23 mart 2022 17:01
760

Astara həsiri

Minilliklər əvvəl  Azərbaycanda təşəkkül tapmış xalq sənəti növündən biri həsirçilikdir. Ulu babalardan bizə  yadigar qalan bu sənət hazırda Azərbaycanın cənub bölgəsinin Masallı, Astara və Lənkəran rayonlarında davam etdirilir. Bölgənin iqlim şəraiti rütubətli olduğu üçün burada həsirçiliyə  maraq böyükdür. Həsir döşəməyə sərildikdə  evin rütubətini aparır.

Astara rayonunun Kakalos kənd sakini Rüfət Rzayev uzun illərdir bu sənətlə məşğul olur.  Kiçik yaşlardan   valideynlərdən görüb götürdüyü  həsirçiliyin incəliyini Kakalos Kənd Folklor Evi nəzdində fəaliyyət göstərən Xalq tətbiqi sənəti klubunda  indi gənclərə   həvəslə öyrədir. El-obada hörmət sahibi olan  Rüfət Rzayev mənalı ömrünün 70-ci ilini yaşayır. O,  həm də Kakalos Xalq Teatrında həvəskar aktyor kimi  rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir .  Qədim xalq sənətindən söz düşəndə R. Rzayev  deyir:- Son illər demək olar ki, Astaranın çox evində həsir vardır. Həsirçilikdə istifadə olunan əsas xammal bataqlıqda bitən qarğı-qamışdır. Bir həsir naxışından,  uzunluq və enindən asılı olaraq 3-5 günə ərsəyə gəlir. Bu sənətlə məşğul olan insanlarda səbir, dözüm, ən başlıcası isə yaradıcılıq keyfiyyətlərinin  olması çox vacibdir .  Çünki həsir toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə edilir. Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar da toxunur.

Onu da bildirim ki, həsir səbətlərdə saxlanılan meyvə uzun müddət  öz keyfiyyətini itirmir. Yəni  soyuducu həddən artıq soyuq olur, meyvəni don vurur.  Həsir toxunan qamış-çubuqların içərisi boş olduğu üçün orada havanın temperaturu sabit qalır, buna görə də ərzaq və meyvə təravətini saxlaya bilir .

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü