26 may 2022 12:15
1233

“Leykemiya ilə mübarizə ayı” layihəsinə start verilib FOTO

“Davam” Səhiyyə Klubunun təşəbbüsü, “Davam” Gənclər Hərəkatı və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə “Leykemiya ilə mübarizə ayı” adlı layihəyə start verilib.

Layihə çərçivəsində ATU-nun Tədris-Terapevtik Klinikasında “Leykemiya günümüzdə” adlı konfrans keçirilib.

Konfransda ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, tibb elmləri doktoru, professor Surxay Musayev, klinikanın Hematologiya şöbəsinin müdiri Şəhla Şabanova, Davamlı İnkişaf Xidmətinin direktoru Aygün Hüseynova, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlar və universitetin tələbələri iştirak ediblər.

Əvvəlcə konfransın moderatoru, Davamlı İnkişaf Xidmətinin direktoru Aygün Hüseynova tədbirin gedişatı və “Leykemiya ilə mübarizə ayı” layihəsi haqqında ətraflı məlumat verib.

Sonra konfransda ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, tibb elmləri doktoru, professor Surxay Musayev çıxış edərək rəhbərlik etdiyi səhiyyə ocağının yaranma tarixindən və fəaliyyətindən danışıb. Tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulayan S.Musayev “Leykemiya ilə mübarizə ayı” çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. O, hazırda ölkəmizdə leykemiyadan əziyyət çəkən insanların müalicəsinin mümkün olduğunu, bunun üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova çıxış edərək layihənin böyük əhəmiyyət daşıdığını, belə maarifləndirici tədbirlərin davamlı keçiriləcəyini bildirib.

ATU-nun Tədris-Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri Şəhla Şabanova çıxışında leykemiya xəstəliyinin yaranma səbəbləri, yoluxma halları və müalicə metodları haqqında ətraflı məlumat verib.

Daha sonra leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri, həmçinin “Davam” Səhiyyə Klubunun rəhbəri Zərifə Zaxarova çıxış edərək lahiyənin əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, dövlətimiz tərəfindən leykemiya xəstələrinin müalicəsi üçün hər cür şərait yaradılıb. Bunun üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Cavid Əkbərov, “İki sahil”