06 may 2022 22:21
1649

“Milli” statuslu Naxçıvan teatrının inkişaf mərhələləri

1922-ci ildə “dövlət” statusu alan bu günkü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel Qərarı ilə “Milli” statusu verilmişdir. Əgər xatırlasaq, XIX əsrin son onillikləri Naxçıvan ədəbi-mədəni mühitində bir sıra yeniliklərlə səciyyələnir ki, teatrın yaranması, təşəkkülü çətin, mübarizələrlə dolu bir şəraitdə gerçəkləşməsi bu qəbildəndir. Bu işlərin gerçəkləşməsində maarifçilərin, teatr cəfakeşlərinin xidmətləri danılmazdır.   

Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə seçilən yazıçı, dramaturq, publisist, tərcüməçi, teatr xadimi Eynəli bəy Sultanov 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarıyla- Məhəmməd ağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Baxşəli ağa Şahtaxtılı, Mirzə Əliməmməd Xəlilov, Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Mirzə Məmməd Zamanbəyov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları ilə əlaqə saxlayır və onları həmin cəmiyyətə cəlb edir. Cəmiyyət üzvlərinin təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk olaraq “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” yaradılır. Cəmiyyətin üzvləri Mizə Fətəli Axundovun “Müsyö-Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlayırlar və tamaşanın göstərilməsinə icazə almaq üçün İrəvan Xalq Məktəbləri inspektoru U.V.Lovalnikova 1883-cü il aprel ayının 11-də teleqram göndərirlər. Mirzə Fətəli Axundovun “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyası 1883-cü il may ayının 11-də dini xurafatın hökm sürdüyü bir zamanda tamaşaya qoyulur və həmin gün Naxçıvan teatrının təvəllüd tarixinə çevrilir. Naxçıvan şəhərində göstərilən ilk tarixi teatr tamaşası o zaman buradakı rus çinovniklərini, məmurları narahat etdiyindən Azərbaycan dilində teatr tamaşaları göstərilməsini qadağan edir.

E.Sultanov 1984-cü ildə “Tatarka” (“Azərbaycan qadını”) əsərini rus dilində yazır və həmin ilin fevralında Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü və yeniliyə can atan həvəskarların iştirakı ilə xeyriyyə məqsədilə tamaşaya qoyur. Bundan sonra 1885-ci ildə yerli müəlliflərin “Kəl döyüşü” və “Üsuli-cədid” adlı vedovilləri, 1886-cı ildə yenidən M.F.Axundovun “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyası yoxsul şagirdlərin xeyrinə oynanılır. Dram Cəmiyyəti üzvlərinin təşəbbüsü ilə yoxsul uşaqları məktəbə cəlb etmək məqsədilə 1887-ci ilin sentyabr ayının 2-də Naxçıvan şəhər məktəbinin ana dili və şəriət müəllimi Mirzə Sadıq Qulubəyovun vasitəsilə M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” komediyası oynanılır. Tamaşaya rejissorluğu Cəlil Məmmədqulqzadə  və Mirzə Əliməmməd Xəlilov, sufliyorluğu isə Mirzə Sadıq Qulubəyov edir. Bu tamaşadan sonra Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Pəri cadu”, Nəcəf bəy Vəzirovun “Müsubəti Fəxrəddin”, “Pəhlivanani zəmanə”, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan daş topuğa dəyər”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli” pyesləri də uzun illər Naxçıvan teatrının repertuarında əsas yer tutur.  

