20 may 2022 15:41
760

Məzahir Əfəndiyev müəllim və şagird kollektivləri ilə görüşüb - FOTO

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay şəhər 9 saylı tam orta və Ağdaş rayon Şordəhnə kənd ümumi orta məktəblərində müəllim və şagird kollektivi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşlərdə ilk növbədə İkinci Qarabağ – Vətən Müharibəsi zamanı şücaət göstərən igid övladlarımız, şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film şagird və müəllim kollektivinə nümayiş olundu.

Sonra görüş iştirakçıları ilə söhbət aparan millət vəkili təhsillə bağlı bir sıra məsələlərə toxundu.

Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən birinin də təhsil sektoru olduğunu vurğulayan deputat pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Habelə postpandemiya və postmüharibə dövründə müəllimlərin də bu prosesə fəal qoşularaq gənc nəslə milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.

Daha sonra M.Əfəndiyev məktəblərdə tədris prosesi və təhsil müəssisələrinin şəraiti ilə yaxından tanış oldu, həmçinin pedaqoji kollektiv tərəfindən məktəblə bağlı səsləndirilən təklifləri müzakirə etdi.

Sonda məktəblərin pedaqoji kollektiv və şagirdləri bu təşəbbüsü və görüşə görə millət vəkilinə minnətdarlıqlarını bildirdilər.