Xidmət Rəisi: “Abidələri tarixilik və önəmlilik dərəcəsinə görə bərpa siyahısına salmağa çalışırıq”
"Regional idarələri yaratmaqda əsas məqsədimiz abidələrin mühafizəsinin həyata keçirilməsini asanlaşdırmaqdır."
“İki sahil” xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
“Çünki mərkəzi ofis bütün ölkə üzrə 6000-dən çox abidənin qorunmasına nəzarət edə bilməz. Yaxud bilavasitə Dövlət Xidmətinin cavabdeh olduğu 4400-dən çox abidənin hər birinə mühafizəçi qoyulması əlçatan deyil. Biz hazırda abidələri tarixilik və önəmlilik dərəcəsinə görə bərpa siyahısına salmağa çalışırıq".
Xidmət rəisi regional idarələrin qarşısında həmin regionlarda yerləşən abidələrə mütəxəssislər tərəfindən baxış keçirilməsi, hüquq mühafizə orqanları və yerli icra orqanları ilə işləmək kimi vəzifələrin qoyulduğunu vurğulayıb: “İlk növbədə vətəndaş olaraq biz bu abidələri qorumağa çalışmalıyıq”.
A.Cəfərli Bakı və Abşeron üzrə dağılmaqda olan abidələrə çevik şəkildə baxmaq üçün xüsusi proqramın olduğunu deyib: “Ölkə üzrə abidələrin ən çox təmərküzləsdiyi ərazi məhz, bu ərazidir. Hazırda Bakı və Abşeron üzrə 1088 abidə var. Qeyd edim ki, hər dəfə ən azı 5-7 hamamın, mədrəsə və məscidin siyahıya daxil edilməsinə çalışırıq”.