1917-ci ildə dahi sənətkar Rza Təhmasibin və mollanəsrəddinçi şair  Əliqulu Qəmküsarın rejissorluğu ilə C.Məmmədquluzadənin “Ölülər” əsəri “El güzgüsü” dram cəmiyyəti tərəfindən tamaşaya qoyulur və böyük uğur qazanır. Tamaşada Rza Təhmasib və Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları teatrın tarixinə qızılı hərflərlə yazılır. C.Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və digər pyesləri teatrın ən qiymətli tamaşalarından biri olmuş və bu gün də repertuarda yer almaqdadır. “Ölülər”, “Arşın mal alan”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” kimi tamaşaların uğuru ilk növbədə R.Təhmasibin adı ilə bağlıdır. Həmin tamaşaların rəssamı Bəhruz Kəngərli olmuşdur. R.Təhmasib və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə 12 noyabr 1917-ci ildə Naxçıvanda  Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası göstərilir. Tamaşada iştirak edən ifaçıların hamısı qız və qadınlar idi. 1912-1917-ci illərdə Naxçıvan teatrının səhnəsində “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Molla İbrahim Xəlil kimyagər”, “Hacı Qara”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəhləvanani-zəmanə”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Nadir şah”, “Ölülər”, “Qırt-qırt”, “Daşım-daşım”, “Molla Cəbi”, “Məşədi İbad”, “Ər və arvad”, “Arşın mal alan”, “Evliykən subay”, “50 yaşında cavan” və digər tamaşalar yerli dram həvəskarları və eləcə də Naxçıvana qastrola gələn Bakı və Tiflis teatrlarının aktyorları tərəfindən göstərilir.

1921-ci ilin axırlarında Naxçıvanın fövqaladə komissarı B.Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanın həvəskar qadınları tərəfindən Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası tamaşaya qoyularaq qadınlara göstərildi. Tamaşada Süsən Sultanova-Soltan bəy, Dilbər Sultanova-Gülçöhrə, Gövhər Kəngərli-Xala, Günəş Kəngərli-Əsgər, Tovuz Nəcəfova-Süleyman, Xanım Əliyeva-Vəli, Xavər xanım (Vəlibəyovun həyat yoldaşı)-Asya və Qəmər Nəcəfova (Əliqulu Qəmküsarın qızı)-Telli rollarında iştirak edirlər. Naxçıvan Xalq Komissarlar Sovetinin 21 yanvar 1922-ci il tarixi qərarı ilə Milli teatrın qanun layihəsi təsdiq edildi. Naxçıvan Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 nömrəli əmri ilə Naxçıvan ölkəsində teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi (Dövlət teatrolar direktoriyası) yaradılır. Həmin şöbəyə Həsən Səfərov (Səfərli) sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar. Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı əsasında 1923-cü ildə teatrın binası əsaslı surətdə təmir edilir və teatr Naxçıvan Dövlət Dram Teatrı adlandırılır. Həmin il teatrın repertuarına “Pəri cadu”, “Laçın yuvası”, “Pəhləvanani-zəmanə”, “Ağa Məhəmməd şah Qacar”, “Arşın mal alan”, “Məşədi İbad”, “Əlli yaşında cavan” kimi əsərlər daxil edilir. Teatrın tərkibi Həsən Səfərov, Həmid Mahmudov, Rza İsfəndiyarlı, Əyyub Abbasov, Səməd Allahverdiyev, Mirhəsən Mirişli, Heydər Məmmədov, Ə.Rzayev, R.Vəzirov, Cümşüd Zülfüqarlı, Ə.Cəfərov, Seyid Səbrı, A.Qasımov, M.Ə.Abuzərli kimi gənclərin hesabına daha da güclənir.

1920-1930-cu illərdə Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Panfila Tanailidi və İsmət xanım kimi məşhur aktyorlar Naxçıvana qastrola gəlirlər. 1923-cü ilin iyun ayında yerli aktyorların iştirakı ilə C.Cabbarlının “Aydın”, H.Cavidin “İblis”, “Şeyx Sənan”, Ü.Hacıbəyovun “Arşın mal alan”, “Məşədi İbad” əsərlərini tamaşaya qoyurlar. Naxçıvanda ilk dəfə tamaşaya qoyulan “Şeyx Sənan”da Abbas Mirzə-Şeyx Sənan, Mərziyə Davudova-Xumar, Həsən Səfərli-Dərviş, Mirhəsən Mirişli-Platon, Teymur Qasımov-Kor ərəb, Rza İsfəndiyarlı-Şeyx Kəbir, Əli Xəlilov-Serqo, İsmət xanım-Zəhra, Panfila Tanailidi-Nina rollarında oynyırlar. Qastrol günlərində göstərdiyi məzmunlu tamaşalara və eyni zamanda Naxçıvan Dövlət Dram Teatrının bərpa və inkişafına sərf etdiyi əməyə görə Abbas Mirzə Şərifzadə 19 iyul 1923-cü il tarixdə Naxçıvan Ölkə İcraiyyə Komitəsi tərəfindən qızıl qol saatı ilə mükafatlandırılır, Mərziyə xanıma və Panfila Tanailidiyə kostyumluq parça hədiyə edilir.

