15 mart 2022 19:11
975

Zəhmət və istedaddan doğan sətirlər

Ziyafət  Yəhya  oğlu  Əkbərovu (Ziyafət  Yəhya) bizim Lənkəranda  yaxşı  tanıyırlar. Sadə  həyat  tərzi  var. Peşəsi  taksi  sürücüsüdür.  Ziyafət  maşınına  oturan  sərnişinləri  mənzil  başına  vaxtında  və  rahat  çatdırır. Özünün  dediyi  kimi:”Sürücü  hər  bir  sərnişinin  həyatına  cavabdehdir”. Sərnişinlərin  əksəriyyəti yəqin ki,  onun  iç, poeziya  dünyasından  xəbərsizdir. Bəzən  yol  gedərkən  qəlbindən  doğan  lirik  misraları astadan  zümzümə edir.  Qəlbinin pıçıltıları  onun  şeir  ruhunun  kövrək  səsidir.

Sübhəcən  can  verdi  gözümdə  yuxu,

Ürəyim  bir  qara  sirr  daşı  oldu.

Bu  sevgi  dəfn  oldu  bəbəklərimdə,

Gözümün  qarası  başdaşı  oldu.

Ona  yol  yoldaşı  olan  sərnişin  maşının  salonunda  sanki   həzin  bir  poeziya  dünyasına  düşür.

Ziyafət  Əkbərov  gənc  yaşlarından  yazır. Gözəl  yazır. İç  dünyasından  pərvazlanan  sətirləri  bəm-bəyaz  vərəqlərə  hopdurur  və  oxucuya  ünvanlandırır. Yazdığı  şeirlərdə  hər  bir  oxucunun  özünü  tapmasına  çalışır.

Sənin  nəfəsinlə  doğuluram  mən,

Tanrıya  bu  eşqin  duası  çatmır.

Sənsiz  havam  çatmır, boğuluram  mən.

Sənsiz  bu  səhərin  havası  çatmır.

Ziyafəti  dalğın  düşüncəli, fikirli  görmək  onu  tanıyanlar  üçün  adi  bir  haldır.  Çünki  o  əsl  yaradıcı  sima, əsl  şairdir  və  zəngin  poeziya  təcrübəsinə  malikdir.  Vətəndən, sevgidən, həyatdan, təbiətdən  və  s. mövzularda  orjinal  poeziya  nümunələri  yaradır.  Bir  vaxtlar  Qarabağ  ağrılarını  da o, belə  tərənnüm  edirdi:

Ana  torpaq, gəl  dərdinə  tən  durum,

Başın  üstə  bulud  olub  hönkürüm.

Sınmadadır, daha  dözmür  qürurum,

Kirpiyimdən  içimdəki  “mən” düşür.

Və  yaxud;

Ümidləri  sığallayım  mən  necə?

Sınıb  qolum, sınıb  əlim, Xocalım.

Ağrılarla  gəlib  sənə  hər  gecə,

Qonaq  olur  xəyallarım, Xocalım.

İki  kitab  müəllifi  olan  Ziyafət  misraları  səlis  məntiq  üzərində  bənd-bənd  hörür  və  poeziya, şeiriyyət  aləmində,  daxili  dünyamızda  tərpəniş, bir  oyanış  yaradır.  Onun  poeziya  ruhu  çoxəhatəlidir.  Zəif, məntiqsiz  şeirlərlə  oxucunu  yormur. Özünəməxsus  tapıntılardan  istifadə  edir  və  oxucu  onun  sənət  dünyasına  əhsən  deyir.

Bəli, şeiriyyat  daxili  aləmin  çırpınan  harmoniyasıdır.  Onun  poeziya  təxəyyülü  bir  dənizdir.  Əruz  vəznində  yazdığı  rəngarəng  mövzulardakı  qəzəlləri  fəlsəfi  düşüncələrdən  qaynaqlanır:

Günümü  qarə  edən  gözlərinin  qarəsidir,

Gözünün  qarəsi  həm  qarə  günün  çarəsidir.

Və  yaxud,

Sinəm  beytül-həzəndir  ey  könül, qəmxanə  axtarma,

Sən  ey  viran  olan  könlüm, gedib  viranə  axtarma.

Ziyafət  həm  də  təəssübkeş  bir  vətəndaş  şairdir.  O,  dünyada  haqqın, ədalətin  bərqərar  olmasını  istəyir  və  şeirlərində  də  buna  can  atır:

Durub  gəzdim  bu  dünyanı, ədalətdən  soraq  yoxdur,

Nahaqqa  haqq  olub  dustaq, bəraətdən  soraq  yoxdur.

Bəli, Ziyafətin  şeirləri  oxucunun  qəlbinə  nüfuz  edir, duyğulu  insanlarda  həyata  baxış  yenilənir.  Poeziyanın  gücü  də  onun  yeniliyindədir.  Poeziya  tapıntılarını  hər  yazar  kəşf  edə  bilmir.  Bu  məqama  çatmaq  üçün  zəngin  istedad, yorulmaz  istək  və  zəhmət  olmalıdır.  Bax,   Ziyafət  Yəhya  bu  yolun  yolçusudur.  Onun  işıq  dolu  misraları  poeziya  kəşkəşanında  yeni  üfüqlərə  yol  açır.

Nə  yaxşı  ki, gözəl  insan  və  bu  günün  istedadlı, mükəmməl  şairlərindən  biri olan Ziyafət  Yəhya  aramızdadır.

Sehran  Yədullaoğlu,
publisist.
Lənkəran.