“Tarixi abidələrimizə qarşı qanunsuz müdaxilə faktları ilə bağlı məlumatlar toplanılır”.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia ediblər.
Tarixi abidələrimizə qarşı bu cür qanunsuz müdaxilə faktları ilə bağlı məlumatlar toplanılır. Qanunsuz müdaxilələrə və dağıntıya məruz qalmış tarixi abidələrin əvvəlki vəziyyətini əks etdirən sənədlər – onların pasportları, tarixi məlumatları, arxiv foto və sənədləri onların ilkin görkəminə qaytarılması baxımından xüsusi önəm daşıyır. Aparılan bərpa-konservasiya işləri həmin sənədlərə əsaslanaraq həyata keçirilməkdədir”, - məlumatda bildirilib.
Qeyd edək ki, İrəvanda keçirilən AVRONEST PA-nın komitə iclaslarında erməni deputat Azərbaycanın öz ərazisində olan erməni kilsələrində erməni dilinə aid yazıların silinməsi üçün komitə yaradıldığını iddiası ilə çıxış etmişdi.