Naxçıvan teatrı 1920-1930-cu illərdə iki istiqamətdə-həm romantik, həm də realist səpgidə formalaşmağa başlayır. Hüseyn Cavidin və Cəfər Cabbarlının pyesləri teatra yeni ab-hava gətirir. S.Mövləvi, İ.Həmzəyev, İ.Musayev, Ə.Haqverdiyev və Z.Həmzəyevanın bir sənətkar kimi ərsəyə gəlməsində H.Cavid və C.Cabbarlının səhnə əsərlərinin böyük rolu olmuşdur. Azərbaycan Respublikasının xalq artisti Zəroş Həmzəyeva C.Cabbarlının əsərlərindəki bütün baş qadın qəhrəmanlarını: Solmaz, Almaz, Sevil, Gültəkin, Səriyyə, Sara, Sona, Yaqut, Sitarə səhnədə canlandırmışdır.  

Müqtədir sənətkar Sidqi Ruhulla 1931-1933-cü illərdə Naxçıvan teatrının direktoru və baş rejissoru vəzifəsində çalşdığı zaman uğurla tamaşaya qoyduğu “Otello”, “Qaçaqlar”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Hacı Qəmbər”, “Hacı Qara” tamaşaları özünün profesional həlli ilə diqqəti cəlb etmişdi. Yusif Yulduzun quruluşunda Mirzə İbrahimovun “Həyat” pyesinin 1937-ci ildə tamaşaya qoyulması Muxtar Respublikanın mədəni həyatından əlamətdar bir hadisəyə çevrildi. Bu uğurlu tamaşadan sonra 1939-cu ildə Həsən Əliyevin quruluşunda Səməd Vurğunun “Vaqif” mənzum pyesinin tamaşası diqqəti cəlb edirdi. İbrahim Həmzəyev, İsa Musayev, Səməd Mövləvi, Mirhəsən Mirişli, Xədicə Qazıyeva, Firuzə Əlixanova, Əyyub Haqverdiyev, Abbas Quliyev, Ruxsarə Ağayeva və Əyyub Abbasovun hər iki tamaşadakı gözəl ifaları teatrsevərlərdə xoş təsəvvür oyadırdı.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibəti ilə 1938-ci ilin martında ədibin “Hacı Qara” komediyası İsa Musayevin quruluşunda tamaşaya qoyuldu. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1938-ci il tarixli qərarı ilə Naxçıvan Dövlət Dram Teatrına Mirzə Fətəli Axundovun adı verildi.

İkinci Dünya Müharibəsi illərində teatrın repertuarında qəhrəmanlıq və vətənpərvərlik ideyalı əsərlərə üstünlük verildi. İ.Həmzəyev, İ.Musayev və S.Mövləvinin quruluşlarında tamaşaya qoyulan S.Vurğunun “Fərhad və Şirin”, R.Rzanın “Vəfa”, Z.Xəlilin “İntiqam”, M.H.Təhmasibin “Aslan yatağı”, K.Simonovun “Vətən oğlu”, V.Şekspirin “Otello”, A.Şaiqin “Vətən”, Ü.Hacıbəyovun “Arşın mal alan”... pyesləri izləyicilərdə vətənə məhəbbət, düşmənlərə nifrət hissləri aşılanmaqla, müharibə illərinin ən gözəl və yaddaqalan tamaşaları idi. Həmin tamaşalar həm də böyük bir aktyor nəslinin formalaşmasında mühüm rol oynamışdı.

Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyi münasibəti ilə (1964) teatr böyük dramaturqun adını daşımaqla Naxçıvan Dövlət Müsiqili Dram Teatrı adlandırıldı. Teatrın repertuarına dramaturqun “Anamın kitabı” əsəri daxil edilir və 1965-ci ilin dekabr ayında tamaşaya qoyulur. Həmin ilin iyul ayında teatr Bakı şəhərində geniş və tələbkeş tamaşaçı qaşısında K.Ağayevanın “Məhsəti”, H.Razinin “Odlu diyar”, C.Əmirovun “Sahil əməliyyatı” tamaşalarını müvəffəqiyyətlə nümayiş etdirir. Tamaşalar haqqında respublika mətbuatında geniş rəylər dərc olunur.

 1970-1980-cı illərdə Naxçıvan teatrının bədii həyatında ciddi dönüş yaranır. Bu, B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev kimi rejissorların quruluşlarında daha çox diqqəti cəlb edir. Repertuara daxil edilən əsərlərə nəzər salsaq bunu aydınlığı ilə görə bilərik. Anarın “Adamın adamı”, İ.Qasımovun “Nağıl başlandı...”, R.Rövşənin “Dərs”, C.Əfruzun “Qanqın böyük dalğası”, A.Makayenokun “Tribunal”, O.Bokayevin “Yetkinlər”, G.Midivaninin “Vətən namusu”, N.Dumbadzenin “Darıxma ana”, G.Xuqayevin “Arvadımın əri”, R.Kauqverin “Ağır cəza”, Ç.Aytmatov və K.Məhəmmədcanovun “Füdzi dağında qonaqlıq”... tamaşaları özünün əxlaqi-etik problemi, müasirlik duyğusu, ən başlıcası isə maraqlı rejissor təsviri və yaddaqalan aktyor oyunu ilə diqqət çəkir. Azərbaycan Respublikasının Xalq artisti, istedadlı rejissor Vaqif Əsədovun quruluşunda yunan dramaturqu Sofoklun “Elektra” tamaşası Tiflisdə keçirilən Ümumittifaq teatr festivallarının baş mükafatına layiq görüldü və tamaşa Ümumittifaq televiziyası ilə nümayiş etdirildi.

Həmin illərdə diqqəti cəlb edən mühüm cəhətlərdən biri də teatrın türk dramaturgiyasına geniş meydan verməsi oldu. Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor V.Babayev  N.Hikmət və V.Tulyakovanın “Kor padşah”, N.Hikmətin “Bayramın birinci günü”, R.N.Güntəkinin “Dodaqdan qəlbə”, O.Kamalın “Yad qızı”, T.Oflasoğlunun “Dəli İbrahim” tamaşalarına quruluş verdi. Rejissor Ə.Əsgərovun quruluşunda N.Hikmətin “Qəribə adam” və Ə.Nesinin “Ölən adam” tamaşaları da xüsusilə diqqəti cəlb etdi.   

Teatrın 100 illik yubileyi 1987-ci il iyun ayının 13-də təntənə ilə qeyd olundu. Yubiley tədbirlərində respublikanın və eləcə də ittifaqın müxtəlif sənət adamları iştirak edirdilər. Teatrın yubileyi münasıbəti ilə respublikanın müxtəlif qəzet və jurnallarında yazılar dərc edildi. “Sovet Naxçıvanı” qəzeti 13 iyun 1987-ci il tarixli nömrəsini bütünlüklə teatrın yubileyinə həsr etdi. Orada xalq şairi B.Vahabzadə, professor Ə.Şərif, xalq yazıçılarından M.İbrahimov, İ.Əfəndiyev, dramaturqlardan Anar, Ə.Yusifli, Xalq artistlərindən Ə.Haqverdiyev, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının ədəbi hissə müdiri S.Adil, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru N.Bilalov və bir çox sənət adamlarının yazıları və təbrikləri verilmişdi. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edildi. Teatrın bir sıra əməkdaşları fəxri adlara layiq görüldü.

