15 aprel 2022 00:09
2883

“Dəbistan”: Azərbaycanın və İslam aləminin ilk uşaq jurnalı

Böyük maarifçi Əli İsgəndər Cəfərzadənin təşəbbüsü ilə 1906-cı il aprelin 16-da fəaliyyətə başlayan "Dəbistan"  jurnalı mətbuat aləmində yeni bir istiqamətin başlanğıcını qoydu

XX əsrin əvvəllərində Azərbaycanda genişlənən maarifçilik işi bir sıra maraqlı nəşrlərin işıq üzü görməsinə şərait yaratdı. "Dəbistan" ("Dəbistan" fars sözüdür, "ibtidai məktəb, mədrəsə" deməkdir) adlı ilk uşaq jurnalı məhz belə nəşrlərdəndir. Böyük maarifçi Əli İsgəndər Cəfərzadənin təşəbbüsü ilə 1906-cı il aprelin 16-da fəaliyyətə başlayan "Dəbistan" jurnalı mətbuat aləmində yeni bir istiqamətin başlanğıcını qoydu. Əvvəla qeyd edək ki, Ə.İ.Cəfərzadə jurnalın razılığını əldə etmək üçün çox böyük zəhmətə qatlaşmalı olmuşdu. Bakı şəhər rəisinə göndərdiyi ərizədə belə yazırdı: "Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından, biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı "Dəbistan" adlı bir jurnalı faydalı hesab edirik".

Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda nəşr olunurdu. "Dəbistan" başlığı altında - onun iki həftədə bir dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə xidmət edən jurnal idi. Jurnalın idarəxanəsi H.Z.Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur" sözləri yazılmışdı. Bu xahiş və göstərişə "Dəbistan"ın, demək olar ki, bütün yazarları əməl etmişdilər. "Dəbistan" jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərirdi. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən Firudin bəy Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan Məhəmməd Hadi də "Dəbistan"nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.

Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.

"Dəbistan" jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını da görmək mümkün idi.  Ə.İ.Cəfərzadə böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi" şeirini yazır və bu şeir "Dəbistan"ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda Sultan Məcid Qənizadənin, Həsən bəy Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu. "Dəbistan"ın ətrafına bir çox ziyalı adamların, məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevirirdi. H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli, işıqlı fikir adamlarının "Dəbistan"dakı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdı. Bütün bunlara baxmayaraq jurnalın ciddi maliyyə sıxıntıları var idi.

Məhəmməd Əmin Rəsulzadə "İrşad" qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: "Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur. İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?! Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız".

Amma iki illik fəaliyyətdən sonra "Dəbistan" jurnalı maddi problemlər üzündən bağlanmaq məcburiyyətində qalır. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, "Dəbistan"ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Mən dərin təəssüflə öz istəkli balamın - "Dəbistan"ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir".

Sabir "Dəbistan" jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:

Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!

Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Sevinc Azadi, “İki sahil”