26 may 2022 14:46
945

Yeni əsrin güclü lideri- cənab İlham Əliyev/FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni əsrin güclü lideri-cənab İlham Əliyev” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, GİKM-ın Yevlax nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlardan söhbət açaraq,həmin uğurlu siyasətin bariz nümunələrindən olan və Böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən geniş bəhs edib, dövlət başçısının yüksək Sərkərdəlik və əsl Liderlik keyfiyyətləri ilə öz ata vəsiyyətini layiqincə yerinə yetirməsindən, eyni zamanda dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Prezident İlham Əliyev yeni əsrin lideri olaraq, Azərbaycanı inamla irəli aparır: “Dövlət başçısının hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.” Doğma Partiyamızın Sədri cənab İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in, AŞPA-nın kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb etdiyini, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruduğunu, müstəqil daxili və xarici siyasət yürütdüyünü bildirən yerli təşkilatın sədri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən geniş bəhs edib.

Sonra tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə əməkdaşı Fərid Vaqifli bildirib ki, 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyev Azərbaycanın parlaq perspektivi ilə bağlı ideyalarını, planlarını reallaşdırmağa başladı. YAP Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, hər zaman amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq olmuşdur.

Daha sonra tədbir iştirakçıları mərkəzində Azərbaycanın maraqlarının və insan faktorunun dayandığı müdrik siyasət ətrafında fikir mübadiləsi aparıblar.