Naxçıvan teatr tarixinə diqqət yetirərkən samballı rejissorlar nəslinin fəaliyyət göstərdiyi gözlərimiz önündə canlanır. B.Naxçıvanski, S.Ruhulla, R.Təhmasib, K.Ziya, Y.Yulduz, H.Səfərli, S.Mövləvi, H.Ağayev, İ.Həmzəyev, İ.Musayev, Ə.Hüseynov, B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev, Ə.Əsgərov, K.Quliyev, Y.Ramazanova, R.Hüseynov,T.Seyidov, H.Məmmədova maraqlı tamaşaları ilə diqqəti cəlb edirlər. Qədim sənət məbədinin tarixini araşdırarkən burada fəaliyyət göstərən böyük rəssamlar nəsli ilə rastlaşırsan. XX əsrin əvvəllərində Naxçıvan teatrında tamaşaya hazırlanan əsərlərin 1912-ci ildən ömrünün sonuna qədər səhnə tərtibatını böyük Azərbaycan boyakarı, istedadlı realist rəssam Bəhruz Kəngərli ustalıqla yaratmış, səhnəyə lazım olan dekor və pərdələr hazırlamışdı. Sonrakı illərdə A.Qazıyev, Ş.Qazıyev, Ə.Hüseynov, M.Qasımov, Y.Məmmədov, M.Seyidov, S.Qədimov, M.İsmayılov, H.Əliyev, Ə.Axundov, S.Bayramov, Ə.Səfərli teatrında ayrı-ayrı vaxtlarda quruluşçu rəssam işləmişlər. Teatrın inkişafında naxçıvanlı bəstəkarlar M.Sultanov, T.Hüseynov, Ə.Hüseynov, A.Kəngərli, S.Rəcəbli, M.Cavadov, M.Ələkbərov, R.Məmmədov, R.Mirişli, N.Məmmədov, Y.Əsgərov, Ş.Qasımov, Ə.Məmmədov, Ə.Ələkbərova, Y.Xəlilov, K.Əhmədov... tamaşaya qoyulan əsərlərə maraqlı musiqilər yazmışlar.  1929-cu ildən etibarən yerli gənc müəlliflərin: Müzəffər Nəsirli, Q.Qurbanov, Ə.Abbasquliyev, İ.Səfərli, H.İbrahimov, Ə.Yusifli, H.Razi, K.Ağayeva, H.Elsevər, M.Tarverdiyev, R.Muxtar, N.Nehrəmli, H.Arzulu, A.Qasımov, E.Həbib, Ə.Qəmbərov və digərlərinin əsərləri müxtəlif rejissorların quruluşunda səhnə həllini tapdı.

Naxçıvan teatrının Azərbaycanın müstəqilliyi illərindəki qaynar fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edəndə gözlərimiz önündə böyük bir sənət panoramı canlanır. Məhz müstəqillik illərində teatr milli dramaturgiyanın klassik nümunələrinə geniş meydan verməklə, qan yaddaşımıza, soy kökümüzə, milli şüurun formalaşmasına qayğı ilə yanaşır, azərbaycançılıq ideyasının yayılmasına, milli mənəvi dəyərlərə üstünlük verir, atılan hər bir addım yalnız milli mənafeə xidmət etdiyinin şahidi oluruq. Bütün bu müsbət keyfiyyətlər Azərbaycanda yaranmış sağlam, mənəvi iqlimin, sosial ictimai sabitliyin sayəsində meydana gəlmişdir. Bu uğurlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin apardığı prinsipial, sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir.

