10 may 2022 16:45
781

“Burdan min atlı keçdi” əsərində erməni şovinizminin bədii əksi

Aprel ayının 19-da C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsrinin yeni quruluşda və yeni heyətdə premyerası keçirildi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olununan tamaşanın quruluşçu rejissoru, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov idi.  Əsər ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (2 dekabr 2014-cü ildə) və Azərbaycan Dövlət Musiqili Teatrının (8 dekabr 2014-ci ildə) səhnələrində tamaşaya qoyulmuşdur. İki hissəli xronoloji tarixi dram olan əsərin müəllifi Hidayət Orucov Azərbaycan ədəbiyyatında yaratdığı əsərlərlə yanaşı, Vətəninə, dövlətinə layiqli xidmət edən ziyalılarımızdandır. Onun əsərlərinin tamaşaçı tərəfindən daima rəğbətlə qarşılanmasının əsl səbəbi, dramaturgiyasının həqiqi hadisələrə söykənməsi, süjet xəttinin sadəliyi və insan faktorunun zənginliyidir. Əsərdə baş verən hadisələrin birbaşa şahidi olan dramaturq, erməni şovinistlərinin zaman məfhumunu dəyərləndirərək, azərbaycanlılara və bütövlükdə türklərə qarşı apardıqları iyrənc siyasi “mübarizə”sini əks etdirir. Əsərin ilk səhifəsinin Hidayətin “Bu kitaba yenidən qayıtmaq məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası – 18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti yalnız həqiqəti (!) çatdırmaqdır. Olduğu kimi, mənim dərk etdiyim qədər!” fikri ilə başlaması müəllifin tarixi hadisələrdə hər şeyi olduğu kimi, səmimi və faktlara əsaslanaraq yanaşmasının təzahürüdür. Müəllif əsərin baş leytmotivini “Biz o yerlərə qayıdacağıq” kimi göstərməklə, bu günün çox da uzaqda olmadığını duyur və hisslərinin onu yanıltmadığına inanaraq bir daha oxucununun rəğbətini qazanır.
       Müəllif əsər vasitəsilə qərbi azərbaycanlıların etnik təmizlənmə siyasətinin qurbanları olduğunu göz önündə canlandırır, o zaman üçün mümkünsüz olan bu çətin yolda, ulu öndər Heydər Əliyevin şəxsində əzmkarlıq mücəssiməsi  yaradır.  Dahi şəxsiyyətin  erməni millətçilərinə qarşı barışmaz mövqeyini göz önünə gətirir. Səhnəni bəzəyən qədim İrəvan torpaqlarının xəritəsi fonunda, hadisələrin cərəyan etdiyi illərin (1968-ci ildən, bu günümuzə qədər) nə qədər çətin və gərgin olduğu tamaşaçıların diqqətini cəlb edir. Əsərin mövzusu tarix boyu dədə-baba yurdlarında yaşamış azərbaycanlıların, ermənilər tərəfindən hər sahədə sıxışdırılmasından, şərlənməsindən, çəkdikləri əziyyətlər və apardıqları cəsarətli mübarizəsindən bəhs edir. Birinci hissədə tamaşa müəllifin obrazını yaradan gənc bir azərbaycanlının İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunması ilə başlayır. Onunla ilk həmsöhbət olan Ermənistan KP MK-NIN katibi Robert  Xaçaturyan adlı millətçi erməni dilini bilib-bilmədiyini soruşur, ona “Unutma, sənin fəaliyyətinə nəzarət olacaq” deyə xəbərdarlıq edir. Lakin nə bu cür “xəbərdarlıqlar”, nə də onun yolunda yaranan süni maneələr gənc direktoru yolundan döndərə bilmir, əksinə dah əzmlə, daha şücaətlə işləməyə ruhlandırır. Dramaturqun bu səhnədə “incə ştrix”lərlə Xaçaturyanın katibə qıza “Asmik can, türkün qəlbini elə ələ alırsan ki, nəzarətimizdən çıxmasın” vurğuladığı cümlə hər zaman aktuallığını qoruyur.
 Səhnəni Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın narahatlığı və Heydər Əliyevlə telefon danışığı əvəz edir. Heydər Əliyev “Bizim ellər yerindəmi” sualını verməklə onun “kürkünə birə salır”. Koçinyan Əliyevi Yerevana, Dilicana dəvət etsə də, o bununla razılaşmır, Dilican qədim Azərbaycan torpağıdır və Qazax sərhədində görüşməyi təklif edərək, Səməd Vurğunun “Dilcan dərəsi” şeirindən bir misra deyir. Dramaturq Ermənistanın birinci katibinin dili ilə “köhnə birinci katiblə razılaşmalarımız var, ürəyimə damıb ki, çox qəliz adamdır” ifadəsini işlətməklə bir daha ulu öndərin bədxahlara qarşı qətiyyətli, iradəli və sərt mövqeyini açıqlayır.
       Pərdə arxasından dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettosundan  Azərbaycan teatrının aktyorlarının ifasında bir parça canlanır. Bu zaman kollegiya iclası çağıran Ermənistan Mədəniyyət Naziri əsəbi şəkildə erməni teatr direktorlarını acılayır, onları dövlət planını yerinə yetirməyərək, uğurlu qastrol səfərləri etmədikləri üçün günahlandırır. Direktorları Azərbaycan Teatrına baxmağa, onlardan öyrənməyə dəvət edir. İclasda İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru  teatrlarının maddi bazasının zəif və binalarının olmamasını nazirin diqqətinə çatdırır. Nazirə gələn zəngdə yenidən  “Arşin mal alan”a bilet sifariş olunur.
 Gənc direktor əsassız olaraq şəhər partiya komitəsinə çağrılır. Birinci katib onun yazdıqlarını oxuyub “cəfəngiyyat” adlandırır, Azərbaycan şairlərinin mövqeyinin güclənməsinin səbəbini doğru olaraq, Heydər Əliyevin hakimiyyətə gəlişində axtarır. Ədibin şeirlərində böyük sərkərdə Babəkin adı çəkilməsi onu hiddətləndirir. “Babək 50 min erməni öldürüb” deyərək üzr istəməsini  tələb edir. Ədib “ermənilər 1000 ildir qırılır bitmir” deyərək səhnəni alqışlarla tərk edir.
Qazax sərhədi. Heydər Əliyev və Anton  Koçinyan görüş səhnəsi. Koçinyan vəd olunmuş torpaqların tezliklə Ermənistana verilməsini xahiş edir. Ulu öndər “Bunun nə hüquqi, nə də məntiqi əsası var” deyərək Dilicanın da qədim Azərbaycan torpağı oldugunu qeyd edir. Heydər Əliyev siyasi büronun qərarını əsas tutan katibi daha kəskin ifadələrlə susmağa məcbur edir. “Anton, millətçiliyin, şovinizmin kökünü kəsməlisən! Ancaq unutma ki, Azərbaycan öz torpaqlarından bir qarış da heç kəsə verməyəcək!”
 Tamaşanın ikinci hissəsində erməni mayor Şaxmazasyan hüquq-mühafizə orqanlarında çalışan  baş leytnant Lətif Nəsibov adlı gənc bir azərbaycanlını ləkələyərək onu rüşvətxorluqda günahlandırır. Şaxnazaryan Əliqulu adlı bir azərbaycanlının anasına hədə-qorxu gələrək, onu Lətif Səfərova rüşvət verdiyini yazmağı tələb edir. Lakin ana bunu etməyəcəyini qətiyyətlə bildirir. Şöbədə baş verən hadisələrdə yenə erməni xisləti, yenə erməni böhtanı məğlub olur. 
 SSRİ tarixində dərin izlər buraxmış əsas siyasi fiqurlardan olan Sov. İKP MK katibi Suslov ilə Anton Koçinyanın və Heydər Əliyevin görüş səhnəsi aktyorlar tərəfindən tamaşaçıya daha gözəl çalarlarla təqdim olunur. Suslov, Koçinyanın Qarabağ iddiasına “məğər Qarabağ Azərbaycan torpaqları deyil?” cavabını verərək onu otağından qovur. Bütün bunların əksi olaraq böyük rəğbətlə Heydər Əliyevi qarşılayaraq onun işgüzarlığına yüksək qiymət verir. Heydər Əliyev gəlişinin səbəbini Sovet hakimiyyətinin qurulmasının 50 illiyi münasibətilə hər iki xalqın iştirakı ilə Xankəndində tədbir keçirilməsini təklif edərək, Suslovu həmin tədbirə dəvət edir. Aralarında keçən söhbət səmimi  sonluqla bitir. 
Səhnədə erməni teatrının direktorunun otağında çaxnaşma canlanır. Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin olunduğunu eşidən erməni şovinistləri etirazlarını “ənənəvi” üsullardan istifadə etməklə bildirirlər. Onlar bu “ağır xəbər”in qisası kimi daşnaksutyun partiyasının Heydər Əliyevi aradan götürməsini və Moskvada ixtişaşlar planlayırlar. Yalan və böhtanlarla dolu məktubları təkcə Yerevandan deyil, Bakıdan da Kremilə yola salırlar. Siyasi büronun üzvü Liqaçovun qəbuluna çağrılan ulu öndər qətiyyətlə dediklərindən dönmür, bütün söhbətlərin Qarabağ ərazisinin qəsb etmək məqsədilə aparıldığını qeyd edərək, Ermənilərin Qarabağa İran və Türkiyə ərazilərindən köçürülməsini deyir. Əlində tutduğu Qarabağ tarixi ilə bağlı həmin kitabın müəllifinin rus tarixçisi olduğunu vurğulayır.  
