Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq “Milli Qurtuluş Günü” günü ilə əlaqədar “Xalqımızın xilaskarı” devizi altında Göyəçöl ərazi partiya təşkilatında “Qurtuluşa gedən yol” mövzusunda fəallarla görüş keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin, eləcədə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Göyəçöl ərazi partiya təşkilatının sədri Afərin Şükürov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermişdir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik etmiş və bildirmişdir ki, tarixi faktlar sübut edir ki, hər bir qəhrəman, dövlət xadimi öz xalqının təcəssümü, gedənlərlə yeni gələnlər arasında sınaq xəttidir. Siyasi fəaliyyəti dövründə iki dəfə ”Azərbaycan iri addımlarla irəliləyir” şüarının zərb-məsələyə çevrildiyi 1969-1982-ci illərdə və 1993-2003-cü dövrü əhatə edən müddətdə Azərbaycan xalqına əsl lider kimi bələdçilik etmiş ulu öndər Heydər Əliyev birinci müddətdə sovet Azərbaycanına, ikinci müddətdə isə canından artıq sevdiyi müstəqil respublikamıza başçılıq etmişdir. Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. Cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik ümummilli lider Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini və aqrar sahəni inkişaf etdirərək, liderliyə xas olan səbr, dözüm və qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi.
Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki, ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib, deyərdim ki, yeni, müstəqil dövlətçiliyimizin bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir. Bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq. Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük lider Heydər Əliyev idi.
Keçən əsrin sonlarına doğru Azərbaycanda gedən siyasi proseslərə diqqət çəkən Seyfəddin Əliyev deyib: “XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan xalqı qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkəmizin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin “mənəm-mənəm”liyi, şəxsi ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlərdən idi. Azərbaycanda hakimiyyət böhranı getdikcə dərinləşdi və 1993-cü ilin iyununda son həddinə çatdı, xaos və anarxiya respublikanı tamamilə bürüdü. Vətəndaş müharibəsi təhlükəsi yüksəldi, qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhdid etməyə başladı, xalqımızın milli mənafeləri birbaşa hədəfə alındı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yaddaşlara həkk olundu. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə kiçik liderlik xüsusiyyətlərinə belə malik olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa imkanı yox, xalq arasında heç bir hörmətə, nüfuza malik olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, Bakıya dönərək Azərbaycan Parlamentinin Sədri seçildiyi gün – 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə, qeyd etdiyim kimi, qızıl hərflərlə yazıldı. Çünki xalqımız bu tarixi yazmasaydı, nə Azərbaycan, nə də onun müstəqil dövləti olmayacaqdı. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə Qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu böyük şəxsiyyətin yolu ilə gedərək əldə edilmiş nailiyyətləri, möhtəşəm Qələbəni, ölkəmizin ərazi bütövlüyünü, suverenliyimizi, iqtisadi yüksəlişimizi bizə bəxş etdi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu və Azərbaycanın sabitlik və inkişafla səciyyələnən Qurtuluş tarixi başladı. Ümummilli liderin 1969-cu ildə ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlməsi tarixdə Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə Qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Böyük Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, baş qaldırmış separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə nəzərdə tutulmuş dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit, rahat, təhlükəsiz həyat tərzi yaşamağa başladı. Əlbəttə ki, bu fəaliyyətin kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Böyük liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki vətənimizdə yaşayan azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, həmçinin dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi, onları səfərbər etdi.
Sonra partiya fəallarından Şəbnəm Fərzullayeva, Əsmər Əzimzadə və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.