3 sentyabr 1991-ci il tarixdə ümummilli lider Heydər Əliyevin Muxtar Respublikanın Ali Məclisinə Sədr seçilməsi ilə Naxçıvanda bir çox sahələr kimi mədəni mühitdə də ciddi bir canlanma, dönüş yarandı. Bu qocaman sənət məbədinə rəğbət bəsləyən ulu öndər Naxçıvan teatrının da inkişafı qayğısına qalaraq münbit şəraitin təmin olunmasına çalışırdı. Məhz bunun nəticəsində Ə.Əsgərovun hazırladığı R.Səməndərin “Şəhidlər” pyesi (19 yanvar 1991) dövrün diktəsindən irəli gələn mühüm amil idi. Tamaşanın ideya mərkəzində günahsız şəhidlərimizin faciəli taleyi təsvir olunurdu. Rejissorun uğurla tamaşaya qoyduğu “Xeyir və Şər” (İslam Səfərli, 2 iyul 1991) pyesi ictimai, sosial mahiyyəti ilə fərqlənirdi. Gənc rejissor V.Əhmədovun quruluşunda “Anamın kitabı” (C.Məmmədquluzadə, 3 yanvar 1992) pyesi uğurlu səhnə həlli ilə maraq doğurdu.

Müstəqillik illərində Naxçıvan teatrında yüzdən artıq əsər (həmin tamaşalardan altmışa yaxını ilk dəfə) uğurla tamaşaya qoyulub, müsbət səhnə həllini tapıb. Məhz bu illərdə teatr milli dramaturgiyanın klassik, eləcə də dünya dramaturgiyasının nümunələrinə geniş meydan vermiş, atılan hər bir addım yalnız milli mənafeyə xidmət etmişdir. “Nadir şah” (N.Nərimanоv), “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” (N.Həsənzadə), “Dəli yığıncağı” (C.Məmmədquluzadə), “Fərhad və Şirin” (S.Vurğun), “Topal Teymur”, “Xəyyam” (H.Cavid), “Lənkəran xanının vəziri” (M.F.Aхundov), “Hökmdar və qızı” (İ.Əfəndiyеv), “Atillanın atlıları” (N.Хəzri), “Dirilən adam” (M.Cəlal), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Məhsəti” (K.Ağayеva), “Əlincə qalası” (H.Arzulu), “Sahilsiz çaylar” (E.Həbib), “Araz sahilində doğan günəş” (H.Еyvazlı), “Koroğlunun Çənlibelə qayıdışı” (A.Babayev), “Qana qan qarışdı” (Ş.Sadiq), “Qönçəbəyim nəğməsi” (M.Nəsirli), “Mirzə Fətəli” (Ş.Mehdiyev), “Kəllə” (N.Hikmət), “Mirzə Cəlil taleyi” (M.C.Cəfərov), “Ağa Məhəmməd şah Qacar” (Ə.Əmirli), “Yəhya bəy Dilqəm” (T.Həmid), “Qurtuluş dastanı” (İxtiyar), “Arılar arasında”, “Teleskop”, “Ah, Paris, Paris”, “Dəlixanadan dəli qaçıb” (E.Əfəndiyev),  “Qılınc və Qələm” (M.S.Ordubadi), “Ehsan xan Kəngərli” (X.Əliyev), “Russayağı evlənmə” (A.Çexov), “Manqurt” (Ç.Aytmatov), “Kuklalar evi” (H.İbsen), T.Cücənoğlunun “Rəngsaz” (2015) kimi əsərlər qədim sənət ocağının müstəqillik illərindəki zəngin repertuarından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2007-ci il 19 fevral tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamı  teatrlarımıza göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ölkə Prezidentinin teatr sənətinin inkişafı ilə bağlı 2009-cu il 18 may tarixli Sərəncamına əsasən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı hazırlandı. Bu proqramda Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının  inkişaf etdirilməsi, habelə teatr sənətinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdu. Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlarda xeyli sayda layihələr gerçəkləşdirildi, əhəmiyyətli işlər görüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl qayğısı sayəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası əsaslı surətdə yenidən qurularaq istifadəyə verildi. 

 Naxçıvan teatrı 125-ci mövsümündə K.Quliyеvin quruluşunda “Araz sahilində doğan günəş” (10 aprel 2008, H.Еyvazlı) və “Koroğlunun Çənlibelə qayıdışı” (10 may 2008, A.Babayev) əsərlərinə müraciət etdi. “Araz sahilində doğan günəş” əsəri mövzu aktuallığı baxımından diqqəti cəlb edir. Tamaşanın əsas qayəsi odur ki, torpaq bizə ata-baba əmanətidir. Onu qoruyub gələcək nəsillərə çatdırmaq hər kəsin vətəndaşlıq borcudur. Adil Babayevin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Koroğlunun Çənlibelə qayıdışı” əsəri Ulu öndərin anadan olduğu günündə sənətsevərlərə təqdim olundu. 

Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin yanvar ayının 31-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. Ölkə Prezidentinin, eyni zamanda Muxtar Respublika Ali Məclisi Sədrinin imzaladıqları 25 sentyabr 2008-ci il tarixli Sərəncamlarla teatrın bir sıra aktyorları Prezident təqaüdü və mükafatına layiq görüldü, fəxri adlarla təltif olundu. Bu teatra göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi idi. Teatrın 125 illik yubileyi 2008-ci ilin sentyabr ayının 27-də təntənə ilə qeyd olundu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov teatrın yubileyindəki çıxışında demişdir: “Dünya ədəbi fikrinə qüdrətli təsir göstərən ölməz mütəfəkkirlərin zəngin ənənələri ilə bağlı olan Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş mənada maarifçilik işi görmüş, cəhalət və geriliyi damğalayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir. Bu teatr bir tərəfdən ədəbi mühiti canlandırmışsa, ikinci tərəfdən istedadlı aktyor, rejissor və teatr rəssamlarının yetişməsinə səbəb olmuş, ildən-ilə təkmilləşərək imzasını Azərbaycan səhnə yaradıcılığı tarixinə əbədi həkk edə bilmişdir”.

Milli dramaturgiyamızın banisi Mirzə Fətəlinin anadan olmasının 200 illik yubileyinə respublikanın bütün teatrlarında olduğu kimi Naxçıvan teatrı da öz töhfəsini verərək dramaturqun “Xırs quldurbasan” komediyasını (2011) və böyük mütəfəkkirin həyatından bəhs edən Şəfaət Mehdiyevin “Mirzə Fətəli” dramını (2012) Xalq artisti Rövşən Hüseynov quruluşunda tamaşaya qoydu. Tamaşada görkəmli mütəfəkkirin təhsil illəri, üzləşdiyi çətinliklər, xalqın maariflənməsi yolundakı yorulmaz fəaliyyəti ön plana çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 18 yanvar 2013-cü il tarixli Sərəncamı ilə dramaturqun yubileyi muxtar respublikada geniş qeyd olundu. “Göz həkimi” pyesi ilə teatr mövsümünü aprelin 2-də açdı.  

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Sərəncam imzaladı. Həmin Sərəncamın işığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü ili Muxtariyyət ili elan etdi. Muxtariyyət ilinin ilk günlərində fevralın 18-də ilk dəfə yazıçı-dramaturq Ə.Əmirlinin “Ağa Məhəmməd şah Qacar” tarixi dramı səhnəyə qoyuldu.

Naxçıvan teatrı əvvəlki dönəmlərdə ancaq respublikanın rayonlarında və eləcə də qonşu respublikalarda qastrolda olmuşdusa, müstəqillik illərində Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında dəfələrlə qastrolda olmuş, Azərbaycan mədəniyyətini, incəsənətini geniş şəkildə tərənnüm və təbliğ etmişdir.

Naxçıvan teatrı fəaliyyəti boyu qabaqcıl ideyaların carçısı olmuş, milli dirçəliş və azadlıq uğrunda mübarizə aparmış, ictimai geriliyi və cəhaləti qamçılamış, repertuarını daim zənginləşdirərək respublikanın görkəmli sənət ocaqları sırasında özünəməxsus yer tutmuş, yaradıcılıq uğurları ilə fərqlənmişdir. Bütun bunları nəzərə alan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixi Qərarı ilə Naxçıvan teatrına “Milli” statusu verdiyinə görə Naxçıvan ziyalıları adından dövlətimizə minnətdarlığımızı bildirir, teatrın kollektivinə isə yeni-yeni uğurlar arzulayırıq.

Əli Qəhrəmanov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent