25 may 2022 16:10
802

Ağdaşda Müstəqillik Günü münasibətilə tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı rayonun Qarağan-Şıxlar kəndində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda tədbir keçirib. Tədbirdən öncə Qarağan-Şıxlar kəndindən olan şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının banisi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirələrinin bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbiri giriş sözü ilə açan  Qarağan-Şıxlar kənd ərazi partiya təşkilatının sədri İsa Seyidov dövlətimizin müstəqillik tarixindən danışıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, müstəqilliyin ilk illərində xalqımızın naşı rəhbərlər üzündən üzləşdiyi məhrumiyyətlərdən söz açıb. Ulu öndər Heydər Əliyev olmasaydı ölkəmizi və xalqımızı parçalanmaq təhlükəsi gözləyirdi. Dahi şəxsiyyət Heydər Əliyev ölkədə sabitlik yaratdı, gündəlik həyatı öz axarına qaytardı və Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Müstəqil Azərbaycan dövləti inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla həyata keçirən Prezident cənab İlham Əliyev Azərbaycanın davamlı inkişafını təmin edərək ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirdi. Anar Şahmuradov Prezident cənab İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən siyasətinə diqqət çəkərək müstəqil Azərbaycanın qazandığı uğurlardan bəhs etdi.

Yeni Azərbaycan Partiyasının məsul əməkdaşı Emil Əzizov tədbirdə çıxış edərək müstəqil Azərbaycan dövlətinin dünyada yüksək nüfuz sahibi olduğunu qeyd etdi. Bu gün Azərbaycan dünyanın güclü dövlətlərindən biridir və ölkəmizlə bütün dövlətlər hesablaşırlar.

Tədbirdə çıxış edən partiya fəallarından Məlahət Həsənova və Natiq İbrahimov müstəqil Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mövcud olduğunu bildirdilər. O da qeyd edildi ki, ölkəmiz cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində artıq güclü dövlətə çevrilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu dövləti qoruyub saxlamaq üçün isə Yeni Azərbaycan Partiyasının sıralarında cənab İlham Əliyevin ətrafında birləşmək hər bir vətəndaş üçün ümdə vəzifə olmalıdır.

Orxan Vahidoğlu, "İki sahil"