21 dekabr 2021 15:02
1386

Milli musiqi ənənələrini yarım əsr boyunca layiqincə davam etdirən kafedra: Bakı Musiqi Akademiyası-100

2021-ci il musiqi mədəniyyətimizdə olduqca əlamətdardır. Məhz Üzeyir bəy Hacıbəyli tərəfindən əsası 1921-ci ildə qoyulan Bakı Musiqi Akademiyasının yaranmasının bu il 100 illiyi qeyd olunur. Çox sevindiricidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ilin 26 may tarixində sərəncam imzalamış və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişdirilməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə əlaqəli tədbirlərin keçirilməsi qərarını vermişdir. Bununla əlaqəli biz də BMA-nın professor və müəllim heyəti adından dövlət başçısına öz dərin minnətdarlığımızı bildiririk.

Doğrudan da bu musiqi ocağının professor və müəllim heyəti, yetişdirdiyi yüksək ixtisaslı peşəkar kadrları ilə daim seçilir və öndə durur.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində uzun illər boyunca musiqinin müxtəlif təmayüllərini özündə əks etdirən kafedralar fəaliyyət göstərir. Bunlar içərisində “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” (indiki “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”) kafedrası xüsusilə seçilir. Həmin kafedranın yaranma tarixinə bir qədər ekskurs etmək istərdik.

1957-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında respublikanın xalq artisti, professor Səid Rüstəmovun rəhbərliyi ilə “Azərbaycan xalq musiqisi” adlı yeni kafedra fəaliyyətə başladı. Bir il sonra kafedranın rəhbərliyinə görkəmli musiqişünas, respublikanın əməkdar incəsənət xadimi, professor Məmmədsaleh İsmayılov təyin olunur.

Kafedranın tərkibində xalq musiqisinin tarixi-nəzəriyyəsi və ifaçılıq bölmələri var idi. Bu da təsadüfi deyil. Belə ki, kafedranın əsas məqsədi xalq çalğı alətlərində (xüsusilə tar, kamança) ifaçılıq sənətinin inkişafını təmin etmək, yüksək ixtisaslı ifaçı və xalq musiqisinin əsaslarını dərindən bilən musiqişünas kadrlarını yetişdirməkdir.

1971-1980-cı illər aralığında “Azərbaycan xalq musiqisi” kafedrasına görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov rəhbərlik edir. O kafedrada xalq çalğı alətləri dirijorluğu üzrə çoxlu sayda gənc ixtisasçılar yetişdirmişdir. Lakin kafedranın əhatə etdiyi elm sahələri çox geniş olduğu üçün onun bölünməsi zəruri idi. Bunun nəticəsində, 1980-cı ildə “Azərbaycan xalq musiqisi” iki müstəqil kafedraya ayrılır. Onlardan biri M.İsmayılovun rəhbərliyi ilə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, digəri isə S.Ələsgərovun rəhbərliyi ilə “Azərbaycan xalq çalğı alətləri” kafedraları adlandırılır. Kafedraların müstəqilliyi onun peşəkarlığını daha da artırmış, professor və müəllimlərin əzmlə çalışmasına səbəb olmuşdur.  

 “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında Məmmədsaleh İsmayılov, Bayram Hüseynli, Səadət Abdullayeva, Ramiz Zöhrabov, Xanlar Məlikov, Fəttah Xalıqzadə, Aydın Ziyadlı və digərləri dərs deyirdilər. Burada “Azərbaycan xalq musiqisinin əsasları”, “Xalq musiqisinin nota köçürülməsi və işlənməsi”, “Xalq çalğı alətləri və orkestrləşdirmə”, “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Xalq ifaçılıq sənətinin tarixi”, “Musiqi folkloru” və “Azərbaycan xalq musiqi nümunələrinin fortepiano üçün köçürülməsi, işlənməsi və aranjimanı” fənləri tədris olunmuş və hər fənn üçün proqramlar dərc edilmişdir.  

