23 aprel 2022 11:31
745

Burzubənddə səyyar-qəbul keçirilib

Burzubənd kəndi Astara rayonun dağətəyi ərazisi sayılır.  Kənd sakinlərinin  məşğuliyyəti sitrusçuluq və maldarlıq olmaqla halal zəhmətlə dolanmağın yolunu yaxşı tapıblar. Xoş güzəran naminə qurub-yaratmaqdan  zövq alır,  Vətənini, torpağını, dövlətini ürəkdən sevirlər.  Rayon icra başçısı Qəzənfər Ağayevin kənd sakinləri  ilə səyyar-qəbul görüşü də çox səmimi alındı.

Tədbirdə çıxış edən burzubəndlilər  ölkədə və rayonda əhalinin sosial rifahı naminə  görülən işlərə hədsiz sevindiyini dedilər, həyat tərzinin rahatlığına görə dövlət rəhbərinə razılıq etdilər. Görülən işlərlə bərabər bir sıra həlli vacib məsələləri də toxundular.  Belə ki, Lovayın su anbarından kəndə  su xəttinin çəkilişini tezləşdirməyi,  elektrik xətt təsərrüfatının təmiri, internet şəbəkəsini genişləndirməyi , kənddaxili məhəllə yoluna asfalt döşəməyi bildirdilər. İcra başçısı kənddə olan  problemləri aradan qaldırmaq üçün onları nəzarətə götürüb və dedi:-  Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olaraq  ötən illər ərzində ölkənin iqtisadi gücü xeyli artmış, cənab Prezidentin Sərəncamı ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası uğurla təmin edilmiş, ordu quruculuğu sahəsində böyük nailiyyətlər  qazanılıb. Həm də hər birimizi illərlə narahat edən Qarabağ problemi Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, yüksək hərbi bacarığı, ordumuzun fədakarlığı sayəsində həllini tapmışdır. Quldur, azğın düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq işğalda olan ərazilərini azad edən Azərbaycan xalqı artıq bütün dünyada qalib xalq kimi tanınır. Azad edilən torpaqlarda sürətli tikinti-quruculuq işləri aparılır.   Xalqımız böyük qayıdışa hazırlaşır.

 Xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcək.  Biz də  ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı, hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etməliyik.  Bu yolda hamınıza uğurlar arzulayıram.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər  Birliyinin üzvü