Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığında seminarlar davam etməkdədir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 16 Azərbaycan universitetindən 3 rektor və digər rəhbər şəxslərin iştirak etdiyi tədbirdə daha bir məhsuldar görüş keçirilib.

Belə ki, Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinel “Sərhədsiz universitetlər – 2030 gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. M. Steinel çıxışında öncəliklə Avropa Universitetlər Birliyinin yaranması və fəaliyyətləri haqqında ətraflı məlumat verib. Daha sonra o, gələcək dövr üçün Universitetlərin qarşısında duran mühüm çağırışlar və trendlər barədə seminar iştirakçılarına faydalı məlumatlar təqdim edib. M. Steinel həmçinin növbəti 10 illikdə ali təhsil müəssisələrinin fəaliyyətlərində dayanıqlılıq, avtonomluq, transmillilik, transformativlik, şəffaflıq kimi prinsiplərin nəzərə alınmasının zəruriliyini xüsusilə vurğulayıb. O, eyni zamanda qeyd edib ki, öyrənmə və tədris, tədqiqat, innovasiya və mədəniyyət missiyalarının unikal birləşməsi və onların səmərəli şəkildə qarşılıqlı əlaqəsi 2030-cu il üçün Avropa universitetlərinin əsas xüsusiyyəti olacaq.
Təqdimatın yekununda M. Steinel universitetlər üçün müvəffəqiyyət amilləri və fəaliyyətə başlamaq üçün zəruri hesab edilən prioritetlər barədə fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Çıxışdan sonra mözvu ətrafında geniş və məhsuladar müzakirələr aparılıb.