1971-ci ildən kafedranın nəzdində musiqişünas, sənətşünaslıq namizədi Bayram Hüseynlinin rəhbərliyi ilə xalq musiqi kabineti fəaliyyətə başlamışdır. Müxtəlif illərdə S.Seyidova, F.Xalıqzadə və S.Əliverdibəyov kabinetin müdiri olmuşlar. Kabinetin əsas məqsədi xalq musiqi nümunələrini toplamaq və onları nota köçürüb daha sonra bu sahələr üzrə tədqiqat işlərinin yazılması idi.

Məhz bunun üçün 1971-ci ildən etibarən hər il M.İsmayılov, B.Hüseynli, R.Zöhrabov, A.Ziyadlı, F.Xalıqzadə və “Musiqi tarixi” kafedrasının dosenti T.Kərimovanın rəhbərliyi ilə təhsil alan tələbələr respublikamızın müxtəlif regionlarında yerləşən 40-dan artıq rayonlarına - Naxçıvan, Qarabağ, Lənkəran, Masallı, Şəki-Zaqatala, Gəncə-Qazax, Quba-Xaçmaz zonalarına ekspedisiyalar təşkil etmişlər. Həmin ekspedisiyalarda 1500-dən artıq musiqi folklor nümunələri – xalq mahnıları, rəqslər, aşıq havaları, təsniflər, rənglər, muğam və zərbi muğamlardan ibarət fraqmentlər lentə yazılmış, onların əksəriyyəti nota köçürülmüş və kabinetin fonduna daxil edilmişdir. O da maraqlıdır ki, ekspedisiyalarda iştirak edən tələbələr təkcə azərbaycan xalq musiqisi nümunələrinin toplanılması ilə kifayətlənmir, həmçinin respublikamızda yaşayan azsaylı xalqların - rus, gürcü, kumık, ləzgi, avar, talış, udin, tat və başqalarının da musiqi folklor nümunələrini toplayır və nota köçürürdülər. 

Kafedranın yaranmasından bu günə kimi çoxlu sayda tələbələr diplom işləri, magistr dissertasiyaları yazıb müdafiə etmişlər. Həmin işlərdə Azərbaycan musiqi folklorunun, eləcə də aşıq musiqisinin, muğam sənətinin, dini musiqinin müxtəlif problemlərinin həm tarixi, həm də nəzəri – məqam, melodiya, ritm, forma və s. tədqiqi öz həllini tapır.

M.İsmayılovun rəhbərliyi ilə kafedranın əsas yaradıcılıq istiqaməti daha da zənginləşir. O, ilk növbədə Ü.Hacıbəyli ənənələrini davam etdirərək onun daha da çox inkişaf etməsinə diqqət yetirir. Biz görkəmli musiqişünasın təkcə elmi yaradıcılığına müraciət etsək bu yolun layiqli davamını görə bilərik. Onun “Azərbaycan xalq musiqisinin janrları” və “Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodiki eçerklər”i yarandığı gündən bu günə kimi musiqişünasların, musiqisevərlərin stolüstü kitablarıdır.

Həmin zamanlarda kafedranın üzvləri (B.Hüseynli, R.Zöhrabov, A.Ziyadlı, S.Seyidova, F.Xalıqzadə və s.) milli musiqimizi beynəlxalq səviyyədə inkişafına da xüsusi diqqət yetirirlər. Onlar Beynəlxalq, Ümumittifaq və respublika əhəmiyyətli simpozium və konfranslarda xalq musiqisinin aktual mövzularına aid məruzələrlə çıxışlar edib, musiqinin müxtəlif sahələri üzrə elmi məqalələr dərc etdirirdilər.

