26 may 2022 15:57
907

Deputat müəllim və şagird kollektivləri ilə bir sıra görüşlər keçirib - FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay şəhər 8 saylı, eyni zamanda  Ağdaş rayon Qulbəndə və Qarağan Şıxlar kənd ümumi orta məktəblərində müəllim və şagird kollektivi ilə bir sıra görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, görüşlərdə ilk növbədə İkinci Qarabağ – Vətən Müharibəsi zamanı şücaət göstərən igid övladlarımız, şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film şagird və müəllim kollektivinə nümayiş olunub.

Sonra millət vəkili görüşlər çərçivəsində məktəblərdə pedaqoji və şagird kollektivi ilə müxtəlif istiqamətləri əhatə edən mövzular ətrafında fikir mübadiləsi apararaq təhsilin keyfiyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.

Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən birinin də təhsil sektoru olduğunu vurğulayan deputat pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd edib. Habelə postpandemiya və postmüharibə dövründə müəllimlərin də bu prosesə fəal qoşularaq gənc nəslə milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulanıb.

Daha sonra M.Əfəndiyev məktəblərdə tədris prosesi və təhsil müəssisələrinin şəraiti ilə yaxından tanış olaraq pedaqoji kollektiv tərəfindən məktəblə bağlı səsləndirilən təklifləri müzakirə edib.

Sonda görüş iştirakçıları millət vəkilinə sənədli filmin hazırlanmasında göstərilən təşəbbüsə görə öz minnətdarlıqlarını bildiriblər.