KÖŞƏ

Zahid Rza

Qarabağda həyat bulaq kimi qaynayır…

12 may 2022 23:35
1584

İyirmi səkkiz il davam edən işğaldan qurtulan Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma işləri bir an belə səngimir. Uzun illər davam edən Ermənistan işğalı zamanı tamamilə dağıdılmış infrastruktur obyektləri, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr yenidən bərpa olunur, yollar çəkilir, emal və infrastruktur müəssisələri inşa edilir.

Mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmələri bunun əyani təsdiqidir. Müasir standartlara cavab verən bu tibb müəssisəsində əsasən üç bölmənin-inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək. Gələcəkdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin də tikintisi nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası (hər növbədə 4 briqada olmaqla), Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası da inşa ediləcək.

Prezidentin Qarabağa bu dəfəki səfəri zamanı Füzuli şəhərində inşa olunacaq və ərazisi 3,2 hektar sahəni əhatə edəcək Peşə Liseyinin təməli qoyulub. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.

Böyük sevinc hissi ilə deyə bilərik ki, bu gün Şuşa özünün dirçəliş dövrünü yaşayır.  İşğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinə başlanılan Şuşa qısa zamanda simasını tamamilə dəyişib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Şuşaya növbəti səfərləri çərçivəsində dövlət başçısının “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salması bunun əyani təsdiqidir.

Bu gün Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa edilir. Hazırda Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri üçün görülən tədbirlər bunun bariz nümunəsədir.  Şuşada, həmçinin Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılır. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksinə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Bundan başqa, şəhərdə məşhur tarzən, bəstəkar Sadıqcanın vaxtilə yaşadığı, Şuşaya xas memarlıq üslubunda inşa olunan evin bərpası işlərini də Heydər Əliyev Fondu həyata keçirəcək.

Qarabağın tacı olan Şuşanın turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Bu mənada “Shusha Boutique Hotel”in inşası xüsusilə diqqətçəkəndir. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.

Təbii ki, bütün bunlar işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciətində bildirib ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır: “Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz-bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.