növbədə fitri istedadın təzahürüylə bağlı idi. Azad Əliyev parlaq pianoçu olmuş və bir sıra müsabiqələrdə iştirak etmişdir. Elə bu səbəbdən, o vokal ifaçılarla işləyərkən onun konsertmeysterə ehtiyacı olmurdu. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi keçmiş SSRİ-nin respublikalarında konsertlərdə çıxış etmişdir. Tələbə ikən Azad müəllimin fortepiano ixtisası üzrə keçdiyi dərslərində oturardım. Maestro bir tələbəyə verdiyi əsəri izah edərkən belə, onu avaz edərək anlatması, musiqinin həssas bölmələrini dinləndirməsi bu insanın necə də musiqi vurğunu, hərtərəfli istedada malik olmasını göstərir. O, 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində “Kamera ansamblı” və “Müşayiət” sinfinin müəllimi olaraq çalışmışdır. Daha çox Azad Əliyevi dirijorluq maraqlandırırdı. Uşaqlıqdan dahi Maestro Niyazinin məşqlərinin daimi tamaşaçısı olması, “Respublika” sarayında baş səs rejissoru, pedaqoq və rəhbər kimi iş təcrübəsi toplaması, dünya musiqi ədəbiyyatı sahəsində böyük bilikləri illər sonra onun diqqətini dirijorluq sənətinə yönəldir. Xüsusi dirijorluq məktəbi keçməsə də, bu ixtisas üzrə diplomu olmasa da, o öz gücünü, məhəbbətini bütünlüklə bu sənətə həsr edir. Azad Əliyevin ömrünün sonuna qədər böyük zövq və dərin sevgi duyduğu dirijorluq interpretasiyası ona bu sənətdə bir çox nailiyyətlər, uğurlar qazandırmışdır. Bu əsərlər arasında C.Verdinin “Rekviyem”, V.A.Motsartın “Rekviyem”, L.Bernstaynın “Vessayd əhvalatı”, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyanada alman dilində quruluşunu və digərlərinin adını qeyd etmək olar.
Maestronun dirijorluq texnikası özünəməxsusluğu, həssaslığı ilə seçilirdi. O, ifa olunan əsəri bütün cismi ilə yaşayırdı. Musiqiyə dərindən bağlı olan, onu bütün qəlbi, varlığı ilə duyan Azad Əliyevin dirijorluğu onun ruhunun sanki qidası idi. O, 2006-cı ildən həyatının sonuna qədər Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 2012-ci ildə isə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Azad Əliyevin həyat yoldaşı Zemfira Əliyevanın xatirələri: “O, həm özünə, həm də orkestr ifaçılarına qarşı çox tələbkar idi. Musiqiyə, konsertlərə məsuliyyətlə yanaşmasıyla o, həm musiqiçilərə, həm də tələbələrinə nümunə olurdu. Onun istər öz orkestr üzvləri, istərsə də ilk dəfə birlikdə ifa etdiyi ifaçılar ilə ünsiyyət yaratmaq bacarığını xüsusi olaraq qeyd etmək istərdim. Dirijorla ifaçıları arasında olan münasibətlər xüsusilə zərif və həssas xarakter daşıdığına görə son dərəcə nəzakətli olmağı tələb edir. Partitura ilə bağlı zəngin biliklərindən istifadə edən, eləcə də ifa etdiyi bəstəkarın əksər əsərlərinə, hansı məktəbi təmsil etdiyinə dərindən bələd olan Maestro onun öz təvsirlərinin də “yaşamaq” hüququna malik olmasını sübut edirdi. Qeyd edim ki, orkestr üzvləri heç də, həmişə başqa ölkədən gələn dirijoru qəbul edib, ifa olunan əsəri məhz onun “gördüyü” kimi ifa edə bilmir. Bu mənada bir sıra ölkələrə qastrol səfərlərinə getməsini və müxtəlif orkestrlərlə işləməli olduğunu nəzərə alsaq, Azadın bu xüsusiyyətinin nə dərəcədə qiymətli olduğunu təsəvvür edə bilərik. Belə səfərlər arasında onun Yunanıstan, İsveç, Almaniya, Avstriya, Rusiya və daha nə qədər ölkələrdə verdiyi konsertlərinin adını çəkmək olar.” Azad Əliyev haqqında çox danışmaq olar. Onun sənəti ilə yanaşı, insani keyfiyyətləri də yüksək səviyyədə idi. Hamı onu sevir və böyük hörmət göstərirdilər. Hər il doğum günündə Maestronun tələbələri, həmkarları onun şərəfinə konsert təşkil edirlər.
Musiqi sənətinin incəliklərinə dərindən bələd olan bu insan əsl ziyalı kimi cəmiyyətdə hər zaman yüksək rəğbət qazanmışdır. Bu elmin dərinliklərinə varmaq, onun sirrlərini öyrənmək, təbii ki, hər insana nəsib olmur. Bu istedad Allah tərəfindən seçilmiş şəxsiyyətlərə bəxş olunur ki, Azad Əliyev bu simalardan idi. O, həyatını, ömrünü, sənətini sevə-sevə yaşadı. Azad Əliyevdən bizi illər ayırır. Lakin bu sənətkarı biz sonsuz ehtiramla yad edəcəyik. Çünki, Maestro öz sənəti ilə əbədiyyət qazanıb. Azad Əliyev hər zaman qəlblərdə yaşayacaq...
Aynur İsgəndərova