        Artıq Ermənistanın hər yerində ixtişaşlar, kütləvi etirazlar səngimək bilmir. Minlərlə azərbaycanlı ailələr öz qədim torpaqlarından qovulur, vəhşicəsinə evləri yandırılır, özləri qətlə yetirilirdilər. Komendant saatı tətbiq edilsə də bu qaniçən varlıqların ruhunda olan şeytani xislət susmurdu. Səhnədə həmin mitinqlərin Bakıda da eyni ahənglə  olduğu canlanır. Azərbaycan MK-nin birinci katibi Kamran Bağırov, şöbə müdiri, nazirlər və başqa məsul işçilər də müşahidə edirdilər. Xankəndində göz açan ananın fəryadını, böyük ustalıqla oxucusuna çatdıran dramaturqun əməyini, yüksək məharətlə tamaşaçıya təqdim edən aktrisanın ifasında görmək çox təsirli səhnə idi. K.Bağırovun qəbulunda olan ana ona, mən 50 ildir tarix müəllimiyəm, bura Pənahəli xanın yurdudur, deyib sonda “hardasan, ay Heydər Əliyev, hardasan?” deyərək səhnəni tamaşaçıların alqışları müşayəti ilə tərk edir. 
Ədibin erməni yazıçısı ilə görüşündə erməni həmkarı hadisələrin daha da pis olacağna və bundan da heç kəsə xeyir gəlməyəcəyini vurğulayır. Yenə səhnədə mitinq səsləri ucalır, fonda K.Bağırovun Vilayət Partiya Komitəsi Bürosu Boris Kevorkovun tutduğu vəzifədən azad edilməsini və 1-ci katib vəzifəsinə  Poqosyanın təyin olunduğu səsi eşidilir. Ədibin bütün hadisələri dərin narahatlıqla izləməsi bütün tamaşa boyu diqqəti cəlb edir. Səhnədə fonoqram səsi eşidilir. Heydər Əliyevin Kamran Bağırova məsləhətləri və əsas Qarabağ məsələsini diqqətdə saxlamağı tovsiyyəsi birlikdə əzəmətli səsi eşidilir:  Azərbaycan xalqı heç vaxt yad torpağlara göz dikməmişdir ancağ tarix boyu torpağlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfinnən işğal olunmuşdur. Xalqımız işğal olunmuş torpağlarımızı özünə qaytaracağ ərazi bütövlüyünü mütləq bərpa edəcək!
Tamaşanın sonluğu daha möhtəşəm edən Ali Baş Komandanın tarxi səs yazısı olur. Zəfər qələbəsini xalqına çatdıran Prezident İlham Əliyevin kədər dolu sevincli səsi səhnəni öz ağuşuna alır: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan! Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 

Əsər boyu erməni şovinistlərinin bütün pis niyyətlərini yüksək təmkin və səbrlə müşayət edən “Heydər Əliyev” həmişə onlar üçün sinəsini el yolunda sipər edən böyük sərkərdə idi. Bir çox məqamlarda, məhz bu dahi şəxsiyyətin onların ürəyində kök saldığı “qorxu” toxumu onları məkrli planlarını alt-üst edirdi. Ulu öndər obrazını böyük ustalıqla canlandıran Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bunun necə məsuliyyətli bir vəzifə olduğunu, bu baxımdan, obrazın bütün incəliklərinə (səs oxşarlığı, duruşu, bədən hərəkətləri, addımları, səlist danışığı, gülüşü, baxışı) ustalıqla yiyələndiyini böyük məharətlə təqdim edir. Tamaşaçı aktyorun yaratdığı,  hər dəfə səhnəni xoş aura ilə bəzəyən bu obrazı nə qədər dəqiqliklə, sevgi ilə əhatə etdiyinin fərqinə vararaq, onu alqışlarla səhnədən yola salırdı. Əsas rolları canlandıran Natiq Həziyev, Nazir Rüstəmov, Məzahir Süleymanov, Əmrulla Nurullayev, Bəhruz Hikmətoğlu, Səmayə Nəbiyevanın  timsalında bütün yaradıcı şəxslərə, səhnə fədailərinə tamaşaçılar adından təşəkkür edərək yeni tamaşalar görmək arzusu ilə, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik mövsümü munasibətilə kollektivi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik.

Əsmər Hüseynova, 
AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Ədəbi tənqid şöbəsi, elmi işçi,
esmer74.17@mail.ru