1989-cu ildən “Azərbaycan xalq musiqisinin  tarixi və nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsinə musiqişünas, sənətşünaslıq doktoru, xalq artisti, şöhrət ordenli, professor, prezident təqaüdçüsü R.Zöhrabov təyin olunur. O, 26 il (2017-ci ilə kimi) müddətində kafedra müdiri vəzifəsində çalışmışdır. Bu illər ərzində musiqişünaslar nəslinin əksəriyyəti onun tələbəsi olmuşdur. O, çoxlu sayda diplom işi və magistr dissertasiyalarını yazan tələbələri, dissertant və aspirantları yetişdirmişdir. R.Zöhrabov həmişə çalışırdı ki, kafedrada fəaliyyət göstərən hər bir müəllim daha çox elmi işlə məşğul olsun. Onun rəhbərliyi ilə müəllim və professor heyətinin xalq və şifahi ənənəli professional musiqi sahəsi üzrə problemlərin tədqiqi daha da genişlənmişdir. Gənc kadrlar bu ciddi işə cəlb olunmuş və nəticədə onların hazırlıq səviyyəsi xeyli artmış, kafedrada ixtisasçı müəllimlərin sayını 26 nəfərə qədər çoxaltmışdır. Onlar dərslik, dərs vəsaitləri, metodik tövsiyyələr, proqramlar tərtib etməklə yanaşı müxtəlif aktual mövzularda dissertasiyalar yazıb, uğurla müdafiə edirdilər. Biz xüsusilə onun rəhbərliyi dövründə bir sıra musiqişünasların, kafedra üzvlərinin namizədlik və doktorluq dissertasiyalarını müdafiə etməsini, eləcə də baş müəllim, dosent və professor elmi adlarına layiq görülməsini qeyd edə bilərik. R.Zöhrabov kafedradakı fənlərin sayını da çoxaldır. Onlar içərisində bu gün də öz fəaliyyətini davam etdirən “Muğam sənəti”, “Aşıq yaradıcılığı”, “Türk xalqlarının musiqisi”, “Yaxın Şərq xalqlarının şifahi ənənəli musiqisi”, “Etnik mədəniyyət tarixi”, “Azərbaycan xalq melodiyalarının işlənməsi və aranjimanı”, “İxtisas”, “Tədris metodikası”, “Xüsusi pedaqoji hazırlıq”, “Xalq melodiyalarının nota salınması” və s. fənləri xüsusilə qeyd etməliyik.   

2017-ci ildən bu günə kimi kafedra musiqişünas, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun başçılığı ilə öz fəaliyyətini davam etdirir. Tariyel müəllimin səyi nəticəsində kafedra “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” adı ilə əvəz olunmuşdur. Müasir dövrün tələblərini nəzərə alaraq Tariyel müəllim daim yeni innovasiyalar ilə kafedranın zənginləşməsinə çalışır. Bunun nəticəsində kafedraya bir sıra yeni fənlər - “Musiqi texnologiyalarının tarixi”, “Musiqi texnologiyalarının nəzəriyyəsi”, “Musiqi təhsili prosesində musiqi informasiya texnologiyalarının istifadəsi”, “Yaradıcılıqda yeni informasiya texnologiyaları”, “Mediya musiqi”, “Bəstəkar və komyuter aranjimanın əsasları” salınmış, hər yeni fənnə uyğun olaraq proqramlar, dərs vəsaitləri, dərsliklər tərtib edilmişdir. Bunlar içərisində “Musiqi dünyası” jurnalı “Biblioqrafiya” (tərtibçilər: Fəxriyyə Səfərəliyeva, Lalə Hacıyeva) adlı kitab 2019-cu ildə dərc olunmuş, “Azərbaycan xalq mahnıları” (müəlliflər: Cəmilə Həsənova, Leyla Zöhrabova) adlı dərslik isə artıq çapa verilmişdir. Onu da qeyd edək ki, Tariyel müəllimin səyi nəticəsində bir çox kitablar yenidən işıq üzü görür, onların hər birisinin elektron variantının da olması oxucuların bu kitablar ilə daha çox tanış olmasına köməklik göstərir.

Gördüyümüz kimi, 50 il müddətində öz rolunu və əhəmiyyətini qoruyub saxlayan kafedra bu gün də öz inkişafını davam etdirir. Biz inanırıq ki, o, öz mövcudluğunu qoruyub saxlayacaq, nəticədə kafedrada çalışan adlı-sanlı müəllimlərin qoyduqları zəngin yaradıcılıq irsi hələ uzun illər öz bəhrəsini verəcəkdir.   

Leyla Zöhrabova,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent