06 yanvar 2022 14:33
1053

Ötən il muzeyləri ziyarət edənlərin sayı açıqlanıb

Pandemiya bir çox sahələr kimi muzey ziyarətçilərinin sayına da təsirsiz ötüşməyib. Bu təsir geridə qoyduğumuz ildə də özünü göstərib. Belə ki, 2021-ci ildə geridə qalan illərə nəzərən ziyarətçi sayında azalma müşahidə olunub. Bəs görəsən ötən il Azərbaycan muzeyləri nə qədər ziyarətçi qəbul edib?

“İki sahil” xəbər verir ki, 2021-ci ildə Azərbaycan Milli Xalça Muzeyində ziyarətçi sayı 14 398 nəfər olub.

Milli Azərbaycan Tarixi Muzeyində isə il ərzində 1300 ekskursiya aparılıb və 5500 ziyarətçi qəbul edilib.

Azərbaycan İstiqlal Muzeyindən verilən məlumata görə, ötən il muzey 2585 ziyarətçi qəbul edib, 106 ekskursiya təşkil olunub.

Hərb Tarixi Muzeyində isə ötən il 115 ekskursiya təşkil edilib və muzey 2 518 ziyarətçi qəbul edib.

Milli İncəsənət Muzeyində ötən il 552 ekskursiya baş tutub və muzeyi 12 888 nəfər ziyarət edib.

“İçərişəhər” Muzey Mərkəzindən verilən məlumata görə, ötən il 147 076 nəfər “Qız Qalası”, “Şirvanşahlar Sarayı Kompleksi”, “Yeraltı Hamam”,
“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu və “Bakı Fotoqrafiya Evi”ni ziyarət edib. Bu ziyarətçilərdən 29 196 nəfəri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun payına düşür ki, onun da 1292 nəfəri xarici turist olub.

Region muzeylərinə də pandemiya təsirsiz ötüşməyib. Belə ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyindən APA-ya verilən məlumata görə, ötən il muzeydə 368 ekskursiya aparılıb və 5 462 nəfər ziyarətçi qəbul edilib. “Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi isə 758 yerli, 9 xarici ziyarətçi qəbul edib.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində göstəricilər bir qədər yüksəkdir. Belə ki, ötən il muzeyi 213 xarici, 7 040 nəfər yerli turist olmaqla ümumilikdə 7253 nəfər turist qəbul edib.

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkə muzeylərinin ziyarətçi sayı üzrə statistika nəticələri toplanır. Məlumatda həmçinin o da qeyd olunub ki, son illərdə ziyarətçi qəbuluna görə, birincilik Azərbaycan Milli Xalça Muzeyində olub.